“Azərbaycanda həyata keçirilən siyasi islahatlar nəticəsində yeni siyasi konfiqurasiya formalaşıb. Ölkədə fəaliyyət göstərən partiyalar arasındakı əməkdaşlıq formatı yeni bir mərhələyə qədəm qoyub və normal dialoq mühiti yaranıb. “Siyasi partiyalar haqqında” mövcud qanun isə ölkədə formalaşan yeni siyasi konfiqurasiyanın və müasir dövrün tələblərinə cavab verməməklə, proseslərin hüquqi baxımdan irəli aparmasına yetərincə imkan vermir. Ona görə də ölkədə fəaliyyət göstərən partiyaların müasir dövrün tələblərinə uyğun cavab verən yeni qanun layihəsinə zərurət var idi. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi zərurətdən doğan bir qanun layihəsidir. Bunu nəzərə alan siyasi partiyalar Milli Məclisə müraciət edib. Milli Məclis rəhbərliyi də öz növbəsində bu müraciətə uyğun olaraq yeni qanun layihəsinin hazırlanmasına tapşırıq verdi. Qanun layihəsi qısa zamanda hazırlandı”.
Bunu “Ölkə.Az”a açıqlamasında deputat Müşfiq Məmmədli “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi haqqında mövqeyini açıqlayarkən deyib.
“Artıq “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin variantı hazırlanaraq Milli Məclis təqdim olunub. Qanun layihəsi hazırlanarkən beynəlxalq pratikaya əsaslanıb və bu zaman Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilib. Yeni qanun layihəsi ölkədə fəaliyyət göstərən bütün partiyalara göndərilərək, onların da mövqe və təklifləri öyrənilib”, – o qeyd edib.
Deputat əlavə edib ki, yeni qanun layihəsi Milli Məclisin payız sessiyasında komitələrin müzakirəsinə çıxarılmazdan öncə sentyabrın 28-də siyasi partiya təmsilçiləri, ekspertlər, mütəxəssislərin iştirakı ilə ilk ictimai dinlənilməsi keçiriləcək.
“Bu dinləmə zamanı qanun layihəsinin təkmilləşməsi istiqamətində olan təklif və rəylər öyrənilərək, nəzərə alınacaq. Əminəm ki, yeni qanun layihəsi ölkədə siyasi partiyalaşma institutunun, siyasi maariflənmənin, siyasi mübarizədə siyasi mədəniyyətin inkişafına, oturuşmasına, siyasi partiyalar arasında, o cümlədən iqtidar-müxalifət arasında normal dialoq münasibətlərinin, həmçinin milli maraqlar naminə birgə əməkdaşlığın həyata keçirilməsinə hüquqi zəmin yaradacaq. Yeni qanun həmçinin siyasi partiyaların cəmiyyətdə rolunun artmasına öz töhfəsini vermiş olacaq”, – deputat vurğulayıb.