YOLA SALDIĞIMIZ 2010-CU İL VƏ SUMQAYIT

911

Yaşadığımız daha bir ilin sonuna gəldik. Arxaya boylanmaq həmişə xoş olmasa da, başa vurduğumuz ildə   nələr baş verdiyinə nəzər salaq.  Yaşadığımız Sumqayıt şəhəri üçün  yola saldığımız 2010-cu il bir sıra mühüm hadisələrlə yadda qaldı.

YENİLƏŞƏN İSTEHSAL MÜƏSSİSLƏRİ

Bu ildə şəhərdə bir sıra mütərəqqi addımlar atıldı. Prezident İlham Əliyevin sərəncamı ilə “Azərikimya” Dövlət Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) birləşdirildi. “Azərikimya” İstehsalat Birliyinə daxil olan müəssislərdə yenidənqurma və təmir işlərinə start verildi.  Sözügedən  qurum ekoloji layihələrin, iməcliklər, eləcədə də işsizliyin aradan qaldırılması istiqamətində mühüm işlərə başladı. Kimya  sənayesinin dinamik inkişafı üçün müasir, mütərəqqi texnologiyalar əsasında texnoloji layihələrin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılmağa başlandı. Son dövrlərdə kimya müəssisələrindəki mövcud istehsalat sahələrinin və texnoloji qurğuların yenidən qurulması, modernləşdirilməsi ilə yanaşı müasir istehsalat sahələrinin yaradılmasına, məhsul çeşidlərinin genişləndirilməsinə, onların istehsal həcminin artırılmasına xüsusi diqqət yetirilir. Birlik bu məqsədlə dünyanın kimya və neft-kimya sənayesi üzrə ən qabaqcıl, zəngin elm-istehsalat təcrübəsinə malik şirkətlərlə əməkdaşlığa mühüm əhəmiyyət verir. Qurum bu sahədə də boş durmadı.  Bir sıra ölkələrin kimya sənayesi üzrə ixtisaslaşmış müəssislərə ilə əməkdaşlığa başladı.

EKOLOGİYA SAHƏSİNDƏ

Bildiyiniz kimi, 2010-cu il “Ekoloya ili” kimi tarixə qovuşmaq üzrədir. Ölkənin bütün bölgələrində olduğu kimi, Sumqayıtda da bu istiqamətdə bir sıra addımlar atıldı.  Qeyd edək ki, son yeddi ildə Sumqayıtda 15 park salınıb.  Sumqayıtda güllüklərin, ağacların və qazonların salınmasından tutmuş ağaclara xidmətin təşkilinədək yaşıllaşdırma tədbirləri həyata keçirildi. Şəhər üçün mühüm əhəmiyyət daşıyan bu məsələnin həllində ARDNŞ-in “Azərkimya” İstehsalat Birliyinin kollektivi yaxından iştirak edir. Kimyaçıların səyləri ilə Bakı–Quba yolunun 28 kilometr sahəsində yaşıl zolaq salınmış, 22 mindən çox ting və kol əkildi.

Qeyd edək ki, Sumqayıt şəhərinin dənizkənarı ərazisində mövcud olan antisanitariya vəziyyəti qismən də olsa aradan qaldırıldı.  Bu bir sıra QHT-in təşəbbüsü ilə baş tutdu.

“Sumqayıt hamımızın ümumi evidir, evimizi təmiz saxlayaq”, “Əziz Sumqayıtlılar, dəniz böyük sərvətdir, onun qədrini bilək” devizi altında aksiya keçirilidi. Keçirilən aksiya öz bəhrəsini verdi. Belə ki, əraziyə tullantıların atılması üçün zibil qutuları qoyuldu. Dəniz sahilinə olan batmış gəminin qalıqları ərazidən yığışdırıldı.

Sumqayıt QHT-lərinin təmizlik aksiyası Ekologiya ili elan olunan 2010-cu ilin ən faydalı və yaddaqalan tədbirlərindən biri və dövlətin ekoloji siyasətinə vətəndaş cəmiyyətinin töhfəsi oldu.

Bütün bunlarla yanaşı, 2010-cu il  çatışmazlıqlar və mənfi hallarla da yadda qaldı. Belə ki, bu günlərdə Sumqayıt şəhərində Sülh küçəsində, “TexnikaBank”ın yaxınlığında ağaclar kütləvi şəkildə məhv edildi.

DƏHŞƏTLİ CİNAYƏT VƏ YA BİR AİLƏNİN TÜKÜRPƏDİCİ DRAMI

Arxada qoyduğumuz 2010-cu ildə şəhərdə bir sıra cinayətlər baş versə də, əsas diqqət noyabın 11-də baş verən hadisəyə yönəldi.  Belə ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində noyabrın 11-də gecə saat 2-də  şəhər sakini Elşad Rüstəmzadə atasını, arvadını və iki azyaşlı uşağını amansızlıqla qətlə yetirdi və  özünü qonşuluqdakı doqquzmərtəbəli binanın damından ataraq intihar etdi.  Elşad Rüstəmzadənin qətlə yetirdiyi ailə üzvlərinin adları belədir: atası 70 yaşlı Karpat Rüstəmov, həyat yoldaşı 35 yaşlı Ülviyyə, qızları – 7-ci sinif şagirdi Samirə və 1-ci sinif şagirdi Nərgiz. Elşad öz ailəsini küt alətlə qətlə yetirib, yatdıqları yerdə onların başına çəkiclə zərbələr endirib.

Bu dəhşətli qətl hadisəsi nəinki Sumqayıtda, hətta da ölkə ərazisində böyük səs-küyə səbəb oldu. Hadisəni törədən 40 yaşlı Elşad Rüstəmzadə ağır xəstəlikdən əziyyət çəkirmiş.

PARLAMENT SEÇKİLƏRİ

Sayılı günlər qalan 201-cu ilin ən yaddaqalan hadisəsi Milli Məclisə keçirilən parlament seçkiləri oldu.  Sumqayıt üçün isə bu seçkilər xüsusi önəm kəsb etdi. Belə ki, ötən 5 ildə şəhəri təmsil edən deputatlar İkram İsrafil, Məcid Kərimov, Nizami İsgəndərov və Baba Tağıyev mandatları ilə vidalaşmalı oldu.

Şəhərimizi növbəti 5 ildə isə Leyla Abdullayeva, Musa Qasımlı, Muxtar Babayev və Hacı Salayev təmsil edəcəklər.

2011-Cİ İL NƏ VƏD EDİR?

Astroloqlar yaxınlaşmaqda olan  gələn ilin ədalətin təntənəsi ilə yadda qalacağını proqnozlaşdırırlar

Yeni ilin astanasındayıq. Astrologiya ilə maraqlananların diqqətinə çatdıraq ki, 2011-ci il Şərq təqviminə görə, ağ Dovşan ilidir.

Astroloqlar bildirirlər ki, Dovşan ili olan 2011-ci il çoxlu uğur və xoşbəxtlik bəxş edəcək.

Gələn il üçün əsas olan məhəbbət hissini hər yerdə hiss edəcəksiniz. Siz bu məhəbbətdən uşaq kimi sevinəcəksiniz və həyatdan zövq alacaqsınız!

Şərq təqviminə görə Keçi, At, İt, Öküz və Əjdaha ilində anadan olanlar üçün 2011-ci il xüsuslə uğurlu olacaq. Bu işarələr altında anadan olanlar fürsəti əldən verməməlidir. Onlar üçün yeni işlərə başlamaq və uğurla sona çatdırmaq şansı çox böyükdür.

Amma Pələng, Xoruz və Meymun ilində anadan olanlar üçün bir qədər çətin il olacaq. Bu insanlardan məqsədə çatmaq üçün səy göstərmək tələb olunur.

Digərləri üçünsə Dovşan ilinin neytral il olacağı vəd edilir.

Yeni ildən maraqlı nə gözləməli? Tanınmış astroloqlar gələn ilin ədalətin təntənəsi ilə yadda qalacağını vəd edirlər. Onlar deyirlər ki, kimsə özgə əmlakını qeyri-qanuni ələ keçiribsə, onu qaytarsa yaxşıdı. Onsuz da o, 2011-ci ildə bu əmlakı itirəcək.

Ən uğurlu işlər ailədə gözlənilir. Şərq təqviminə görə, yeni ildə ailədə harmoniya və uğur sizinlə olacaq. Evlənmək istəyənlər üçün Dovşan ili ən yaxşı fürsətdi.

Astroloqlar dünyagörüşdə və elmin müxtəlif sahələrində ciddi dəyişikliklərin baş verəcəyini vəd edirlər..

Dovşan ilində anadan olan məşhurlar bunlarldr: İosif Stalin, Lev Trotski, Sergey Vavilov, İqor Kurçatov, Epikür, Fidel Kastro, Eynşteyn, Stinq, Uitni Hyuston, Eva Peron…

Dovşan illəri – 1927, 1939, 1951, 1963, 1975, 1987, 1999, 2011.

P.S. Ümid edirik ki, 2011-ci il təkcə fərdlərin həyatında deyil, eləcə də Sumqayıtın həyatında da uğurlu il olacaq.

Ramil Zeynallı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər