Sumqayıt şəhər Kimyaçı Mədəniyyət Sarayında ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə, tələbə adını qazanan məzunlar, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gəncləri əldə etdikləri uğurlar münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.
Zakir Fərəcov son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb və bu sahənin dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Şəhər rəhbəri bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Görülmüş işlər gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır.
Qeyd olunub ki, qəbul imtahanlarında iştirak edən 2490 abituriyentdən 1906 nəfəri yəni məzunlarımızın təxminən 77%-i tələbə adını qazana bilmişdir ki, bu da ölkə üzrə ən yüksək göstəricidir. Ali məktəbə qəbul olan məzunların 460 nəfəri, yəni 24%-i 500-dən, o cümlədən 154 nəfəri, 8%-dən də çoxu 600-dən çox bal toplayıb. Üç təhsil müəssisəsində qəbul 100% olub. Eləcə də 15 sinif üzrə ali məktəbə sənəd verən məzunların hamısı tələbə adını qazanıb.
Çıxış edən məzunlar və təhsil işçiləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Məzunlar onlara bəslənən ümidləri doğruldacaqlarına söz veriblər.
Sonda ali məktəblərə qəbul olunan tələbələrə hədiyyələr, qabaqcıl müəllimlərə isə fəxri fərmanlar verilib.