Zəngilanda ilk bərpa ediləcək kəndin adına aydınlıq gəlib.
Bunu növbəti dəfə işğaldan azad edilmiş Zəngilana səfər edən Prezident İlham Əliyev deyib.
Dövlət başçısı bildirib:
“Zəngilan rayonunda Birinci Ağali kənd layihəsi icra ediləcək. Bu gün layihəyə start verilib. Artıq ilkin araşdırmalar aparılıb. Birinci bərpa ediləcək kənd bu kənddir”.
***
Bildirilib ki, kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.
Qeyd edək ki, Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Erməni işğalından azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə nəinki bərpa edilməsi və yenidən qurulması planlaşdırılır, hətta orada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Hazırkı pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.
Dövlət başçısı görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verib.