Yeni reallıq: İndi şərtləri Azərbaycan diqtə edir

829

İkinci Qarabağ savaşı təkcə Azərbaycanın hərbi-siyasi qələbəsi ilə deyil, həm də milli maraqların qələbəsi ilə başa çatdı. Minsk Qrupunun vasitəçiliyi ilə həyata keçirilən danışıqlarda Azərbaycan üçün qəbuledilməz şərtlər üstünlük təşkil edirdisə, müharibənin yaratdığı reallıqlar mövcud vəziyyəti kökündən dəyişdi. Bu gün şərtlər Azərbaycan tərəfindən diktə olunur. 44 günlük Vətən Müharibəsi ilə nəinki ermənilərin müstəqillik xəyallarına son qoyuldu, hətta onlara muxtariyyət də verilməyəcək.

Prezident İlham Əliyev sentyabrın 28-də “France-24” telekanalına verdiyi müsahibədə Azərbaycanın mövqeyini və şərtlərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Müharibə bitib, münaqişə öz həllini tapıb

Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, Azərbaycan artıq neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib: “Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Hər iki ölkənin xarici işlər nazirlərinin görüşü bu səylərin yaxşı göstəricisidir. Ümid edirəm ki, bu, təkcə bir görüş yox, yeni bir prosesin başlanğıcı, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin və Cənubi Qafqaz regionunda geniş əməkdaşlığa yeni bir miqyas verəcək proses olacaq”.

Təmaslar regionun inkişafı üçün yeni başlanğıc nöqtəsi ola bilər

Ölkə başçısı Ermənistanla dialoq məsələsinə də aydınlıq gətirdi. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan artıq neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib: “Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq”.

Prezident İlham Əliyev onu da vurğuladı ki, Azərbaycan heç vaxt, hətta müharibə zamanı, hətta işğal zamanı belə istənilən yüksək səviyyəli təmaslara etirazını bildirməyib: “ Əksinə, hesab edirik ki, bu təmaslar hər iki tərəfdə ola bilən sualları cavablandıra bilər və regionun inkişafı üçün yeni başlanğıc nöqtəsi ola bilər. Bizim mövqeyimiz çox aydındır. Biz münaqişənin həll olunduğunu hesab edirik, keçmişə qayıdış olmamalıdır, Ermənistanda revanşizm əlamətləri olmamalıdır. Biz gələcək haqqında, sülh haqqında və regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında danışmalıyıq”.

Qarabağın muxtariyyəti artıq müzakirə mövzusu deyil

Prezident İlham Əliyev jurnalistin “Siz Qarabağa muxtariyyət verməyə hazırsınız?” sualını cavablandırarkən bildirdi ki,  Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar: “Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır”

Azərbaycanın xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur

“Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var. Onlar hələ də iddia edirlər ki, “Dağlıq Qarabağ” bizə məxsus deyil. Onlar hələ də iddia edirlər ki, o, ya Ermənistana məxsusdur, ya da ki, “müstəqil” bir qurumdur. Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Belə bir qurum mövcud deyil. Beləliklə, Ermənistan, ilk növbədə, Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməli və özünü yaxşı aparmalıdır. Biz isə adekvat münasibət göstərəcəyik”.

Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir

Prezident İlham Əliyev “Qarabağ məsələsi öz həllini tapmayıb” fikrini səsləndirənlərə də tutarlı cavab verdi: “Mən deyəndə ki, münaqişə həllini tapıb, bu, mənim mövqeyimdir. Mən bu mövqeyi müdafiə edirəm. Mövcud reallıq onu nümayiş etdirir ki, bu, düzgün mövqedir. Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Münaqişə həll edilməyib deyənlər göstərsinlər ki, o, necə həll olunmalıdır”.

Ölkə başçısı onu da vurğuladı ki, münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir. Bu, o deməkdir ki, onu həll etmək üçün düşmənçilik xarakterli digər hərəkətlərə ehtiyac var.

Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb

Ölkə başçısı müsahibəsində bəzi Qeyri Hökümət Təşkilatlarının əsirlərlə bağlı ittihamlarına da tutarlı və faktlarla cavab verdi: “Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb. Ermənistan hökuməti bunu təsdiq edə bilər. Biz onları, hətta onlar bizim hərbi əsirləri qaytarmazdan əvvəl qaytardıq.

QHT-lərin istinad etdiyi şəxslərə gəldikdə, onlar müharibə başa çatdıqdan və noyabr Bəyannaməsi imzalandıqdan iki həftə sonra Ermənistanın hərbi komandirləri tərəfindən bizim mövqelərə doğru göndərilmişdilər və beləliklə, dörd azərbaycanlı hərbçini qətlə yetirərək, cinayət törətmişlər. Onlar zərərsizləşdirildi və həbs olundular. Cinayətdə iştirakı olmayanların çoxu artıq qaytarılıb. Cinayət törədənlərə isə məhkəmələr tərəfindən cəza müəyyən edilib.

Noyabrın 10-da müharibə dayandırıldı. Dekabrın əvvəlində biz azad etdiyimiz ərazidə erməni təxribat dəstəsinin 62 üzvünü aşkar etdik. Onlar əraziyə noyabrın 26-da göndərilmişdi. Yəni, müharibə bitdikdən 16 gün sonra. Onlar hərbi əsir hesab edilə bilməz və biz onların çoxunu xoşməramlı jest kimi artıq qaytarmışıq. Lakin burada qalıb cəzasını çəkən şəxslər cinayət törədib və onlar ədalət mühakiməsi qarşısında cavab verməli idilər və bu, belə də oldu.”

Müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı

Fransa-24 telekanalına verdiyi müsahibədə Prezident İlham Əliyev Fransanın müharibə zamanı dürüst vasitəçi kimi çıxış etmədiyini, 10 Noyabr bəyanatından sonra əsir düşənlərin hərbi əsir sayılmadığını qeyd etdi və Azərbaycanın mövqeyini əsaslandırdı.

Ölkə başçısı bildirdi ki, Fransa hər zaman Azərbaycanda dost ölkə hesab olunub. Biz bir çox iqtisadiyyat, ticarət və infrastruktur layihələrini həyata keçirmişik. Münasibətlər uğurla inkişaf edirdi və biz ümid edirik ki, Minsk qrupunun həmsədri və dürüst vasitəçi kimi Fransa bu vəzifəyə sadiq olacaq.

Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Ancaq, səmimi desəm, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi – Ermənistanın tərəfini. Özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi.

Müharibə zamanı və ondan dərhal sonra baş verənlərə qayıtmaq istəmədiyini söyləyən dövlətimizin başçısı dedi: “Biz Parisdən gələcək münasibətlərimizlə bağlı müsbət siqnallar aldıq və onlara müsbət cavab verdik. Müxtəlif səviyyələrdə, o cümlədən bu yaxınlarda iki ölkənin xarici işlər nazirləri arasında təmaslar olmuşdur. Azərbaycan hər zaman əməkdaşlığa açıq olub. Fransa dünyada aparıcı dövlətlərdən biridir və biz normal münasibətlərin olmasını istəyirik”.

Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, Fransa regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzulayır: “Biz də bunu istəyirik. Ümid olunur ki, Ermənistan da istəyir. Biz bunun üzərində işləməliyik, buna diqqətlə yanaşmalıyıq və bir il əvvəl baş verənlərə qayıtmalı deyilik. Bizə gəldikdə, bu çox xoşagəlməz hadisələrdən sui-istifadə etməyəcəyik. Biz səhifəni çevirmək istəyirik”.

Beləliklə, Ermənistanın siyasi-hərbi dairələri, onların havadarları Prezident İlham Əliyevin bölgədə dayanıqlı sülhün təmin olunması üçün etdiyi xəbərdarlıqlarından, mesajlarından nəticə çıxarmalıdır.Revanşist bəyənatlar səsləndirənlər və bu niyyətdə olanlar bilməlidir ki, “dəmir yumruq” yerindədir.

Anar Qasımlı, Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər