Zakir Fərəcov hesabat verdi – 2019-ci ildə Sumqayıtda hansı uğurlar əldə olunub? - FOTO

2707

Sumqayıt şəhər İcra Hakimiyyətinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabatı

2019-cu ildə ölkə miqyasında davam etdirilən uğurlu islahatların məntiqi nəticəsi Sumqayıtın həyatında da özünü göstərib və ötən il bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Sumqayıta şəhər statusu verilməsinin 70 illiyinin ölkədə geniş qeyd edilməsi, yubiley tədbirində Prezident İlham Əliyev iştirakı hər bir sumqayıtlının yaddaşında silinməz izlər qoyub. Sumqayıtla bağlı çoxsaylı sərəncamlar imzalanıb, şəhər həyatının müxtəlif sahələrinin inkişafına maliyyə vəsaiti ayrılıb. Dövlət başçısının il ərzində şəhərə 3 dəfə səfər etməsi, mühüm əhəmiyyətə malik sənaye müəssisələrinin açılışında iştirakı, şəhər ictimaiyyəti ilə görüşü 2019-cu ilin önəmli hadisələrindəndir.

Bu barədə Sumqayıtın 2019-cu ildə sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov ətraflı danışıb.

Daha sonra şəhər icra hakimiyyəti başçısının müavini Sahib Quliyev hesabat məruzəsini səsləndirib. Bildirilib ki, Sumqayıtın simasını tamamilə dəyişən yeni istirahət guşələrinin, park və xiyabanların yaradılması həyata keçirilən sosial-iqtisadi layihələrin tərkib hissələrindəndir. Bu istiqamətdə reallaşdırılan ən mühüm layihələrdən biri Sumqayıtda Dənizkənarı bulvarın və şəhər çimərliyinin yaradılmasıdır.

Prezidenti İlham Əliyev noyabrın 21-də şəhərə növbəti səfəri zamanı Sumqayıt Dənizkənarı Bulvar Kompleksinin 1 kilometr uzunluğunda, 400 metr enində, ümumilikdə isə 40 hektar sahədə yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub. Səfər zamanı dövlətimizin başçısı bulvara xüsusi gözəllik verən, şəhərin mədəni həyatında özünəməxsus yeri olan Muğam Mərkəzinin açılışında iştirak edib. Şəhərin mədəni həyatını canlandıran mühüm layihələrdən biri də “Nizami” kinoteatrının müasir tələblərə cavab verən yeni binasının dövlət başçısının iştirakı ilə istifadəyə verilməsi olub. İkimərtəbəli binada hər biri 80-100 yerlik olmaqla, 3 kino zalı və digər inzibati otaqlar fəaliyyət göstərir.

Vurğulanıb ki, Sumqayıta şəhər statusu verilməsinin 70 illiyinin ölkədə geniş şəkildə qeyd edilməsi, abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi, 463 yaşayış binasının dam örtüyünün, 25 binanın fasadının, 77 liftin dəyişdirilməsi, 112 liftin, 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri və tibbi avadanlıqlarla təchiz edilməsi, 1 nömrəli şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın, “ASAN xidmət” mərkəzinin tikintisi, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutan sərəncamların imzalanması dövlət başçısının Sumqayıt və sumqayıtlılara göstərdiyi diqqət və qayğını bir daha təcəssüm etdirir.

Qeyd olunub ki, sənaye müəssisələrində 1 milyard 885 milyon manatlıq məhsul istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur. Ölkənin kimya sənayesinin aparıcı müəssisələrindən olan “Azərikimya” İB-nin perspektiv inkişaf planına uyğun olaraq dəyəri 1 milyard manat təşkil edən yenidənqurma və modernizasiya layihəsi üzrə işlər davam etdirilib.

Qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rola malik “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də yerli və xarici investorların marağı getdikcə artır. Hazırda Parkda investisiyalarının həcmi 3 milyard dollar olan 21 rezident qeydiyyata alınıb. 16 müəssisə istehsal fəaliyyəti ilə məşğuldur. İstehsalat və tikinti-quraşdırma işlərində əksəriyyəti Sumqayıt şəhərinin və ətraf ərazilərin sakinləri olan 5 mindən çox işçi çalışır. Təkcə ötən il parka 807 milyon 500 min manat investisiya yatırılıb. Almaniya texnologiyası əsasında ildə 8 milyon kvadratmetr müxtəlif çeşiddə şüşə lövhələr istehsalı və “Azərxalça” ASC-nin ildə 370 ton iplik və 195 ton təmiz yun istehsal olunacaq Yun Əyirici-Boyaq fabrikinin tikintisi davam etdirilir.

Yığıncaqda şəhər təsərrüfatının bütün sahələri üzrə görülən işlər haqqında məlumat verilib.

Qeyd edilib ki, ötən il ərzində şəhərin makroiqtisadi göstəriciləri də qənaətbəxş olmuşdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 2 milyard 113 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki dövrə nisbətən 2,3 dəfə çoxdur. Bunun da 1 milyard 800 milyon manatı tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.

Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 19 layihəyə 15 milyon 627 min manat güzəştli investisiya qoyuluşu nəticəsində 270 yeni iş yeri yaradılmışdır.

Nəqliyyat sahəsində göstərilən xidmətlər 15 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz çox, rabitə xidmətlərinin həcmi isə 2 dəfə artmış və 70 milyon manat olmuşdur.

Ticarət dövriyyəsi 1,0 milyard manatı ötmüş, əvvəlki dövrlə müqayisədə 10 faiz artmışdır. Orta əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artaraq 525 manat təşkil etmişdir. Əldə olunan uğurlar, iqtisadi göstəricilərin artması nəticəsində yerli büdcə gəlirləri proqnoza qarşı 11 milyon manat və ya 20 faiz artaraq 65 milyon manat olmuş, xərclər isə 53,5 milyon manat və ya 99,3 faiz icra edilmişdir.

Məşğulluq Mərkəzi tərəfindən hesabat dövründə 9753 nəfər işaxtaran kimi qeydiyyata alınmışdır. Şəhər icra hakimiyyətinin yaxından köməyi və dəstəyi ilə 6417 nəfər işlə təmin olunmuşdur. Əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında aktivliyin artırılması məqsədi ilə ölkə rəhbərinin tapşırığına əsasən Sumqayıt şəhərində 3090 haqqı ödənilən ictimai iş yeri açılmışdır. 106 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilmiş, 360 nəfər özünüməşğulluq proqramının təlimlərinə cəlb olunmuşdur. Hesabat dövründə 6910 yeni iş yeri açılmışdır.

Hesabat məruzəsində sənaye, tikinti, məşğulluq, ekologiya, abadlıq işləri ilə yanaşı, elektrik enerjisi, içməli su, təbi qaz, nəqliyyat, telekommunikasiya xidmətləri sahəsində əldə olunan dinamika da qeyd edilib.

Bununla yanaşı, şəhərin təhsil, səhiyyə, mədəniyyət, idman, gənclərlə iş barəsində geniş təhlil diqqətə çatdırılıb.

Məruzədə qeyd olunub ki, cari ildə şəhərin sosial-iqtisadi inkişafı daha da sürətləndiriləcək, yeni istehsal sahələri yaradılacaq, iş yerləri açılacaq, aztəminatlı ailələrin rifahı daha da yaxşılaşdırılacaq, əhalinin kommunal xidmətlərə olan tələbatı etibarlı şəkildə ödəniləcək. Şəhər ərazisində ötən əsrin 40-50-ci illərində tikilmiş, istismar müddəti başa çatmış yaşayış binaları söküləcək, 200-ə yaxın yaşayış binasının dam örtüyü, fasadları təmir olunacaq, 600 binanın istilik sistemi bərpa ediləcək, hər birinin 10 mindən çox əhalisi olan Corat qəsəbəsi və “St.Sumqayıt” yaşayış massivi ərazisində yeni uşaq bağçaları tikiləcək, eyni zamanda, mövcud uşaq bağçaları, məktəblər, mədəniyyət və səhiyyə ocaqları, idman qurğuları əsaslı təmir olunacaq.

Yığıncaqda çıxış edən Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov yanvarın 13-də ölkə Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısının səsləndiyi fikirləri diqqətə çatdırıb. Bildirilib ki, ötən il ölkəmiz üçün uğurlu olub, qarşıya qoyulmuş bütün vəzifələr uğurla icra edilib, dövlətimizin dinamik və dayanıqlı inkişafı təmin olunub, ölkənin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Siyasi, iqtisadi, sosial sahələrdə, eləcə də kadr və struktur islahatları dərinləşdirilib. Qeyd edilib ki, vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində büdcəyə nəzərdə tutulduğundan əlavə daxil olan 1 milyard manat vəsait sosial sahəyə yönəldilib. Ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə edib və vətəndaşların maddi vəziyyəti yaxşılaşıb. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəziləri 2 dəfə artırılıb. Bütün bunlar dövlətimizin başçısının vətəndaşların həyatının daha da yaxşılaşdırılmasına yönələn siyasətinin bariz göstəricisidir.

Daha sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, çıxışlar dinlənilib. Çıxışlarda 2019-cu ildə görülən işlər təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli ilə bağlı təkliflər irəli sürülüb.

Sonda yığıncaq iştirakçiları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər