Zakir Fərəcov Prezidentlə görüşdə hansı məsələlərə toxundu?

2841

Noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məruzə ilə çıxış etmişdir. sumqayitxeber.com şəhər rəhbərinin çıxışını təqdim edir:

“– Möhtərəm cənab Prezident.

Hörmətli qonaqlar.

İcazə verin, sumqayıtlılar adından Sizi ulu öndərimiz Heydər Əliyevin “kiçik bir Azərbaycan” adlandırdığı gözəl Sumqayıtda salamlayaq və şəhərimizə “Xoş gəlmisiniz” deyək.

“Sumqayıtın müasir bir şəhər kimi formalaşması, inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır”.

Ulu Öndərimiz Sumqayıta, onun zəhmətkeş insanlarına xüsusi qayğı ilə yanaşırdı, şəhərimizin inkişafına çox böyük diqqət yetirirdi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev şəhərimizə 16 dəfə səfər etmişdi. Sumqayıtın müasir bir şəhər kimi formalaşması, inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır. Biz sevinirik ki, Ulu Öndərimizin şəhərimizə olan bu münasibəti bu gün Sizin tərəfinizdən də uğurla davam etdirilir. Sizin hər gəlişiniz sumqayıtlılar üçün böyük bayrama çevrilir, şəhərimizin inkişafında yeni mərhələ açır.

Cənab Prezident, Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə olundu, xalq və dövlət üçün taleyüklü layihələr həyata keçirildi. Azərbaycanın iqtisadi potensialı gücləndi, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəldi. Odur ki, Azərbaycan iqtisadi inkişaf sürətinə görə son illərdə dünyanın qabaqcıl dövlətləri sırasında şərəflə addımlayır.

Sizin həyata keçirdiyiniz siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə, söz sahibinə çevrilməsi, beynəlxalq birlikdəki yerini daha da möhkəmləndirməsi dünya miqyasında qəbul edilən reallıqdır. Bu reallığı təsdiqləyən bir çox amilləri sadalamaq mümkündür. Bu sırada Sizin ideyanızla və iştirakınızla Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktorlardır. Azərbaycan müxtəlif xarakterli – siyasi, iqtisadi, idman, səhiyyə və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mərkəzlərindən biri olmasını artıq bütün dünya qəbul edir və bunlar dövlətimizin artan nüfuzundan xəbər verir.

Cənab Prezident, bu gün müstəqil Azərbaycan dövlətinin öz dəstxəti, dövlətçilik siması, inkişaf yolu var. Bu, Sizin milli maraqlara əsaslanan siyasətiniz, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətinizin nəticəsidir.

Azərbaycanın beynəlxalq imicinin yüksəlişinə təkan verən amillərdən biri ölkəmizin iqtisadi cəhətdən dinamik inkişafıdır. Həyata keçirilən dövlət proqramları bütün bölgələrin inkişafına nail olmaqla əhalinin məşğulluğunun təmin edilməsinə, abadlıq və quruculuq işlərinin aparılmasına, infrastrukturun yenidən qurulmasına yol açıb. Son illər ərzində ölkəmizdə baş vermiş inkişaf və tərəqqi, sözün həqiqi mənasında, qürur hissi doğurur.

“Sumqayıtda görülən işlər vahid yanaşmaya əsaslanan proqram çərçivəsində və konseptual şəkildə aparılır”.

Cənab Prezident, müstəqil Azərbaycanımızın bütün bölgələri kimi, Sumqayıt şəhəri də dinamik inkişaf dövrünü yaşayır. Sizin rəhbərliyiniz, yüksək diqqət və qayğınız nəticəsində həyata keçirilən bu abadlıq, quruculuq və tikinti işləri sumqayıtlılara xoş ovqat və sakit həyat tərzi bəxş edib. Birbaşa rəhbərliyiniz, yüksək diqqət və qayğınız nəticəsində həyata keçirilən genişmiqyaslı uğurlu layihələr şəhərimizin simasını tamamilə dəyişib.

Məlumdur ki, hər bir işin icrası zamanı, ilk növbədə, dəqiq hədəflərin, aydın tezislərin müəyyən edilməsi tələb olunur. Bu baxımdan, Sumqayıtda görülən işlər xaotik xarakter daşımır, Sizin tövsiyələrinizi əsas tutaraq, sistemli, planlı və müasir şəhərsalma prinsiplərinə uyğun olaraq, vahid yanaşmaya əsaslanan proqram çərçivəsində və konseptual şəkildə aparılır.

“Ümumi daxili məhsul istehsalının həcmi 2,5 dəfə, sənaye məhsulu istehsalı isə 3 dəfə artmışdır”.

Möhtərəm cənab Prezident, Sizin qeyri-neft sektorunun inkişafı istiqamətində verdiyiniz tapşırıqlara uyğun olaraq görülən işlər ölkəmizin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də öz bəhrəsini verməkdədir. Şəhərin inkişafı ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər mərhələ-mərhələ uğurla icra edilir. Bu prosesin əsasını Sizin verdiyiniz dəyərli tövsiyə və tapşırıqlar təşkil edir. Siz Sumqayıtdakı vəziyyətlə yaxından tanışsınız, ətraflı məlumata maliksiniz. Fürsətdən istifadə edib diqqətinizə çatdırmaq istərdim ki, Sizin son illərdə şəhərimizə səfərləriniz zamanı açılışını etdiyiniz “SOCAR Polymer”, polipropilen və yüksək sıxlıqlı polietilen, Karbamid zavodları və digər müəssisələr hesabına minlərlə yeni iş yerləri yaradılıb. Hazırda Kimya Sənaye Parkında şüşə, yunəyirici və boyaq fabrikinin tikintisi başa çatmaq üzrədir. Artıq əminliklə deyə bilərik ki, Sumqayıt Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilib. Son illərdə şəhərimizin iqtisadiyyatı sürətlə inkişaf etmiş, aparıcı sahələrdə müsbət irəliləyişlər təmin olunmuş, yeni istehsal sahəsinin yaradılması nəticəsində ümumi daxili məhsul istehsalının həcmi 2,5 dəfə, sənaye məhsulu istehsalı isə 3 dəfə artmışdır.

2011-ci il avqustun 7-də Siz Sumqayıt şəhərində səfərdə olarkən, burada müasir bulvar kompleksinin yaradılmalı olduğunu vurğulamışdınız. Qeyd etmək istərdim ki, hələ 45 il əvvəl 1974-cü ildə, Ulu Öndər şəhərin 25 illik yubiley tədbirində bu səhnədə çıxış edərkən Sumqayıtda dəniz kənarında böyük park və bulvarın yaradılması fikrini irəli sürmüşdü. Cənab Prezident, 45 ildən sonra bu park və bulvarın yaradılması Sizin tapşırığınızla reallaşdı. Qısa müddət ərzində ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə möhtəşəm bulvar yaradıldı. Burada şəhər sakinlərinin piyada gəzintisi, avtomobil yolu, istirahət obyektləri, uşaqlar üçün əyləncə mərkəzi, idman infrastrukturu quruldu, fərqli ölçülərdə və bir-birini təkrarlamayan yaşıl parklar salındı. Son günlərdə isə Sizin xeyir-duanızla Sumqayıt bulvarı, əlavə olaraq, daha 40 hektar genişləndirildi və bir kilometr uzadıldı.

“Şəhər ərazisinə 3,5 milyon kvadratmetr yeni asfalt döşənmişdir”.

Şəhərimizdə 60-dan çox küçə əsaslı təmir olunmuş, 10 mikrorayon, 17 məhəllədaxili ərazilərə, Hacı Zeynalabdin, Corat qəsəbələrinə, Sumqayıt Stansiyası, Ceyranbatan, Novxanı və Corat bağları yaşayış massivlərinə yeni asfalt döşənmişdir.

Cənab Prezident, məlumat üçün bildirmək istəyirəm ki, şəhərin mərkəzi küçələrində asfalt salınmamış yerlər qalmamışdır. Ümumilikdə şəhər ərazisinə 3,5 milyon kvadratmetr yeni asfalt döşənmişdir.

Uzun illər şəhərdə həlli vacib olan məsələlərdən biri – dam örtüklərinin yenidən qurulması mərhələli şəkildə həll olunur. Sizin tapşırığınız əsasında şəhərimizdə 1361 yaşayış binasından 950-sinin dam örtüyü dəyişilmiş, 250 binanın fasadı isə yenidən qurularaq təmir olunmuşdur. Şəhərdə mövcud 594 liftdən istismar müddətini ötmüş 400-dən çox lift yenisi ilə əvəz edilmişdir.

Yaşayış fonduna daxil olan binaların 800-nün zirzəmisi çirkab sularından təmizlənmiş, kommunikasiya xətləri dəyişdirilmiş, dezinfeksiya edilmiş, yaşayış binalarında 3200 giriş və pilləkən qəfəsləri təmir olunmuşdur. 70 nümunəvi məhəllə yaradılmış, şəhər ərazisində 500 mindən çox ağac, milyondan artıq gül və kollar əkilmişdir. Küçə işıqlandırılması şəhərin 80 faizini əhatə edir. Bu sahədə görüləcək işlər hələ çoxdur.

Mövcud uşaq bağçalarından 48-də təmir işləri aparılmış, dam örtükləri yenilənmiş, istilik sistemi bərpa olunmuşdur. Məktəblərdə əsaslı və cari təmir işləri aparılmış, istilik sistemi bərpa edilmişdir. 9 nömrəli tam orta məktəb binasının tikintisi başa çatmaq üzrədir. Məktəblərdə şagird sıxlığı olduğundan yeni məktəbin və 8 məktəbdə əlavə tədris korpusunun tikintisinə ehtiyac var.

Səhiyyə ocaqlarının 11-i əsaslı və 3-ü cari təmir olunmuşdur. Sizin Sərəncamınızla ayrılmış vəsait hesabına 2 saylı Şəhər Xəstəxanası sökülərək yerində yeni müasir xəstəxananın tikintisi ilə əlaqədar müvafiq işlər aparılır. Şəhərin ən böyük ekoloji problemlərindən biri olan Acıdərə kanalının boruya alınması işləri davam etdirilir. Kanalın 1600 poqonmetr hissəsi artıq boruya alınmışdır.

“Məcburi köçkünlərə mənzil tikintisi üçün 30 hektar torpaq sahəsi ayrılıb”.

Cənab Prezident, Sizin yaxından köməyiniz və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın aidiyyəti qurumların rəhbərlərinə qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə verdiyi tapşırığa uyğun olaraq, 2005 məcburi köçkün ailəsi yeni tikilən evlərə köçürülmüşdür. Bu işlər davam etdirilir. Şəhər icra hakimiyyəti tərəfindən məcburi köçkünlərə mənzil tikintisi üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 30 hektar torpaq sahəsi ayrılmışdır.

Möhtərəm cənab Prezident, Sizin tapşırığınıza əsasən, şəhərdəki şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə bu il 125 mənzil verilmişdir. Əsası 1968-ci ildə qoyulan Sumqayıt Dövlət Dram Teatrı uzun illər idi təmir olunmurdu. Minnətdarlıq hissi ilə bildirirəm ki, Sizin tapşırığınızla teatrın binası yüksək zövqlə əsaslı təmir və rekonstruksiya olunaraq yenidən quruldu, binanın bütün xidməti, dekorasiya və qrim otaqları estetik üslubda yaradıldı, bədii və texniki cəhətdən yüksək səviyyədə tamaşalar təqdim etmək üçün müasir avadanlıqlarla və işıqlandırma sistemi ilə təchiz olundu.

Şəhərimizin mədəni həyatını canlandıracaq davamlı infrastruktur layihələri də həyata keçirilib. Ümummilli Liderimizin adını daşıyan parkda möhtəşəm Heydər Əliyev Mərkəzi tikilərək istifadəyə verilib. Bu mərkəzdə 420 nəfərlik akt zalı, gənclər üçün müzakirə və diskussiya otaqları, nikah mərasimi zalı, elektron kitabxana hər gün insanlarımızın üz tutduğu müqəddəs bir məkana çevrilib. Müasir tipli Uşaq İncəsənət və şahmat məktəbləri qısa müddətə tikilib istifadəyə verilmişdir. Son dövrlərdə Yeni Azərbaycan Partiyasının şəhər təşkilatı üçün yeni bina, Bayraq Muzeyi inşa olunmuşdur. Sizin tapşırığınızla əsaslı təmir olunan Kimyaçılar Mədəniyyət sarayı şəhərimizin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayır. Bir qədər sonra Sizin xeyir-duanızla açılacaq Muğam mərkəzini, Nizami kinoteatrını da bu sıraya aid etmək olar.

“Türkiyə istehsalı olan 206 avtobus xətlərə buraxılıb”

Şəhər ərazisində sərnişinlərin rahatlığının təmin olunması məqsədilə Türkiyə istehsalı olan 206 avtobus kreditlə alınaraq xətlərə buraxılmışdır. Planlı şəkildə salınan yeni parklar, xiyabanlar, asfalt yollar, gözəlləşən prospektlər, bütövlükdə abadlaşan məhəllədaxili yollar, tikilən sosial obyektlər, əlbəttə, Sizin böyük iradənizin, dövlətçilik qətiyyətinizin sayəsində meydana gəlib. Bütün bunlar Sumqayıtda aparılan abadlıq və quruculuq salnaməsinin bir hissəsinə çevrilib.

Cənab Prezident, görülmüş işlər şəhər sakinlərində dövlətimizin iqtisadi qüdrətinə, siyasi gücünə, iradəsinə inamı daha da artırır. Ən əsası odur ki, şəhərimizin sakinləri arasında sağlam mənəvi-psixoloji iqlim yaranıb. Şəhər sakinləri Sizin daxili və xarici siyasətinizi bəyənir, ürəkdən dəstəkləyir və həmişə Sizin yanınızdadırlar.

Fəxrlə demək olar ki, bugünkü Azərbaycan Ümummilli Liderimizin arzu etdiyi Azərbaycandır və Sumqayıt şəhəri də bu gün Ulu Öndərin arzuladığı kimi, güllü – çiçəkli, işıqlı və abad bir şəhərə çevrilib.

Sumqayıt – müstəqilliyimizin canlı simasıdır. Ötən illər onun tarixinə neçə-neçə gözəl anlar yazıb. İnsan zəkasının, əməyinin və birliyinin vəhdəti olan Sumqayıt islahatların nümunə göstərildiyi məkandır. Doğma şəhərimizə, onun inkişafına hər birimiz öz töhfəmizi verməli, nümunə göstərməliyik. Əminliklə bildirmək istərdim ki, illər ötəcək, xariqələr şəhəri Sumqayıt həmişə dövlət başçısına verdiyi sözə sahib çıxacaq. Çünki sumqayıtlılar etimadı doğrultmağa çalışan zəhmətkeş insanlardır. Onların həyat amalı Heydər Əliyevin bizə miras qoyduğu ideyalara sədaqət, Sizin diqqət və qayğınıza məsuliyyətlə yanaşmağımız, uğurlu işimizlə cavab verməkdir.

Sevinirik ki, indi Sumqayıtın gündüzü də, gecəsi də birdir, al-əlvandır, könül oxşayır, insanlarımız sağlam ruhla, rahat şəkildə işləyir və istirahət edirlər. Artıq Sumqayıtda sağlam mühit, sağlam atmosfer formalaşmış və mehriban bir Sumqayıt ailəsi yaranmışdır.

Cənab Prezident, yeri gəlmişkən, icazə verin, Sumqayıtın şəhər statusu almasının 70 illiyi münasibətilə sumqayıtlıları səmimi qəlbdən təbrik edim.

Fərəh duyuruq ki, bu gün Sizin sayənizdə Azərbaycanın adı dünya kürsülərindən çox ucadan səslənir. Bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, özü öz gələcəyini müəyyən edir, müstəqil və sabit siyasət yeridir. Bu, tarixi bir həqiqətdir. Biz bununla qürur duyuruq. İnanırıq ki, gələcəkdə də Sizin rəhbərliyiniz altında ölkəmiz yeni-yeni zirvələr fəth edəcək.

Möhtərəm cənab Prezident, Sizin dünənki Sərəncamınızla 66 nəfər sumqayıtlı fəxri adlar və medallarla təltif olunub. Bu, Sizin Sumqayıta və sumqayıtlılara göstərdiyiniz böyük diqqət və qayğınızın daha bir bariz nümunəsidir. Təltif olunanlar adından bu diqqət və qayğıya görə bütün sumqayıtlıların Sizə dərin minnətdarlığını bildirirəm. Siz artıq Sumqayıta 24-cü dəfədir səfər edirsiniz. Sizin hər səfəriniz Sumqayıtın tarixinə yeni səhifələr açır.

Cənab Prezident, Sizi sumqayıtlılar adından əmin edirəm ki, bu gündən sonra da Sizin tapşırıq və tövsiyələrinizin layiqincə yerinə yetirilməsi üçün əzmlə çalışacağıq.

Sizi şəhərimizin 70 illik yubileyinə həsr olunmuş tədbirdə görməyə çox şadıq. Sizə Sumqayıtın çoxminli əhalisinin dərin hörmət və ehtiramını, şəhərimizin inkişafına, çiçəklənməsinə göstərdiyiniz diqqətə, qayğıya görə minnətdarlığını çatdırıram.

Tanrı Sizi qorusun.”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər