Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Sumqayıt şəhər təşkilatının inzibati binasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” ölkə Prezidenti İlham Əliyein 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər naziri təyin edilən Muxtar Babayevin şəhər ictimaiyyəti ilə görüşü olub.
Görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, idarə təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vurğulayıb ki, Muxtar Babayev ötən 8 il ərzində SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, eyni zamanda Milli Məclisin deputatı kimi şəhər ictimaiyyətinin, sumqayıtlıların hörmət və rəğbətini qazanıb. Şəhər rəhbəri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə şəhər ictimaiyyətinin təbrikini çatdırıb, gələcək işlərində uğurlar arzulayıb.
Tədbirdə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının yeni təyin olunmuş sədri İmran Arzumanzadəyə də yeni vəzifəsində uğurlar arzulanıb.
Çıxış edən tədbir iştirakçıları Muxtar Babayevin SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, o cümlədən millət vəkili kimi fəaliyyətini yüksək qiymətləndirmiş, nazir kimi gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıblar.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev görüşdə ona göstərilən etimada görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib və bu etimadı əməli işi ilə doğruldacağını söyləyib.
M.Babayev SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinə rəhbərliyi dövründə və Milli Məclisin deputatı kimi fəaliyyətində yaxından iştirak edən və dəstək olan şəhər ictimayətinə təşəkkürünü çatdırıb.