Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasının Lüdviqshafen şəhərinə səfər edib.
Səfər çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Lüdviqshafen şəhərinin meri professor Klaus Blattner ilə görüş keçirib. Görüşdə Sumqayıt və Lüdviqshafen arasında uzun illərdir davam edən dostluq və əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti, həyata keçirilən birgə layihələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Zakir Fərəcov görüş zamanı qeyd edib ki, Sumqayıt və Lüdviqshafen şəhərləri arasında dostluq əlaqələrinin əsası 1977-ci ildə qoyulub və ötən dövr ərzində bu münasibətlər qarşılıqlı etimad, hörmət və səmərəli əməkdaşlıq prinsipləri əsasında uğurla inkişaf edib. Bildirilib ki, mədəniyyət, təhsil, gənclər siyasəti, ekologiya, şəhər idarəçiliyi və digər sahələrdə həyata keçirilən layihələr iki şəhər arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verib.
Görüş zamanı gələn il Sumqayıt və Lüdviqshafen şəhərləri arasında qardaşlaşma münasibətlərinin 50 illik yubileyinin qeyd olunacağı vurğulanıb. Bu əlamətdar hadisə ilə bağlı keçiriləcək tədbirlər, birgə layihələr və yubiley proqramı ətrafında müzakirələr aparılıb. Tərəflər yarım əsrlik dostluq münasibətlərinin gələcək nəsillər üçün də möhkəm təməl yaratdığını qeyd edərək əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini bildiriblər.
Görüşdə Lüdviqshafen şəhərinin sabiq meri Eva Lohse də iştirak edib. O, uzun illər ərzində iki şəhər arasında münasibətlərin inkişafına göstərdiyi dəstəkdən bəhs edərək dostluq əlaqələrinin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Səfər proqramı çərçivəsində Sumqayıt nümayəndə heyətinin şərəfinə Lüdviqshafen şəhərinin ənənəvi Şəhər Günü tədbirləri çərçivəsində konsert proqramı təşkil olunub. Tədbirdə çıxış edən Zakir Fərəcov Sumqayıt və Lüdviqshafen arasında formalaşmış möhkəm dostluq münasibətlərindən danışıb, bu əlaqələrin hər iki şəhərin sakinləri arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafına xidmət etdiyini bildirib. O, yeni seçilmiş mer professor Klaus Blattneri təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nümayəndə heyəti səfər zamanı Lüdviqshafendə fəaliyyət göstərən Sumqayıtlı Dostlar Cəmiyyətinin üzvləri ilə də görüşüb. Görüşdə cəmiyyətin iki şəhər arasında münasibətlərin inkişafına verdiyi töhfə yüksək qiymətləndirilib. Qeyd olunub ki, Lüdviqshafen şəhərində Sumqayıtla bağlı fəaliyyət göstərən şəxslər və dostluq əlaqələrinin inkişafında maraqlı olan ictimai fəallar məhz bu cəmiyyət ətrafında birləşərək iki şəhər arasında humanitar və mədəni əlaqələrin möhkəmlənməsinə dəstək göstərirlər.
Səfər çərçivəsində nümayəndə heyəti şəhərin tarixi və mədəni irsi ilə də yaxından tanış olub. Qonaqlar Lüdviqshafen şəhərinin muzey-qəsr kompleksini, eləcə də regionun tarixi abidələrindən hesab olunan Maudax qəsrini ziyarət ediblər. Tarixi memarlıq nümunələri və mədəni irs obyektləri ilə tanışlıq qonaqlarda böyük maraq doğurub.
Səfərin əsas məqsədi Sumqayıt və Lüdviqshafen arasında mövcud tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və iki qardaş şəhər arasında əlaqələrin gələcək inkişafına töhfə vermək olub.
Qeyd edək ki, Sumqayıt və Lüdviqshafen arasında yarım əsrə yaxın davam edən qardaşlaşmış şəhər münasibətləri Azərbaycan-Almaniya dostluq əlaqələrinin inkişafına mühüm töhfə verən uğurlu beynəlxalq əməkdaşlıq nümunələrindən biri hesab olunur.

















Müzakirə qapadılmışdır.