Yurd həsrəti, torpaq nisgili, vətən dərdi yüz minlərlə qaçqın və məcburi köçkünün sinəsində sağalmaz yaraya çevrilib. Bu yaranın məlhəmi isə ancaq boş və xaraba qalmış el-obaya qayıtmaqdır. Heyhat…
Dördgünlük aprel müharibəsi ölməkdə olan ümidlərə yeni həyat verdi, insanların itmiş inamını geriyə qaytardı. Artıq məcburi köçkünlərimiz tezliklə həsrət qaldıqları ev-eşiklərinə dönəcəklərinə əmindirlər.
Yazıçı-jurnalist İmamverdi İSMAYILOVun illər öncə ürək yanğısı və göynərtisi ilə qələmə aldığı “Yurd gürzəsi” hekayəsinin aktuallığını nəzərə alaraq diqqətinizə təqdim edirik.
Yox, ta dözə bilmirdi. Bu qaranlıqda və darısqallıqda yaşamaq, nəfəs almaq zillətdir. Birinci kərəydi ki, yuvası ona belə dar, darıxdırıcı və məşəqqətli gəlirdi.
Gürzə içəridə – öz yuvasındaca qıvrılıb boğulurdu, darıxırdı. Yuvası torpağın minillik qatındaymış kimi belindən basır, havasını ağırlaşdırırdı.
Yuva yeri – qıvrılıb, dolanıb yatmaq, yuva yolu isə – sürünmək üçündür, bezikdirici olsa da, hər halda, gürzə bunu adi bir həqiqət kimi dərk edirdi.
Quyruğunun ucu gizildəyirdi və hiss edirdi ki, xallı sinəsində qıcıqlanan ilıq bir istək yatmaqdan korşalmış beynini açır, hərəkətə gətirirdi.
Odur ey, çöldə həyat buğlanır, nəyimə gərək, andıra qalmış yerin altı ölülər üçündür!..
Gürzə yastı başını içinə qısıb qıvrıldı, burulub çöndü. Çöllərə, dünya işığına həsrətlə tamsınaraq quyruğunu qısdı. Başını toxundurub yuva yolunun çəmini tapdı, hıqqıltıyla yuxarı – dünyanın işıq nöqtəsinə dartındı. Soyuq torpaq bədənini sıxıb hərəkətini çətinləşdirir və beləcə onun işıqlı səmaya çıxmaq həvəsini birə-beş artırırdı.
Hər cür ağrıya, əzaba dözməyə nə var, biləndə ki, sən azadlıq eşqiylə mübarizədəsən və qarşıda səni uzanıb gedən dünyanın genişliyi gözləyir…
Havaların belə sazaq vaxtı yerin üzünə çıxmaq, hərəkət istəyi diri gözlə ölümə sarı sürünmək idi – bunu ilan yaxşı başa düşsə də, dayanmadan həsrətinin işığınca dartınırdı.
Ancaq neynəməli, bu dünyada azadlıq istəyini, işıq həsrətini, yaşamaq meylini heç nə və heç bir şey əvəz edə bilməzdi!..
Neçə gündür çöl üzü görmürdü, bozanaq dağların, boğuq dərələrin, biçənəklərin, mal-davarın, insanların hənirtisi üçün əməlli-başlı darıxmışdı. Anası öyrədirdi ki, ilan nəslində bir qaydadır: yazda və payızda gündüzlər, yayda isə gecələr ova çıxarlar.
Qəfil bir gündəcə iki Allahsız bəndə gürzənin anasını, bacı-qardaşını qanına qəltan elədi, o özü isə ölüm-dirim sıyrılıb qaça bildi, haça dilini çıxarıb yalmana-yalmana özünü kola-kosa soxdu.
“Bizim adımız çıxıb, – ilan fısıldadı, – bu insan məxluqu ki, var – özləri, özləricə zəhər tuluğudur. Uçurmasa, vurmasa, qan tökməsə rahatlıq tapmır. Bunların yaranışından xisləti belədir. Yoxsa bu dünyanı belə-belə savaşlara qərq etməzdilər…”
O faciədən sonra qırx gün, qırx gecə hikkəsindən və nifrətindən yuvadan çıxmadı və hətta günlərin bir günü bu yurddan baş götürüb, rədd olub getmək istədi.
Ancaq yox, gürzələr yad yurdda yaşaya bilməzlər, yaşamazlar! Yuva qurub nəsil artırmazlar. Siz ki, bunu bilməlisiniz!..
Ovu, qovu da, ölümü, qan-qadası da burda – sinəsi dağlı yurddaca şirindi. Şirindi, qardaş!..
Qürbətdə xan olunca, vətəndə dilən gəz, sürün gəz. İt ol, qurd ol, daşa, torpağa çevril; nə olursan ol, amma yenə yurd yeri, yurd yeri – öz qiblən, öz məbədin…
Qəribəydi, bir belə hikkə, kin-küdurətlə, di gəl ki, heç kimə, heç bir bəni-insana toxunmaq, çalmaq, zəhərləmək istəmirdi.
Zəhərini töküb qurtaran ilan elə bil ki, həyatını başa vurur, demək, daha yaşamır…
Aman Allah, bu nə taledir; deməli, yaşamağın xətrinə, qurtuluş naminə zəhərləməlisən?! Onda belə çıxır ki, yaşamaq üçün ölməlisən?!
Hər canlının və hər cansızın – bütün yaranmışların özünəməxsus gözəlliyi, qüvvəti və əzəməti var.
Gürzə yaxşı başa düşürdü ki, onun gücü və əzəməti – içindəki zəhər tuluğundadır. Zəhərsiz ilanı kimdir saya alan, hesablaşan?! Beləcə, ilanın zəhəri qorxu gətirir, qorxurlarsa, demək, hökmün də var, sayılırsan, qorxu olan yerdə isə qarşı tərəf düşmənə çevrilib ölüm gətirir. İmkan, məqam düşəndə üstünü kəsdirir, məhv edirlər.
Qorxu mübarizə hissləri yaradır. Görünür, yaşamaq eşqi belə tələb edir!..
Tək səni yox, – ilan içini çəkdi, – səninlə birgə ölümü, qorxunu da öldürür insanlar!..
Sirli-sehrli kainat heç kimi və heç nəyi qayğısız və ələmsiz, döyüşsüz və mübarizəsiz xəlq eləməyib. Hərənin öz ömür yolu, dərd-səri və alın yazısı var.
Çöllərin havasını udub nəfəsini dərdi: “Ax, nə yaxşıdır; bu da işıqlı həyat!..”.
Gürzə canına qüvvət yığdı, yurdun doğma hənirindən mehirlənib xoşhal oldu. Dağların təpəsində ocaq qalamış günəş gürzənin gözlərini qamaşdırır, üzüntülü havada sınan şəfəqlər əl uzadıb onun xal-xal boyunca gəzişirdi.
Yuvanın ağzında dartınıb, dolaşıb yığışdı, yastı başını əyib dinşədi; rahatlanıb nəfəsini dərdi.
Payızın nakam vədəsi, havaların belə tez sınması düzə-düzəngaha qəribə bir ağırlıq, məyusluq gətirmişdi.
Axşamın soyuğu, sazağı çəkilib getmişdi, payız səhəri dumanlı-çənli gözlərinin acısını alırdı.
İsti yellər şehli-qırovlu dərələrin bozanaq selini, dumanını və çənini ürkək qoyun sürüsü kimi dağların dibinə qısnamışdı, bir azdan, gün qalxar-qalxmaz boz qurd kimi bu sürünün axırına çıxacaqdı, əridib isti ilğımlara döndərib aparacaqdı.
Gürzə bir az gözlədi, gün işığı onun nəm çəkmiş xallarını isidib qırışığını açır, beynini, hafizəsini təzədən bərpa edirdi.
Həəə, indi aşağılara sürünə bilərdi…
Uzun, haça dilini çıxarıb hissiyyatını, duyğularını işə saldı, ilin-günün belə vədəsindəcə quruyub qarsımış havadan ağlı bir şey kəsmədi. Tamsına-tamsına qıvrıldı, acı tikəyə dönmüş hava seli yumurlanıb boğazına tıncıxır, sonra beli boyunca gəzişir, sıxılıb-sıxılıb gödək quyruğundaca əriyirdi.
Bu nədir, ya Rəbb?!
Hələ bu yerləri belə qərib, miskin, darıxdırıcı, üzüntülü və belə hənirsiz görməmişdi… Hava qurumuş və turşumuş alça cecəyi kimiydi…
Əlini bir-birinin çiyninə qoyaraq yasa batmış dərə-təpə, ilanın özü kimi qıvrılıb qabıqdan çıxan yol-riz can üzən intizarın, içindəcə çapalayırdı.
Torpağın üzündə dəmirov kimi qaysaq bağlamış biçənəklər, axçası saralan qaratikan kolları mal-davar üzünə həsrət-həsrət baxırdılar.
Hı-ııı-hhh. Yox, belə ola bilməz, ola bilməz belə…
Hanı bu yerin insanları, səsi-küyü aləmi bürüyən oğulları hanı? Bu düzlərdəki at minib, meydan sulayan ərənlər niyə belə qeyb olublar?!
Ehey, ey sal biləkli, haça ürəkli igidlər, haradasınız, səsiniz niyə gəlmir?..
İlan qıvrıldı: “İgidin ürəyi haça olar, – deyiblər, – mənim dilim kimi. Ətrafı bu haça dilimlə duysam da, duyğularımı işə salıb, təmasda olsam da, heç nə, heç nə… Dilin haçalığı rəzalətdir, ürəyin haçalığı isə qorxmazlıq, döyüşkənlik rəmzidir. İgidə ürək lazımdır, ürək – haça ürək; birini qoyub biriylə vursun…”
Gürzə başını qaldırıb ürəkləndi: “Yanında igid olsun, kol dibi evin olsun!..”.
Tələsmə, tələsik fikir yürütmə, elata doğru sürün.
Qıvrılıb, fırlanıb özündə güc topladı. Elatın sözüdür; qüvvə hər şeyi, qüvvənisə ağıl sındırar.
Həmişə hay-küylə dolu olan məktəb xəzan vurmuş bostan kimiydi, səssizlik içindəcə boğulurdu. “Bir yerdə ki məni sürünənlər kimi öyrədirdilər və hələ də öyrədəcəklər, bağlı qalsa yaxşıdır. Ay sizə mən nə deyim, iş tapıblar özlərinə. Bəs sizi necə, ay iki ayaqlılar, fərarilər, qaçanlar sinfinə bağlamaq olarmı? Sizin ayaqlarınız torpağa dəyir, mənimsə, bax, bu sinəm, bu ürəyim üstündədir torpaq…”
“Məlunlar! Müstəbidlər!”
Ürəyi az qalırdı atlanıb çıxa sinəsindən:
“Mənəmmi sürünən? Mən zəhmliyəm, güclüyəm, dözümlüyəm, mübarizəm! Mən qoltuqlarda gəzmənəm, ölü can yemənəm, öz ovumu, qidamı özüm qazanaram, diri-diri udmasam – yaşamaram.
Mənim canım, damarlarım gör bir necə də güclüdür. Siz mənə dayaq nöqtəsi, söykənəcək, əl ilişəsi bir yer verin, görüm kim mənə bata bilər, güc gələ bilər?! Burnumun ucunuca yuvama pərçim eləyə bilsəm, vəssalam, yüz qol tutub, yüz biləklə gəlin, güc verin, ha qaldırın, ha dartın… Kim məni öz yuvamdan qoparıb çıxara bilər?..”
Ihı-ııı… Bax, bu da qaratikanlıq. Buralar ki, toyuq-cücəylə, qurd-quşla dolu olardı.
Nəfəsi qurusa da, maraq onu qabağa dartırdı. Aha, bu da kənd-kəsək, yurd yeri. Boş qalmış evlər səssiz-səmirsiz elə baxırdılar ki, elə bil qədim əyyamlardan burda bir canlı yaşamayıb.
Hiddətindən içi doğranırdı.
Hara, hansı ellərə getdiniz? Harada it-bat olmusunuz, harada?! Eşitməmisinizmi; qürbətdə xan olunca, vətəndə dilən gəz, sürün gəz!..
Gör bir anası necə də hikmətlə deyirmiş: “Yurddan çıxsan da, eldən çıxma…”
Ballı-şirəli otlardan yeyib-tıxmış boz kəhər buralarda meydan sulayar, yalını yelə verə-verə kişnəyərdi. İndi yeli qalmışdı, yerə basdırılan mıx əyilib-burulub haçalanmışdı, cidarlanmış kəhər qəzəbindən ipi qırıq-qırıq eləyib yoxa çıxmışdı. Yandakı kalafada sümsünən qoca qatır isə heç nəyi vecinə almadan gövşəyirdi. Tükünü tökə-tökə canı hayındaydı. “Belə otlayan idin, niyə arıq düşdün, ay yazıq?!”
İlan elə bil təzəcə ayılırdı, yuvanın boğanağından keyişən qulaqları indi səsə gəlirdi.
Yer-yurd od-alovun, gurultunun içində boğulurdu. Nəriltisi dünyanı götürmüş mərmilər elə bil göydən yağır, yerdən çıxırdı…
Bilmək olmur; atan kimdir, vuran kim?
Hara atırlar və niyə atırlar?
Damarından bal dadan qarı dağlar, qarlı dağlar ağzına su alıb durmuşdu, qurğuşun, barıt nəfəsi bu yerlərin bakirə havasını boğazlamış, dağı-dərəni məhvərindən çıxarıb baş-başa gətirmiş, əhdini kəsmişdi. Bəyaz çöllər bətnində körpəsi boğulmuş ana kimi idi…
Toz-tozanaq içində itən meşələrin üz-gözünə elə bil kəfən çəkilmişdi…
Gürzə sımsındı: bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar, – deyiblər. İndi isə hər şey tərsinə çönmüşdü, mıx nalı, nal atı, at igidi, igid eli qoyub getmişdi… Ay sizin…
Adda-budda kol-kosa ilişib qalmış, giliz havasında boğulub diri-diri partlamaya düşmüş quş-ördəyin, mal-davarın cəsədi çöllərə səpələnmişdi, iyi-qoxusu dərəni başına götürmüşdü.
Nəslən təmizliyi, nizam-tərəzini gözləyən gürzənin canına vicvicə düşdü, kirin-kirsavın içində itib-batmış düzlərin ağır havası ətini ürpəşdirir, irmənir, damağını qurudurdu.
Sürünüb gəldiyi yol-rizin, kol-kosun iynəsi, tikanı canına darışmışdı və elə bil xallı-pullu dərisini, al-qumaş qabığını dartıb əynindən çıxarıb yurdsuz-yuvasız qoymuşdular onu… İlin-günün belə vədəsi dəri dəyişmək, qabıqdan çıxmaq olarmı?!
Açılıb-dartınıb süründü…
Qarşıdakı çəmənlikdə bir səs-küy vardı ki, gəl görəsən; toplanıb, dəstələnib yeyib-içirdilər, səsləri də əcaib idi; nə dildə dilləşib mırt vururdular – gürzə yad nəfəsli bu səslərdən bir şey andıra bilmədi.
Kabab çəkib, şərab içirdilər. Elat quzusundan şişlənmiş kababın, torpağın damarından sorulmuş şərabın tamı gürzəni tamsındırsa da, nəfsini içinə qısıb nifrətlə baxdı. Birisi yekəpər, uzundraz ayaqlarını kolluğa uzadıb heç nəyi vecinə almadan, hayıl-mayıl dürtüşdürürdü.
Sən bunların tamah dişinə bax!.. Bir versən, bir də istər, hələm desən, yatmağa yer də istər?!.
Al, bu da sizin zəhər payınız; hımm… halalınız olsun!
Gicgahlarını sıxıb çevrildi, beynində şimşək çaxdı, od közərdi; yumşaldı, boşaldı, yüngülləşdi, elə bil dünyanın ağır yükünü boşaldırdı.
Torpağın mayasından, suyundan, ot-əncərindən, daş-qumundan yığıb sorduğu zəhərini elatı qan-qadaya calayan düşmənə qaytarırdı, yağı düşmənə… Hər şey bircə anın içindəcə baş verdi. Kimsə o yekəpər qıçlarını yığıb böyürdü, mələdi, hürdü, bir soyuq əl qoxunun, vahimənin gücüylə quyruğundan dartıb ilanı öz canından qopartdı və… qaldırıb fırlatdı, fırladıb aşağıya, şax-şəvəlliyə tullamağa macal tapa bildi. Kol-kosun içinə düşən ilan çevrilib qısıldı, qıvrılıb yığıldı, yastı başını yerə sığayıb özünə gəlməyə, dumanlı hisslərini durultmağa çalışdı. Ona elə gəldi ki, zəhər dişini, ağzının tamını o cəsədin üstündəcə qoyub gəlmişdi. “…Əti-qanı nə yaman zəhərdir bunun, zəhər tuluğu köpək oğlunun…”
Yuxarıda – çəmənlikdə ilan çalanın ah-naləsi, mələrtisi düzü-dünyanı bürümüşdü. Acı zəhər deyəsən, indi-indi öz işini görürdü: isidə-isidə, soyuda-soyuda, simləyə-simləyə üzü yuxarı yeriyirdi.
“Yeri mənim zəhərim, – ilan hıqqıldadı, – yeri, bu qansızın gözünə, qulağına, beyninə, dilinə yeri…”
Yad dildə hədyan danışan, qarğıyıb şivən qoparan o aciz və peşman məxluqun dili yavaş-yavaş quruyurdu və bəlkə də gecikmiş vəsiyyətini eləyir, son təəssüfünü yaşayırdı bu bəduğur canlı…
Qalibiyyətini dadmış, dişinin dibindən çıxanı düşmənin qanına calamış yurd gürzəsi zəhərinin gücünü görüb qüdrətindən qımışdı, içində rahatlıq, yumşaqlıq duydu.
Aşağıya yellənib özünü şax-şəvəlliyə pərçim elədi; durmaq vaxtı deyildi, yuxarıdan onun qarasınca atılırdı, güllələr hiddətlə axışır, başının üstündəki yarpaqları, şəvəlliyi qarsıb ötüşür, sonradan lakafalarda ilişib sönürdülər.
“Bu nə qandır, nə tamdır belə bunlarda?! – ilan içini çəkib aşağılara süründü. – Nəfəsləri kəsilincə didişirlər, bölürlər və… ölürlər… Vəssalam…”
Harada insan var, orada fəlakətdir, müharibədir, yanğınlar baş alıb gedir, zəlzələ yurdları diri-diri udub aparır. Ancaq yox… yox! Kim nə deyir-desin, insansız, hənirsiz, nəfəssiz yurd kimə lazımdır?! İnsanın ayağı dəyməyən, nəfəsi toxunmayan torpaq canı olmayan varlıq kimidir… Sahibsiz məmləkətlərdə itlər ulaşır, donuzlar otlayır və budey, sənin kimi ilanlar mələşir…
İnsansız yurd yeri qəbirsiz meyit kimidir, urvata, imana-dinə gəlməz, xeyrə calanmaz. İnsanı olmayan dünyanın sonudur demək!..
Ey, eheyyy, heyyy! Kim var orda? Hanı bu yurdun yiyəsi? Bu yurdun yiyəsi varmı?!
Sürünüb-dartınıb tələm-tələsik təpənin qılıcına qalxdı. Aman Allah, bu ki, xırman yeriydi, çal-çağırlı, toy-büsatlı, elin-obanın yığnaq yeri olan xırman. İlan qısıldı: “Buğdadan, arpadan əlim üzüldü, ümidim, sənə qaldı, ay darı xırmanı…”
Gürzə hiss edirdi ki, içində ağlayıb-sızlamaq, ağrısını-acısını bu torpağa boşaltmaq istəyi cövlan edir.
Hikkəsindən az qalırdı ortasından cırılsın. Bir kimsə yoxmu dərdini desin? Yığılıb-açıldı, boynunu qaldırdı, üzünü göyə tutub əməlli-başlı nərildədi:
– Ehey haradasan, ey ulu Tanrı? Haradan durub hara baxırsan? Necə dözə bilirsən bu haqsızlığa?! Necə göz yumursan bu fəlakətə?! Bu ikiayaqlıları nədən yaradıb xəlq elədin?! Savaş-fəlakət üçünmü, şərbət əvəzinə qan tökülüb qan içmək üçünmü? Eşidirsənmi, insansız yurdların, sahibsiz torpaqların başının üstündə necə duruş gətirirsən, ey ulu Tanrı, nə təhər tablaşa bilirsən?! Səninləyəm, niyə, niyə susursan?!
Gürzəni öz-özünə dəhşət bürüyürdü, hiss edirdi ki, qalxmaq, ayağa durmaq qüdrətilə ürəyi çırpınır. Qalxmaq, kainata səs salmaq və nəfəsi yetincə bağırmaq istəyirdi!..
Hiddət və nifrət bütün canlılara qüvvət və qeyrət gətirir…
Güllələr göz qırpımında yağır, torpağın bağrını dəlib-deşir, yuvasız siçanlar kimi civildəşirdi. Qibləsi olmayan mərmilər hara gəldi atılırdı, yoxuşa diklənirdi, düzü-düzəngahı, yal-yamacı qarsır, hərdən də xırmana dil uzadırdı.
Gəl, gəl bəri görüm, səni bax, bu zəhərsiz dişlərimlə didməyə hazıram!..
Yurd gürzəsi yay kimi açılıb qalxdı, bir göz qırpımında irəli şığıdı, sanki güllənin özündən də cəld sıçradı, odlu-alovlu gilizləri qapıb-qamarlamaq, udub soyutmaq istədi.
Gürzələr gilizləri ötürmürlər, odlu güllələri boş-boşuna buraxmırlar… Yer-yurd baş-başa gəlib nərildədi, sinəsi dağım-dağım olmuş gürzənin gözləri torlaşdı, beyni qurudu, boşalıb torpağa düşdü.
Üzü soyuq torpaq isti, imisti cəsədin cızdağını çıxarır və elə bil son həsrətini alırdı…
Müzakirə qapadılmışdır.