Ötən gün “Azərsun Holdinq” MMC-nin Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki “Azərsun Sənaye Parkı”nda irimiqyaslı yanğın baş verib.
Yanğın bir gün sonra səhər söndürüldüyündən miqyasının nə dərəcədə dəhşətli olduğu hər kəsə bəllidir. Bu səbəbdən yanğından sonra yaşanacaq fəsadlar cəmiyyətdə ciddi narahatlıq yaradıb.
Belə ki, məlum yanğın ölkədə əsas qida tədarükçüsü olan şirkətlə bağlıdır. Cəmiyyətdə qiymət artımı və qida məhsullarında çatışmazlıq ola biləcəyinə dair narahatlıq yaranıb.
Sosial şəbəkələrdə bu istiqamətdə artıq müəyyən fikirlər, proqnozlar səsləndirilir.
Məsələ ilə bağlı ekspertlərin proqnozlarının daha məqbul olacağını düşünərək iqtisadçı ekspert Xalid Kərimlinin fikrini öyrəndik.
Ekspert açıqlamasında bildirib ki, duru yağların qiyməti son dönəmlərdə sürətlə artıb:
“Ümumdünya Ticarət Təşkilatının statistikasına görə, 2016-cı il ilə müqayisədə duru yağlar dünyada 2,5 dəfə bahalaşıb. Təkcə Azərbaycanda deyil, dünyada belədir. Artım xüsusilə duru yağların – qarğıdalı, günəbaxan, palma, soya, zeytun və s. – qiymətində özünü büruzə verir. Ukrayna-Rusiya müharibəsi başlayanda duru yağların bahalaşması daha çox müşahidə edildi. Çünki günbəxan yağının dünyada əsas ixracatçılarından biri Ukraynadır. Qarğıdalı yağının ixraçatçısı kimi də əhəmiyyətli rol oynayır. Bu səbəblə tək mart ayında duru yağlar dünya bazarında 23,2 faiz bahalaşıb, qlobal miqyasda. Bu bahalaşma Azərbaycana da təsir edir və edəcək. Bahalaşma hələ tam olaraq bazarda oturuşmayıb”.
Ekspert deyir ki, Azərbaycanda 2020-ci il üzrə 75 min ton duru yağ istehsal edilib, 162 min ton idxal və 22 min tona yaxın duru yağ isə ixrac edib:
“İxracdan idxalı çıxsaq, ölkədə xalis duru yağ idxalı 140 min tondur. Ölkədə istifadəsinə baxanda isə bunun yarısından çoxu idxal edilir, 75 min ton isə istehsal edilir. Yəni bazarın təxminən 35 faizini (üçdən biri) yerli istehsal təmin edir”.
Yerli istehsalda “Azersun Holdinq” MMC-nin xüsusi rolunu vurğulayan, Bakı Yağ Zavodunun bu məsələdə əsas əhəmiyyəti olduğunu deyən ekspert baş verən yanğının yerli bazara təsirsiz ötüşməyəcəyinə diqqət çəkib:
“Azersun” “Gülüm”, “Möcüzə”, “Final”, “Teksun” markaları altında bir çox günəbaxan, qarğıdalı, zeytun yağlarını istehsal edərək bazara buraxır. “Azersun”un duru yağlarla bağlı bazarda əhəmiyyətli rolu var və onun ehtiyatlarının yanaraq kül olması, sözsüz ki, xoş xəbər deyil.
Təbii olaraq, bu, bazar üçün qiymət artımı deməkdir. Daxili istehsal olmadığından idxala üstünlük veriləcək. Belə olan halda isə 23 faizlik bahalaşmanı sürətlə hiss edəcəyik. Yerli bazarda artım ehtiyatlı şəkildə, nəzarət altında və əhaliyə ciddi təsir etməyəcək tərzdə artırılırdı. Bu bahalaşma dünyada baş verən prosesdir, sadəcə vəziyyət nəzarətdə saxlanmağa çalışılırdı. Lakin idxaldan asılılıq özünü qiymət artımı şəklində mağazalarda göstərəcək”. oxu.az