Bakı şəhərində yerləşən geyim mağazalarının əksəriyyətində “endirim” yazılmış çağırışlara rast gəlmək mümkündür. Bu elanlar ilin hər fəslində, özü də bütün mağazalarda mövcuddur. Yeni ilin gəlişi ilə paytaxtın mağazalarının qapı və pəncərələrində “endirim kampaniyası başladı” yazılarının sayı daha da çoxalıb.
Apardığımız müşahidələrdən məlum olur ki, malların üzərində göstərilmiş endirim faizləri əslində aldadıcı kampaniyadır. Belə ki, vitrində qalmış malları yeni model kimi təqdim edib, digər mallarla müqayisədə müəyyən faizlə endirimə qoyurlar. Üzərində 50-70-90 faiz endirim olduğu göstərilən mağazalarda bu, satılmayan mallara şamil olunub.
Müşahidə apardığımız bir neçə mağazada qəribə hallarla rastlaşdıq. Məsələn, hansısa mağazanın bağlanacağı səbəbindən uzun müddət “mallara şok endirim” olması barədə elan vurulur. Digər bir məqam isə brend malların ucuz qiymətə satılması oldu. Bakı mağazalarında belə geyimlər 200-300 manata satılırsa, məşhur markalar endirim kampaniyalarında belə 1000-2000 manatdan aşağı geyim satmırlar. Məşhur firmaların məhsullarının qiymətinin xarici ölkələrlə müqayisədə nisbətən ucuz satılmasının səbəbini satıcılardan soruşduq. Bildirdilər ki, yeni mövsümün gəlməsi ilə həm dükanı, həm də geyimləri reklam etməkdən ötrü belə endirimlərə başlayıblar. Şəhərdə məşhur olan dükanlarda və sair kimi ticarət obyektlərində 30-50-60 faiz endirim elan edilməsinə baxmayaraq, “endirilmiş qiymətlər” yüksək olaraq qalmaqdadır. Bu mağazalarda mövsümi mallar kampaniyaya daxil olunmayıb. Endirimlə satılan malların üzərində isə əvvəlki qiymət yazılmayıb. Mağazalardan birinin meneceri bizimlə söhbətində bildirdi ki, xaricdə Yeni ilə iki həftə qalmış mağazalarda böyük endirim kampaniyaları yaşanır. Amma Azərbaycanda bu endirimlər saxta xarakter daşıyır: “Saxta endirim belədir ki, yəni bir malın reallıqda qiyməti 10 manatdırsa, sonradan onu 30 manata qaldırıb bayram ərəfəsində 50 faiz endirim edərək 15 manata camaata ”sırıyırlar”. 10 manata olan malı 50 faiz baha satıb adını qoyurlar ki, 50 faiz endirim etdik. Buna da səbəb mağazalardan tutulan yüksək icarə haqqı və gömrük vergisidir”. Menecerin sözlərinə görə, Azərbaycanda bayram gələndə mağazalarda qiymətlər qaldırılır. Mütəxəssislər də mağazalarda satılan mallara 50, 60 və 70 faiz endirimlərin tətbiq edilməsinin daha çox saxta xarakter daşıdığını bildirirlər.
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, saxta endirimlər istənilən halda istehlakçıların hüquqlarının pozulması deməkdir: “Mala 70-80 faiz endirim edilməsi məhsulun qiymətinin kifayət qədər ucuzlaşmasına gətirib çıxarardı. Ancaq Bakının mağazalarında mallara 70 faiz endirim edildikdən sonra da məhsulun qiyməti yüksək olaraq qalır. Bu isə onu sübut edir ki, endirimlər real deyil. Praktikada saxta endirimlərə şirniklənərək mağazaya daxil olan alıcı oradan nə isə alaraq çıxır. Bu isə deməkdir ki, mağaza sahibi alıcının endirimlərə qarşı olan inamından sui-istifadə edərək öz məhsulunu real olmayan qiymətə satır”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bildirdi ki, endirimlər qanunla tənzimlənmir: “Lakin ”İstehlakçının hüquqlarının müdafiəsi haqqında qanun”da göstərilir ki, istehlakçı malın bütün sənədlərini, keçmiş və indiki rəsmi qiymət sənədlərini tələb edib baxa bilər. Bundan sonra inana bilər ki, təqdim edilən malda endirim olub, ya yox. İstehlak hüquqları qorunan ölkələrdə endirim olunan malın əvvəlki qiymətindən başlayaraq, rəqəmlər sıralanaraq göstərilir. Lakin Azərbaycanda çox hallarda yalançı endirimlər edilir, mal 70% endirim adı ilə təqdim olunur və bu yolla istehlakçı aldadılır”. Ekspertlər saxta endirimlərə qarşı mübarizənin artırılmasının vacibliyini vurğulayırlar.
İqtisadi İnkişaf Nazirliyinin rəsmiləri də hesab edirlər ki, mağazaların bu siyasəti alıcıları çaşdırmaq məqsədi daşıyır. Ona görə də alıcılara diqqətli olmaq tövsiyə edilir.
xeber.info