Azərbaycanda “toy karvanı” maksimum 3-4 avtomobildən ibarət ola bilər. Karvanda avtomobillərin sayı çox olanda həm özlərinə, həm də digər hərəkət iştirakçılarına problem yaradırlar. Bunu Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.Şöbə rəisinin sözlərinə görə, toyların başlaması əhalinin işdən çıxma vaxtına təsadüf edir və əsasən günün pik saatlarında olur. Əliyev qeyd edib ki, onsuz da Bakıda nəqliyyatın sayı həddən artıq çoxdur. Sürücülər nəqliyyatın sayının çoxluğu, sıxılığın daha çox olduğu bir vaxtda qaydalara xüsusilə riayət etməlidirlər. Ələlxüsus qarşı hərəkət zolağına çıxmamalı, işıqforun tələblərinə düzgün riayət etməlidirlər. Nəqliyyatın sayının çox olduğu bir vəziyyətdə tələskənliyə yol vermək sürücünün mənzil başına çatması üçün həm özünün, həm də digərlərinin daha artıq müddət sərf etməsinə gətirib çıxarır.
“Belə bir vəziyyət yaranan anda “gəlin korteci” və ya “toy karvanı”ında olan avtomobillərin sayının çoxluğu düzgün deyil. Düzdür, el adəti var, əvvəl çalışırdılar ki, avtomobillər çox olsun. İndi bəlkə də bu, rayon və kənd yerlərində mümkündür, amma şəhərdə artıq elə vəziyyət yaranıb ki, “toy karvanı” maksimum 3-4 maşından ibarət ola bilər”, – Əliyev əlavə edib.
Onun fikrincə, burada ağsaqqalların diqqət göstərmələri yaxşı olardı. “Şəhərin müxtəlif yerlərində çoxlu sayda şadlıq evləri var, saraylar var. Artıq toylar da başlayıb. İndi, demək olar ki, bütün şadlıq evlərində toy olur. Fikirləşin ki, bu qədər şadlıq evlərinin olduğu yerdə bu qədər də toy karvanı olsa, şəhərdə nə vəziyyət yaranar? Ona görə də belə işə polisin müdaxiləsindənsə, ağsaqqalların bu işə düşünülmüş formada yanaşması, cavanlara məsləhət vermələri, lazım gəlsə, tələb etmələri məncə daha məqsədəmüvafiqdir”, – şöbə rəisi bildirib.
O, əlavə edib ki, “toy karvanı”nın iştirakçısı olmaq sürücüləri məsuliyyətdən azad etmir.
“Bakının əksər hissələrində nəzarət kameraları var və o kameralar vasitəsilə də bir çox qayda pozuntuları qeydə alınır. Sürücülər fikirləşməsinlər ki, “toy karvanı”nda gedərkən 3-4 dəfə qaydanı pozsalar, məsuliyyət daşımayacaqlar. Hər bir qayda pozuntusuna yol verən şəxs, “toy karvanı”nda olmasından asılı olmayaraq, məsuliyyət daşıyacaq. Ola bilər ki, toy karvanında 1-2 avtomobil qaydanı pozubsa, onları saxlayarkən bütün karvanda iştirak edən nəqliyyat vasitələrini saxlamaq hərəkəti daha da gərginləşdirə bilər, yəni nəqliyyatın işi iflic olar. Bu səbəbdən bəzi hallarda daha da sıxlıq yaratmamaq naminə polis əməkdaşları yerlərdə o avtomobilləri saxlamırlar. Digər sürücülər düşünə bilərlər ki, toy karvanı işıqforun qırmızı işığında keçir, amma onu heç kəs saxlamır. Lakin bu, o demək deyil ki, oradakı sürücülər məsuliyyətdən kənarda qalır”.
Şöbə rəisi vurğulayıb ki, sürücü qaydanı pozursa, ümumi qaydada məsuliyyət daşıyır. Yol polisi heç kimi məcbur edə bilməz ki, dabaldal 5 və ya 10 maşın getməsin, 20 maşın getsin. “Məsələ burasındadır ki, rayonlararası yollarda 5-10 avtomobil ard-arda elə gedə bilər ki, digər nəqliyyat vasitələrinə maneə yarada bilər. Yəni ara məsafəsini düzgün saxlamadığına görə, digər hərəkət iştirakçılarına müəyyən problemlər yarada bilər. Şəhər daxilində isə bəzən karvanda 6-7 avtomobil gəlib qaydanı pozub keçir, arxadan 5-6 maşın da onlara qoşularaq düşünür ki, qarşı yola çıxıb tez getsələr məsuliyyətdən kənarda qalacaqlar. Amma bu, belə deyil”, – Əliyev vurğulayıb.
O, bildirib ki, adətən Azərbaycan yollarında bir istiqamətdə sıxlıq varsa, qarşıdan gələn istiqamətdə sıxlıq yoxdursa, heç kim o yola çıxmır. Lakin bir sürücü qaydanı pozub qarşı yola çıxdısa, arxadakılar da ona qoşulur. Bununla da qaydalar kütləvi halda pozulur.
|