Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimovla görüşüb. Şəhər rəhbəri qonaqları salamlayıb, onları Sumqayıtda qarşılamaqdan böyük məmnunluq duyduğunu bildirib və səmimi ürək sözlərini çatdırıb.
Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov səfirə Sumqayıtın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, elm, təhsil sahəsindəki nailiyyətləri və s. barədə ətraflı məlumat verib. Qeyd edib ki, Sumqayıtda bütün sahələrin, xüsusilə də sənayenin inkişafı üçün bütün imkanlar mövcuddur. Səfirə şəhərdə reallaşdırılan və gələcəkdə nəzərdə tutulan layihələr barədə də məlumat verib.
Zakir Fərəcov bildirib ki, bugünkü səfər və görüş Azərbaycan-Qazaxıstan dostluğunun və əməkdaşlığının bariz nümunəsidir. Təqdirəlayiq haldır ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu dostluq və əməkdaşlıq Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir və möhkəmləndirilir. Səfir Serjan Abdıkarimov göstərilən xoş münasibətə, Qazaxıstan dövlətinin ünvanına söylənilən xoş sözlərə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib. Azərbaycanla Qazaxıstan arasında iqtisadi, mədəni, eləcə də digər sahələr üzrə çox gözəl münasibətlərin formalaşdığını, əlaqələrin qurulduğunu vurğulayan səfir bu günkü görüşün də bu məqsədə xidmət etdiyini bildirib. Daha sonra Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun hədiyyələri Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimova, Serjan Abdıkarimovun hədiyyələri Zakir Fərəcova təqdim olunub.
Səfər çərçivəsində Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində də olub.
Müzakirə qapadılmışdır.