Yeni ili restoranlarda qarşılamaq istəyənlər- Araşdırma

1075

Qiymətlər bir nəfər üçün 50 manatdan başlayıb 600 manatadək bahalaşır

Yeni ilin gəlməsinə sayılı günlər qalıb. Artıq paytaxt sakinləri bayramı necə, harda keçirəcəkləri barədə düşünürlər. Təbii ki, hərə öz büdcəsinə görə hərəkət edəcək. Kimisi Yeni ili evində, kimisi də restoranda qeyd etməli olacaq. Amma restoranda Yeni ili qeyd etmək istəyənlər xeyli pul xərcləməli olacaqlar. Çünki həmin gün adi restoranlarda menyuda 10-25 faiz bahalaşma olacaq. Yəni menyular ənənəvi günlərdən fərqli olaraq daha yüksək qiymətlərə təklif ediləcək. Menyudan əlavə isə bu tip restoranlarda Yeni il proqramı da təşkil ediləcək. Yeni il proqramı təklif edən bir sıra restoranla müştəri kimi əlaqə saxlayıb qiymətləri və proqrama nələrin daxil olduğunu öyrəndik.

Qiymətlər səhnəyə yaxınlığa görə dəyişir
Qeyd edək ki, restoranların əksəriyyətində eyni zalda bir neçə qiymət təklif edilir. Qiymət arasındakı fərqin səbəbi müştərinin səhnəyə yaxın olması ilə əlaqədardır. Belə ki, şou-proqramı daha yaxından izləmək istəyənlər daha çox pul xərcləməlidirlər.

Yeni il gecəsi “Oazis” restoranında biletin qiyməti 100-150 manat arasında dəyişir. Menyuda “soyuq” yeməklərdən tutmuş isti yeməklərə qədər hər şey, eyni zamanda içkilər də var. Sözügedən məbləği ödədikdən sonra yeməyə və içkiyə limit qoyulmur. Menyudan əlavə, “Oazis”də şou-proqram da olacaq. Burada fokus və rəqs qrupları, həmçinin 20-dək məşhur müğənni – Səməd, Səmədov, Rəhim Rəhimli, Faiq Ağayev, Natəvan və başqaları çıxış edəcək.

“Buta Art Club”da yerin biri 80 manatdır. Axşam saat 10-da başlayacaq bayram şənliyi səhər 5-dək davam edəcək. Menyuya soyuq və isti yeməklər, spirtsiz içkilər daxildir. Spirtli içkini ürəyi istəyən alıb gətirə bilər. Yeni il proqramında gənc müğənnilər canlı ifa edəcəklər.

“Ay işığı” restoranında bayram günü bir nəfərlik yer 150-200 manat arasında dəyişəcək. Yuxarıda qeyd etdiyimiz kimi, qiymət fərqi, yerin səhnəyə yaxınlığına görədir. Restorandan bildirdilər ki, bütün məşhur müğənnilər bayram günündə onlarla olacaq. Bayram səhərə kimi davam edəcək.

Neolit restoranının 400-450 nəfərlik zalında düzənlənəcək bayram şənliyində iştirak etmək istəyən bir nəfər 150 manat ödəməlidir. Yeməklərlə yanaşı, menyuda EyyubYaqubov, Sevda Yahyayeva, Nadir Qafarlı, Ədalət, İzzət, Gülay Qədirova və b. var.

Çanaq-Qala restoranında Yeni il gecəsi 60 manat xərcləməklə 4 cür yemək və içkilərlə yanaşı, məşhur müğənnilərdən Röya, Zamiq, Tarik, “İdeal” və “Cahan” və digər qrupların ifasını izləmək mümkün olacaq. Restorandan bildirdilər ki, məclis qonaqlar dağılana kimi davam edəcək.

500 manatlıq stul
“Kempinski-Badamdar” otelindəki Yeni il şənliyində iştirak etmək üçün nə az, nə də çox, düz 250 manat xərcləməlisən. Yeməklərlə bərabər, menyuya canlı musiqi də daxildir. Şənlikdə müğənni Diana, vaxtilə “Avroviziya”da Azərbaycanı təmsil edən Elnur, Gürcüstan və Türkiyədən gəlmiş rəqs ansamblları da iştirak edəcək.

Bakıda ən bahalı Yeni il şənliyini isə deyəsən, “Marriott Hotel” təklif edir. Burada bir adamın iştirakı 400-500 manata başa gəlir. “Marriot”da Yeni ili qarşılamaq istəyənlər zəngin menyu ilə yanaşı, qızlardan ibarət dünyada məşhur amerikan pop-qrupu olan “Pussycat doll”, Rumıniyanı “Avroviziya”da təmsil edən “Mandingo” qrupunun ifasını dinləyəcək, eyni zamanda, Ukraynanın “Aleksandrid” rəqs qrupunun ifasını izləmək imkanı əldə edəcəklər. Tədbirdə DJ Panço da olacaq. Hoteldən öyrəndik ki, hələ ki, yerli müğənnilərlə danışılmayıb. Amma ola bilər ki, yerli müğənnilərdən də kimsə şouda iştirak etsin.

Evdə Şaxta babalı bayram neçəyə başa gəlir?
Qeyd etdiyimiz kimi, Bakıdakı restoranlarda canlı musiqi, məşhurların ifasını dinləmək üçün 1 nəfər 60-500 manat arasında pul xərcləməlidir. Bəs evdə canlı musiqi olmadan Yeni il şənliyini keçirmək neçəyə başa gəlir? Təbii ki, süfrəni nəzərdə tuturuq. Hesablamamız nəticəsində bəlli oldu ki, 5 nəfərlik ailədə 2 cür salat, dolma, plov, toyuq qızartması, üstəlik evdə bağlanan kompot, turşu, təzə xiyar, pomidor, çərəz, şirin stol 150-200 manata başa gəlir. Demək, evdə hazırlanan bir nəfərlik süfrənin qiyməti 25-40 manat arasında dəyişir. Evdə uşaq varsa, bu zaman bayramı daha şən keçirmək üçün Şaxta Baba da çağırmaq olar. Bunun üçün isə 80-100 manat ödəməlisən. Qiymətin içərisinə uşaqlar üçün hədiyyələr də daxildir. Təbii ki, Şaxta Babanın gətirdiyi hədiyyə paketi o qədər də keyfiyyətli və bahalı deyil. Buraya yalnız ucuzvari şirniyyatlar daxildir. Yeni ili, yəni saat 24.00-u Şaxta Baba ilə qarşılamaq istəyənlər isə 200-300 manat ödəməlidirlər. Qiymətə Şaxta Babanın uşaqlar üçün qurduğu səhnəciklər, şeir deməsi, rəqs etməsi də daxildir. Rəqs, şeir, səhnəciklər istəməyənlər üçün isə qiymətdə 50-70 manat arasında endirim olur.

/xezerxeber.com/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər