Yoluxanların sayı 1000-i də keçə bilər – Vəziyyət yenidən kritik həddə çatır?

525

“Rəqəmlərin kritik həddə çatmasını ehtimal etmirəm. Səbəb isə odur ki, ümumiyyətlə pandemiyanın birdən-birə aradan qalxması gözlənilən deyil”.

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

Həkim-mütəxəssis bildirib ki, koronavirusa yoluxanların sayı 1000-i keçsə belə, vəziyyətin kritik həddə çatacağı gözlənilmir:

“Pandemiya müxtəlif mutant variantlar ortaya çıxaracaq və bu mutant variantlarla yoluxan insanlarda immunitet yaranaraq tədricən aradan qalxacaq. Yəni rəqəmlərin müəyyən qədər yüksəlməsi müşahidə oluna bilər, amma əvvəlki pik həddləri, ölüm səviyyəsindəki artımı gözləmirik.

İstər-istəməz insanların əksəriyyəti bu xəstəliyi keçirib və vaksin olunub. Həm də hər növbəti mutant variantlar məntiqi olaraq xəstəliyi zəifləməyə doğru aparmalıdır. Amma ümumuilikdə götürsək, payız-qış aylarında onsuz da koronavirus xəstəliyi hər zaman olur, görülür.

Yəni bu il də payız-qış aylarında koronavirusların artması, görünməsi, istər mutasiya variantlarının, istərsə də öncədən gördüyümüz variantların müşahidə edilməsi qaçılmazdır. Yalnız payız-qış aylarında yoluxma sayında müəyyən qədər yenidən artım görə bilərik. Ancaq hələ ki epidemioloji vəziyyət nəzarət altındadır.

Kartantin qaydalarının tətbiqi, sərtləşdirmə tədbirləri hər bir ölkənin mövcud vəziyyətinə uyğun qiymətləndirilib qərar verilir. Hazırda xəstəxanalarda belə bir gərgin vəziyyət yoxdur ki, sərt karantin rejimi tətbiq olunsun. Sadəcə müyyən qədər maskanın və sosial məsafənin və digər qorunma qaydalarının gündəmə gəlməsi ola bilər. Bu, xüsusən irəlidə payız-qış aylarında olacaq. Hazırda ciddi bir vəziyyət olmadığı üçün hansısa bir sərt karantin rejiminə ehtiyac görülmür.

Yoluxma sayı hətta 1000-i də keçə bilər. Bu o demək deyil ki, hər yoluxan xəstəliyi ağır keçirəcək və ya xəstəliyin sipmtomları müşahidə olunacaq. Yəni hər yoluxma halı xəstələnmə halı demək deyil. Yoluxma sayında artım yay aylarında turistik səfərlərin çoxluğu ilə bağlıdır. İstər bizim ölkəyə, istərsə də bizim vətəndaşların digər xarici ölkələrə gedib-gəlməsi ilə əlaqədar olaraq və maskadan istifadənin tamamilə aradan qalxması səbəbindən yoluxma sayında artım gözlənilir. Amma bu vəziyyətin kritik həddə çatacağı, ölkə səhiyyəsinin gərgin vəziyyətə salınacağı gözlənilmir.

Rəqəmlərin 1000-in üzərində olması belə hələ də ölkə səhiyyəsini çətin vəziyyətə salmayacağı üçün qorxulu deyil. Sadəcə təbii ki, yoluxma sayı nə qədər çox olursa, xəstələnmə sayı da bir o qədər artır və ağırlaşma, stasionar xəstə sayı da bir o qədər artır. Amma xəstəxanaların çətin vəziyyətlə üz-üzə qalması üçün yoluxma sayının aylarla yüksək rəqəmlərdə qalması və ağır xəstələrin sayının çox olması lazımdır. Amma çox şükür ki, bu mutant variantda çox ağırlaşmalar görmürük”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər