Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Şəhərin ictimai-siyasi həyatında fəal iştirakına və 75 illik yubileyi münasibətilə Əməkdar jurnalist Eyruz Məmmədovu təbrik edib və ona fəxri fərman təqdim edib.
Zakir Fərəcov bildirib ki, son 30 ildə bir-çox tarixi-sənədli filmlərin müəllifi olan, Azərbaycana qarşı uzun illər Ermənistanda və Dağlıq Qarabağda, eləcə də Bakı və Sumqayıtda törədilən erməni-daşnak təxribatlarının təhqiqi və ifşası istiqamətində 1988-ci ildən başlayaraq yorulmadan, vətənpərvər bir jurnalist məsuliyyəti ilə çalışan, keçmişimizin tarixinə aid sənədli əsərləri, roman və povestləri ilə nəinki yaşayıb-yaratdığı Sumqayıtda, bütövlükdə respublikada, hətta MDB ölkələrində və uzaq xaricdə də yaxşı tanınan Eyruz Məmmədov maraqlı həyat və zəngin yaradıcılıq yolu keçmişdir.
Sumqayıt hadisələrindən sonra ömrünün qalan hissəsini ekspert qismində bu olayların araşdırılmasına həsr etmişdir.
“Sumqayıtın əks-sədası” tammetrajlı, “Sumqayıtın əks-sədası-2” sənədli filmlərinin, “28-dən 29-na keçən gecə”, “Sumqayıtım mənim”, “2-ci paralel”, “Bir, iki, üç… və yaxud Qarabağ və erməni-daşnak mövzularını daim diqqət mərkəzində saxlayaraq bu sahədə araşdırmalarını ardıcıl olaraq davam etdirməklə yanaşı Eyruz müəllim son illərdə ədəbi yaradıcılıqla da məşğul olur. O, ümumilikdə 30-dən artıq kitabın müəllifidir.
Ötən illərdə Eyruz Məmmədov daha heç nə yazıb-yaratmasaydı belə, görkəmli Azərbaycan rejissoru Davud İmanovla birgə min əziyyətlə, təhlükələrlə üzləşərək ərsəyə gətirdikləri “Sumqayıtın əks-sədası” (“Эхо Сумгаита”) filmi və Sumqayıtın ilk qurucuları, həm də sonrakı nəsli haqqında yazdığı oçerklər silsiləsindən ibarət fundamental “Sumqayıtım mənim” kitabı ilə də daim seviləcək, yüksək dəyərləndiriləcəkdi.
Yazıçı-publisist və kinossenarist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədov göstərilən diqqət və qayğıdan razı qaldığını bildirib və bundan sonra da işlərini müvəfəqqiyətlə davam etdirəcəyini söyləyib.
Müzakirə qapadılmışdır.