Təklif edirik ki, elə indicə bütün problemlərinizi bir kənara qoyub, özünüzə 5-10 dəqiqəlik vaxt ayırasınız. Necə deyərlər, bu da sizin qısa bir “reklam fasiləniz” olsun.
Elə bu gün müzakirə edəcəyimiz mövzu da yerli televiziyalarımızda yayımlanan reklam çarxları ilə bağlı olacaq. Odur ki, diqqət yetirməyə dəyər!
İstəyirəm mövzumuzu bir sualla başlayaq: Necə bilirsiniz, bir düşünün, telekanallarımızda yayımlanan reklam çarxları sizin üçün nə dərəcədə maraqlı, təsirli və qaneedicidir?
Belə bir məşhur deyim var…. Reklam, məxsus olduğu xalqın gündəlik həyat tərzinin göstəricisidir”.
Unutmayaq ki, reklam xalqın psixologiyası və mentalitetinə nə qədər çox “enə” bilsə, nəticə etibarilə o qədər effektli və baxılan olar. Əgər söhbət reklamların “milliliyə” uyğunluğundan gedirsə, bu, danılmazdır ki, telekanallarımızda yayımlanan reklamların əksəriyyəti xarici ölkələrin yad, bizə uyğun olmayan həyat tərzini nümayiş etdirir və burada qətiyyən millilikdən söhbət gedə bilməz.
Əgər xarici firma və şirkətlər xaricdə çəkilən reklamlarını telekanallarımıza “sırıyıb” yayımlada bilirlərsə və biz, demək olar ki, hər gün efirdə yad simalar, mentalitetə uyğun olmayan görüntülərə tamaşa ediriksə, bəs millilik bunun harasında qalır?
Əslində, bu işin ən böyük günahkarı yerli telekanalların reklam agentlikləridir. Onlar belə reklamları problemsiz və rahat qəbul etməsələr, “yad” reklamlar da tədricən “doğmalaşmağa” can atarlar.
Mən hələ bu cür reklamların tərcüməsindən danışmıram.
Azərbaycan dilinə hərfi tərcümə, görüntüyə uyğun olmayan mətn, aydındır ki, yayımlanan reklamların keyfiyyətini daha çox aşağı salır və tamaşaçını kanalı dəyişməyə məcbur edir.
Əgər xarici reklamlardan “milli” reklamlara doğru keçid alsaq, bir neçəsi istisna olmaqla onların daha çox “gülünc və bərbad” vəziyyətdə olduğunu görərik.
Şadlıq saraylarının böyük qisim reklam çarxları, elə bu “keyfiyyətsizliyin” ən bariz göstəricisidir. Qafiyələrin “muncuq” kimi düzülüşü, şairanəlik, qışqıra-qışqıra səsləndirmə, elə bil, dəb halını alıb belə reklamlarda.
Reklamın uğuru onun nümayiş vaxtından, reklamda çəkiləcək insanın görünüşündən və əhalini “inandırma” qabiliyyətindən, qısa vaxt ərzində çox şey ifadə edən aydın, məzmunlu və dərin fikirdən və işlədilən sözlərin, ifadələrin çoxmənalılığından asılıdır.
Reklam haqda nizamnamədə qeyd olunur:
“Saat 23:00-dan əvvəl televiziyalarda siqaretin və spirtli içkilərin reklamı qadağandır”.
Ancaq belə görünür ki, telekanallarımızın reklam agentlikləri bu nizamnaməni dinləyərkən qarşılığında, “Qaydalar, elə onları pozmaq üçün mövcuddurlar!” – fikrini göz önünə alırlar. Əgər belə olmasaydı, bəzi yerli telekanallar “efirə ən çox baxılan” və reytinqli verilişlərin yayımlandığı praym-taym vaxtlarında bu nizamnaməni pozmazdılar.
Məsələyə dini tərəfdən də yanaşıldıqda müsəlman ölkəsi olan Azərbaycanda “göz yaşı qədər saf, təmiz” spirtli içkiləri reklam etdirmək, sanki insanlığı dinsizliyə aparan bir təbliğata bənzəyir. Unutmayaq ki, televiziya “ən tez və ən yaxşı” təbliğat vasitəsidir. Və deməli, yaş həddindən asılı olmayaraq, tamaşaçı gördüklərini tez “canına hopdura” bilir. Bu mənada, qonşu Türkiyə dövlətini örnək götürsək, heç də yanılmarıq.
Bu mövzuda azacıq subyektivizmdən uzaqlaşıb mütəxəssis fikirlərini önə gətirək. Yerli televiziyalarımızdan birinin reklam işləri üzrə meneceri Ramil Əsgərovla söhbətimizi sizlərə təqdim edirik.
– Yerli telekanallarda yayımlanan reklamların keyfiyyəti sizi qane edir?
– Əlbəttə ki, xeyr. Keyfiyyətsizdir. İlk baxışdan qeyri-professionallıq özünü biruzə verir. Süjet, tərcümə, mətnə uyğun olmayan görüntülər – hər şey bir-birinə ziddir.
– Bəs xaricdə çəkilən reklam çarxlarının aid olduğu firmalar tərəfindən televiziyalarda yayımlanmasına necə baxırsınız?
– Deyə bilərəm ki, bu cür reklamlar üstünlük təşkil edir. Bunun da səbəbi odur ki, xarici şirkət və firmalar üçün hazır reklam çarxlarını tərcümə etdirib yayımlatmaq daha ucuz başa gəlir, nəinki burada təzəsini çəkdirmək. Təbii ki “milliliyə” uyğun reklamlar çəkilsə daha yaxşı və uğurlu olar.
– Bəs sizcə, əcnəbi firmaların Azərbaycanda reklam çəkdirməmələrinin səbəbi nədir?
– Səbəb, reklam sahəsində “bizə” güvənsizliyin olmasıdır. Çünki biz hələ bu sahədə özümüzü təsdiqləyə bilməmişik. Nəzərə alsaq ki, bu sahədə ən zəif olan Gürcüstanla bərabər addımlayırıq, onda bunun belə olması da normaldı.
Ancaq xarici reklamlar tərcümədə çox keyfiyyətsiz alınır. “Qara dərili, saçları uzun “Con”a “Əhməd” deyə müraciət edilirsə, təbii ki, bu gülünc, mənasız və “yad”, soyuq qarşılanacaq.
– Və sonda bu mövzu ilə bağlı daha nə söyləyərdiniz?
– Məhz bu sahə ilə bağlı bizim 3 dəfə artıq inkişaf etməyimiz lazımdır ki, nə isə uğurlu nəticə əldə edək. Hər halda, gələcək üçün yaxşı reklam marketoloqlarının, reklam ssenaristlərinin, menecerlərinin və s. yetişməsinə ümid bəsləyək. Yaxşı olar, inşallah!
Təbii ki, nöqsansız iş yoxdur. Ancaq səhv var, etdikdən sonra anlayıb, bir də etməməyə çalışasan. Səhv də var təkrar etdikcə davamı etdikcə gələ və heç vecinə də almayasan. Bax bu, ən təhlükəlisidir.
Sonda, vaxt ayırıb, oxuduğunuz üçün minnətdarıq! Necə deyərlər, daha “reklamlar bitti”.
Fasilə verdiyiniz işlərə davam edə bilərsiniz!
Günay Camalqızı, “168 saat”