2018-ci ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub.
Vurğulanıb ki, Sumqayıt şəhərdə cari ilin 6 ayı ərzində ümumdaxili məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz və ya 157 milyon manat artaraq 933 milyon manat olmuşdur. Sənaye müəssisələrində 705 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 123 faiz təşkil edir. Mühüm iqtisadi göstəricilərdən olan ticarət dövriyyəsi 460 milyon manat olmuş, əvvəlki dövrlə müqayisədə 27 faiz artmışdır.
Əldə olunan uğurlar, iqtisadi göstəricilərin ötən illə müqayisədə artması nəticəsində yerli büdcə gəlirləri proqnoza qarşı 3,2 milyon manat və ya 15,6 faiz artaraq 23,7 milyon manat olmuş, xərc hissəsi isə 20 milyon manat proqnoza qarşı 19 milyon manat və ya 94 faiz icra olunmuşdur.
Sosial-iqtisadi inkişafın artım tempi, əlverişli işgüzar mühitin formalaşması nəticəsində sahibkarlığın inkişaf etdirilməsi, yeni istehsal və emal müəssisələrinin yaradılması, tikinti, xidmət sektorlarının genişləndirilməsi istiqamətində atılan önəmli addımlar əmək bazarı və məşğulluq sahəsində irəliləyiş əldə etməyə imkan vermişdir.
Diqqətə çatdırılıb ki, Şəhər icra hakimiyyətinin yaxından köməyi və dəstəyi ilə 2095 nəfər işlə təmin edilmiş, 36 nəfərə işsizlik müavinəti təyin edilmişdir.
Hesabat dövründə şəhərin küçə və yollarının əsaslı və cari təmiri sahəsində müəyyən işlər görülmüşdür. İsmət Qayıbov, Babək, Ərşad Kərimov, Cəfər Cabbarlı, Kamran Hüseynov, Kimyaçılar küçələrində 105 min kvadratmetr, 2, 3, 6, 9-cu mikrorayonların, 41a, 41-ci və s. məhəllələrin ərazilərində 62 min kvadratmetr olmaqla, ümumilikdə 200 min kvadratmetrdən çox asfalt örtüyü döşənmiş, 15 min pm beton bardür dəyişdirilmişdir. 54 kanalizasiya quyusunun qapağı bərpa edilmişdir. Ağa Quliyev küçəsində əsaslı təmir işləri davam etdirilir.
Metallurq Yəhya Məmmədov küçəsi sənaye zonasından keçməklə Bakı-Quba yoluna qədər 4,0 km uzunluğunda yenidən qurularaq kompleks şəkildə əsaslı təmir olunur.
Şəhərin 9, 10, 11, 12, 13-cü mikrorayonlarında 60 yaşayış binasında dam örtüyünün metal-kirəmitlə əvəz edilməsi işləri başa çatdırılmış, 40 binada isə işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaxından köməyi sayəsində istismar müddəti ötmüş 105 ədəd lift dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Şəhərdə çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, istismar müddəti başa çatmış liftlərin yeniləri ilə əvəz olunması, cari təmiri işləri daim nəzarətdə saxlanılır. 2, 3, 17, 18-ci mikrorayonlarda, 45-ci məhəllədə 82 ədəd lift “onlayn” rejimdə işləyən intellektual idarəetmə sisteminə – Mərkəzləşdirilmiş Dispetçer xidmətinə qoşulmuşdur. Hazırda digər liftlərin də bu xidmətinə qoşulması işləri aparılır.
Qeyd olunub ki, ölkə rəhbərinin yaxından köməyi sayəsində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədi ilə xırda tutumlu, istismara yararsız, ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələrinin çox hissəsi xətlərdən çıxarılmış, sərnişinlərin rahatlığı üçün Türkiyə istehsalı olan 170 ədəd sərnişin avtobusu gətirilərək marşrut xətlərinə buraxılmışdır. Müasir tipli yeni dayanacaqların quraşdırılması işləri davam etdirilir. Xidmətin keyfiyyətinin daha da artırılmasına nail olmaq üçün əlavə olaraq 40-a yaxın yeni avtobus şəhərə gətiriləcəkdir.
Hesabat məruzəsi ətrafında qarşıda duran perspektiv vəzifələr müzakirə olunub, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Yığıncaqda Prezident İlham Əliyevə müraciət qəbul olunub.