Yorğan- döşəklərimiz hansı xəstəliyi yayır?

2496

Gənələri qucaqlayaraq yatırıq

İsti yorğanınıza bürünüb, yumşaq yastığınızı qucaqlarkən əslində gənələri qucaqladığınızı, ya da  onların xəstəlik yaydığını düşünmüsünüz?  Deyəcəksiniz ki, dədə-babadan belə görmüşük də, xəstəlik yaysaydı, onlar da xəstə olardı. Haqlısınız. Amma mən də boş-boşuna xəstəlik yaradır demirəm. Əsasım var. İnanmırsınız oxuyun.

Oğluna bu cür yorğan və yastıqdan istifadənin qadağan edildiyi Aytəkin Məmmədova deyir, heç yatsaq yuxumuza da girməzdi ki, belə bir problem olar. Həmsöhbətimin sözlərinə görə, ötən il yaz  fəslində  hər gün səhər tezdən oğlunun asqıraraq yuxudan oyanması, bu halın bir neçə saat davam etməsini əvvəlcə sadə qrip kimi qəbul edib.  “Yaz vaxtıdır, yəqin uşaq soyuqlayıb”-deyə düşünüb. Bu halın bir aydan artıq davam etməsi isə qrip ehtimalını azaldır. Həkimə müraciət edib, oğlunun yun və tükə qarşı allergiyasının olduğunu öyrənir.  O bunu eşidəndə çox təəccübləndiyini deyir. “Həmişə yorğan, yastığımız bu vasitələrdən hazırlanıb. Amma niyə oğlumda bu xəstəlik yaranıb?” Yazıda həm bu suala, həm də əvvəldə dediyimiz gənə məsələsinə aydınlıq gətirəcəyik.

Yağlılıq getsin deyə torpağa basdırılmalıdır

Düzdür, yataq vasitələrinin bu yun, tükdən hazırlanması adətdir, üstəlik, onlar bir çox xəstəliklərin müalicəsində də istifadə olunub. Yundan hazırlanan çadıra ilan yaxınlaşmaz, yun  soyuq keçirməz, tez islanmaz. Revmatizm ağrıları, ağciyər xəstələri üçün faydalı hesab olunurdu. Amma indi bu inanclar tamam dəyişib yun və tükdən hazırlanmış vasitələr insanlara zərər verir. Son vaxtlar yun, tükdən hazırlanan vasitələrdə yatmaq qadağası qoyulanların sayı artır.

Yağlılıq getsin deyə qırxılmış yuntorpağa basdırılmalıdır

Məlumdur ki, onlar nə qədər yuyulsa da, tərkibində hər zaman toz və yağlılıq qalır. Əvvəllər yunun yağlılığını azaltmaq üçün bir neçə gün ilıq suda saxlayar, döyəcləyər,  hətta torpaqda basdırardılar. Tükü də eyni qayda ilə yuyardılar.  Amma indi qızına cehiz, evinə yorğan- döşək hazırlayanlar üz tutur xüsusi şəxslərə. Yolu 8-ci kilometrdən düşənlər   10-15 qadının bir tərəfdə yun çırpdığını, bir tərəfdə də yorğan-döşək saldığını görüblər. Paytaxtın bir neçə bazarında xüsusi biznes yaradan bu qadınlar tənbəl xanımların ayıbını ört-basdır edib.  Hazır yorğan, yastığa ehtiyacı olanlar yollanır bazara sifarişi, pulu verir, deyilən vaxta da gedib götürür. Sırıqçı xanımlar deyir ki, bir müddət əvvəl Türkiyənin sintetik yorğan-döşəkləri bazara daxil olanda, ənənəvi vasitələrə marağı azaldı. Amma sonra həmin vasitələrin xərçəng yaratdığını dedilər. Ondan sonra hamı başladı dəbə-baba qaydası ilə yorğan –döşək saldırmağa.  Amma bu qadınlar  yunu necə yuyur, harada yuyur bilən yoxdur. Üstəlik, əvvəllər  yorğan döşək salınandan sonra ən azı ildə bir dəfə açıq havaya atılardı. Amma indi onlar hazır olan kimi maşınlara yüklənib gətirilir, evin bir küncündə yığılır.

Bir qramında 10 min gənə

Təmiz yuyulmayan yun, quş tükü allergiya yaradan həşəratların yaşaması üçün əlverişli məkan olur. Ekspertlərin fikrincə, bir qram ev tozunda 10 mindən çox gənə olur. Bu isə allergiya, asma krizlərinin ortaya çıxmasına səbəb olur. Bir gənə bir neçə ay ərzində öz ağırlığının  200 misli qədər atqı maddəsi ifraz edir.  Bu maddələr isə  istiyə dayanıqlı olurlar.  Ev gənələri əsasən yundan hazırlanan əşyaların yorğan, yastıq, xalçalarda toplanır. Onlara toxunduqda isə gənələr ətrafa yayılır. Ev gənələri insanların dərisi, saç qırıqları, kəpəklə qidalanır. Soyuq, quru, işıqlı və daim havalandırılan yerlərdə inkişaf etməzlər. Amma bu gün iş şəraiti, yer məhdudluğu yorğan döşəyin  nəinki ildə ayda, heç ildə bir dəfə də havalandırılmasına imkan vermir.
Araşdırmalara görə, allergiyanın yaranmasının qarşısını almaq üçün evin bütün hissəsi, ən azından yataq otaqları mütləq günəş işığı görməlidir. Ev hər gündə bir  neçə dəfə havalandırılmalıdır. Qışda otaqlarda temperatur ən azı 20-22 dərəcə olmalıdır. Yataq otağında əşyaların sayı az olmalıdır. Döşəmədə xalça olmamalı, yun və quş tükü yerinə, sintetik liflərdən hazırlanan vasitələr istifadə edilməlidir. Tez-tez yuyulmalı, yastıqlar ən azı 2-3 ildən bir dəyişdirilməlidir.

Şərikli çörək” filminin qəhrəmanı üçün yun çubuğu həm də çörək ağacı idi

Yundakı  gənələr toz vasitəsilə  burnumuzdan bədənə daxil olur

Pediatr-allerqoloq Fidan Əlirzayevanın  sözlərinə görə, son vaxtlar allergiyalı xəstələrin sayı artıb.“Ev tozunun  tərkibində gənə hissəcikləri var. Yun, tükdən hazırlanmış vasitələrdə hər zaman toz olduğuna görə, gənələr də rahat yaşaya bilir. Yatanda  beyindən dəriyə ötürülən sinir əlaqələri  kəsilir.  Yunun tərkibindəki  gənələr toz vasitəsilə dəri, burnumuzdan bədənə daxil olur. Gənələr yuxarı tənəffüs yollarında allergiya yaradır. Uşaqların  gecələr bir neçə dəfə oyanıb öskürməsinə də səbəb məhz həmin gənələrdir”.

Yun ən böyük allergenlərdən biri imiş

Allerqoloqun sözlərinə görə, yun, tükə qarşı  allergiyalar həmişə olub, amma əvvəllər bunun səbəbi tam anlaşılmırdı. Bundan başqa əvvəllər yorğan-döşək yay vaxtı uzun müddət açıq havada saxlayırdılar.  Çünki rütubətli yerdə gənələrin sayı artır. Günəş istisi isə onları öldürür. Yun və tükə qarşı allergiya yalnız bədənində digər vasitələrə qarşı allergiyası olan şəxslərdə müşahidə olunur. Allergiya insanın bədənində olur, sadəcə bu vasitələr üzə çıxardır”.
Allerqoloq onu da bildirdi ki, son illər allergiyalı xəstələrin sayı artıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumata görə, 5-6 ildən sonra allergiya dünya üzrə ən çox yayılmış  ən  məşhur üç xəstəlikdən biri olacaq.  Hətta bu xəstəlik xərçəngdən daha çox yayılacaq. Qohum nikahlar, süni mayalanma, qidalanma bu cür xəstəliklərin sayını bir az da artırır. Valideynlərdən biri allergikdirsə, doğulan uşaqda 30% allergiya ola bilər, hər iki valideyndə allergiya varsa, doğulan uşaq 90% allergik olur. Bu da gələcəkdə allergiyanın ən çox yayılacaq xəstəliklərdən olma ehtimalını artırır.

Həkimlər də həyəcan təbili çalır. Yaxın gələcəkdə allergiya ən təhlükəli xəstəliklərdən birinə çevriləcək. Bunun qarşısını almaq üçün çətin olsa da, müdafiə üsullarından biri yun və tükdən imtinadır. Yunu təmiz yuyub, ildə bir neçə dəfə havalandıra bilməyəcəksinizsə, o zaman evlərinizi gənələrlə doldurmayın.

Gülxar Şərif
publika.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər