“Yalnız lokal məhdudiyyətlər qoyula bilər”; İnfeksionist: “Reanimasiyada ağırlaşan xəstələrin sayı azdır”
Azərbaycanda və dünyada koronavirusa yoluxma yenidən artıb. Yazını hazırladığımız zaman açıqlanan son statistik məlumatlara əsasən, ölkə ərazisində 4943 mindən çox yoluxma faktı qeydə alınıb. Ölüm sayı isə 20 nəfər qeydə alınıb. Qeyri-rəsmi isə bu sayın iki dəfə artıq olduğu bildirilir. Ekspertlərin fikrincə, toy və yas məclisləri yoluxma mənbəyi olaraq qalır. Bəzi mütəxəssislər isə hesab edirlər ki, sərt karantin rejimi yenidən tətbiq edilə bilər. Yeri gəlmişkən, yanvarın 30-da Almaniyada sutka ərzində yeni COVİD-19 infeksiyasına 119 minə yaxın, Rusiyada 121 mindən artıq, Ukraynada 25 minə yaxın, əhalisi 4 milyona yaxın olan qonşu Gürcüstanda isə 17 500 artıq yoluxma halı qeydə alınıb. Bir neçə həftə ərzində “Omikron” ştamının daha çox yayılması və digər növləri sıxışdırması artıma səbəb olub. Rusiyada vəziyyət o həddə çatıb ki, artıq 41 bölgədə 230 məktəb koronavirusa görə distant təhsilə keçib.
Afaq Əliyeva
Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva açıqlamasında bildirib ki, hazırda dünyanın 110-dan çox ölkəsində koronavirus infeksiyasının “Omikron” ştamı müəyyən edilib: “Bununla əlaqədar olaraq, ölkədə koronavirusun genetik variantlarının aşkar edilməsi üçün nəzarət gücləndirilib. Aparılan elmi tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Ötən il yanvarın 18-dən etibarən Azərbaycanda peyvəndləmə həyata keçirilir və bu günədək uğurla davam etdirilir. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində ölkədəki epidemioloji vəziyyətin sabit qalmasına nail olunub”.
Həkim qeyd edib ki, koronavirusun “Omikron” ştamının simptomları çox vaxt kəskin respirator infeksiya simptomlarına bənzəyir: “Yeni ştam əsasən yuxarı tənəffüs yollarına – burun və boğaza təsir edir, koronavirus infeksiyasının digər ştamlarına nisbətən ağciyərlərə daha az yayılır. ”Omikron”un ən çox qeydə alınan simptomları – baş ağrısı, burun axması və boğaz ağrısıdır. Həmçinin yeni ştama yoluxmuş şəxslər yorğunluq, qızdırma, bədən ağrıları və gecə tərləmələrindən şikayətlənirlər. Koronavirus infeksiyasına qarşı ən yüksək müdafiəni peyvənddən sonra yaranan anticisimlər verir. Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin elmi araşdırmaları göstərir ki, vaksinin buster dozası 50 yaşdan yuxarı insanlarda “Omikron” ştamına qarşı müdafiəni 95 faiz artırır. Eyni zamanda vətəndaşlarda “Omikron”a görə xəstəxanaya düşmək riskini 88 faiz azaldır. Araşdırmalara görə, yeni ştamın inkubasiya dövrü daha qısadır, lakin “Omikron”la təkrar yoluxma riski “Delta” ilə yoluxmadan bir neçə dəfə çoxdur. Yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra gücləndirici (buster) doza ilə peyvəndlənmək vacibdir.
Musa Quliyev
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də mediaya açıqlamasında bildirib ki, qapanmalar yoluxma sayı ilə bağlı deyil. Onun sözlərinə görə, qapanmalar bütün dünyada adətən stasionarda yerlərin sayı ilə bağlı olur: “Yəni stasionarda ağır xəstələrin sayı çox olanda, xidmət göstərmək çətinləşir. İndi koronavirusun ”Omikron” ştamı geniş yayılsa da, insanlar yüngül keçirir və qısa müddətə sağalırlar. Evlərdə artıq onlara kifayət qədər tibbi xidmət göstərilmə imkanları var”.
M.Quliyev qeyd edib ki, hazırda böyük qapanmalardan söhbət gedə bilməz.
Mərdan Əliyeva
Həkim-infeksionist Mərdan Əliyeva “Yeni Müsavat”a bunları deyib: “Yoluxma sayı, aktiv xəstə sayı artır. Amma bu, ”Omikron” variantı hesabınadır. Ağırlaşmaların sayı azdır, pnevmoniya ağırlaşmaları az olur. Xüsusi risk qrupuna daxil olan şəxslər istisna olmaqla, immun sistemi yaxşı olan insanlarda “Omikron” variantı çox ciddi ağciyər çatışmazlığı, pnevmoniyalara səbəb olmur. Buna görə xəstəxanaya yerləşdirmə sayı da nisbətən az olacaq. Yoluxma sayı çox olsa da, reanimasiyada yatanların da sayı əvvəlki qədər olmayacaq. Sərt karantin nə zaman ola bilər? Xəstəxanalarda palatalar dolur, reanimasiyalar dolur. Ona görə sərt karantin rejimi tətbiq olunur ki, xəstələri yerləşdirə bilmirlər. Yoluxma sayının fevralda pik həddə çatacağını gözləyirik. Fevralın sonlarından artıq azalmalar olacaq. Əgər fevral ayında xəstəxanalarda çox ciddi yer problemi olmasa, məhdudiyyətlərə gedilməyəcək. Lokal qaydada məhdudiyyətlər ola bilər. Amma ölkə üzrə olmayacaq”.
Aydın Əliyev
Həkim-radioloq Aydın Əliyev isə bizimlə söhbətdə bildirib ki, son həftələrdə kəskin respirator virus infeksiyaları-KRVİ xüsusən uşaqlarda daha aqressiv gedişə malik olub: “Uşaqlar əksər hallarda sinusit, otit, qastro-entero-kolit və pnevmoniya xəstəlikləri ilə ağırlaşır. Ona görə də COVİD-19 testi mənfi olub, fəqət KRVİ-nin büruzə verilmiş əlamətləri-hərarətin 38 dərəcədən yuxarı qalxması, qulaq ağrısı, büruzə verilmiş intoksikasion sindrom-ciddi halsızlıq, iştahasızlıq, öskürək, ürəkbulanma, qusma, diareya və s. oxşar əlamətlər varsa, vaxt itirmədən müalicəyə başlamaq məsləhətdir”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”