Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şair İbrahim İlyaslını 60 illik yubileyi münasibətilə təbrik edib və ona Fəxri Fərman təqdim edib.
Qeyd edək ki, tanınmış şair və tərcüməçi İbrahim İlyaslı 10 Mart 1963-cü ildə Qazax rayonunun Aslanbəyli kəndində dünyaya göz açıb. 1980-ci ildə kənd orta məktəbini əla qiymətlərlə bitirərək Azərbaycan Texniki Universitetinə daxil olub. Universiteti bitirdikdən sonra Bakıda və Sumqayıtda müxtəlif istehsalat sahələrində çalışıb.
1988-ci ildə Sumqayıtın gənc ədəbi qüvvələrinin yaratdığı “Dəniz” Gənclər Ədəbi Birliyinə sədr seçilib və o vaxtdan taleyinizi bu şəhərin ədəbi mühiti ilə bağlayıb. 1990-cı ildə Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubuna direktor təyin edilib və indiyədək həmin vəzifədə çalışır.
İ.İlyaslı1998-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib və “Hamı bir körpüdən keçir” adlı ilk şeirlər kitabı nəşr edilib.
O vaxtdan birliyin istedadlı üzvlərindən biri kimi fəal ədəbi yaradıcılıqla məşğul olmaqla yanaşı, eyni zamanda Sumqayıtda ədəbi camiənin qayğılarına çiyin verərək, bu şəhərdə yeni ədəbi nəslin formalaşmasında və inkişafında danılmaz xidmətlər göstərib.
Ulu Öndər Heydər Əliyevin ədəbiyyatımıza olan diqqət və qayğısı sayəsində yaradıcılığı yüksək dəyərləndirilib və Azərbaycan Respublikasının istedadlı gənc yazarlarına fərdi təqaüdlərin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 Dekabr 1999-cu il tarixli sərəncamı ilə (№277) Prezident təqaüdünə layiq görülüb.
Bundan sonra ardıcıl olaraq “Mən bir söz bilirəm”(2004), “Yuxuma söykənmiş adam”(2011) və “Şair olmaq zülümdü”(2019) adlı şeir kitabları nəşr edilib. 2013-cü ildə ”Yuxuma söykənmiş adam” kitabı güneyli soydaşlarımızın istəyi ilə Təbriz şəhərində yerləşən “Haşimi Sudmənd” Yayın Evi tərəfindən də nəşr edilərək cənublu oxucuların ixtiyarına verilib.
Şeirləri Türkiyə türkcəsinə uyğulanmaqla yanaşı, rus, alman, kazax, qırğız, özbək, tatar dillərinə də tərcümə olunaraq həmin dillərdə yayınlanan antologiyalarda, aparıcı ədəbi dərgi və qəzetlərdə müntəzəm olaraq çap edilib.
2013-cü ildə ümumtürk ədəbiyatı qarşısında xidmətlərinizə görə Dünya Gənc Türk Yazarları Birliyinin “Üstün Hizmet Nişanı” ödülü, 2016-cı ildə türk ədəbiyyatına xidmətlərinə görə “Mahmud Kaşqari medalı” ilə təltif edilib. Türkiyə və Azərbaycan arasında ədəbi əlaqələrin inkişafındakı xidmmətlərinə görə 2018-ci ildə Türk Ədəbiyyatı Vakfının Fəxri üzvü seçilib.
2019-cu ildə “Şair olmaq zülümdü” adlı şeirlər kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə”, “Vektor” Beynəlxalq Elmlər Akademiyasının “Şahmar Əkbərzadə”, Qırğızstan Milli Yazıçılar İttifaqının “Altun Qələm” mükafatlarına layiq görülüb.
İbrahim İlyaslı 2000-ci illərin əvvəlindən eyni zamanda peşəkar tərcüməçi olaraq da fəaliyyət göstərir.
Şairin Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin 20 noyabr tarixli sərəncamı ilə “Tərəqqi Medalı” ilə təltif edilib.
Azərbaycan Yazıçılar Birlıiyinin 2022-ci ildə keçirilmiş XIII qurultayı böyük etimad göstərərək şair İbrahim İlyaslını AYB Poeziya seksiyasının rəhbəri vəzifəsinə təsdiq edib.
Müzakirə qapadılmışdır.