Zər qədrini zərgər bilər: Sumqayıtlı qocaman jurnalistin qeydləri

665

Eşitdiyimə görə filologiya elmləri doktoru, professor, məşhur ədəbiyyatşünas və tənqidçi alim mərhum Qulu Xəlilov o qədər də uzun olmayan ömründə təqribən doqquz dəfə cərrahi əməliyyata məruz qalıb. Amma bu faktı rekord göstərici hesab edənlər bilmirlər ki, mən bu rekordu çoxdan təzələmişəm. Düz on bir dəfə cərrah bıçağının altında olmu­şam. Həm də bu əməliyyatların bir qismi peşəmlə bağlı fəsadların nəticəsi idi.

Otuz beş il fasiləsiz olaraq “Sosialist Sumqayıtı” (indiki ”Sumqayıt” qəzeti) redaksiyasında sənaye şöbəsinin müdiri vəzifəsində çalışmışam. Bu şöbə inşaat və nəqliyyat sahələrini də əhatə edirdi. Həftədə üç dəfə çıxan və dörd səhifədən ibarət olan bu qəzetin birinci və üçüncü səhifələrinin materiallarını təkbaşına hazırlayırdım. Bununla yanaşı redaksiyanın poçtuna gələn bədii yazıları – şeir və hekayələri nəzərdən keçirmək, yaxşı nümunələri çapa hazırlamaq, müəlliflərə cavab yazmaq və s. mənə tapşırılmışdı. Hecə işlədiyimi və hansı səviyyədə jurnalist olduğumu bilmək üçün aşağıdakı faktlara diqqət yetirmək kifayətdir.

“Sumqayıt” qəzetinin baş redaktoru mərhum Kamran Hacıyev mənim fəaliyyətimə həsr etdiyi “Ustad” adlı kitabında qəzetin keçmiş redaktoru Zərifə xanım Təhməzovanın sözlərini sitat gətirərək qeyd edir: ”Sumqayıt mətbuatında Xasay Cahangirov məktəbini yaratmağın vaxtı çoxdan catıb”.

Qəzetin məsul katibi, mərhum jurnalist Tofiq Məmməd “Bizim Xasay müəllim” sərlövhəli oçerkində yazır: “Rus yazıçıları Qoqolun “Şinel”indən çıxdıqları kimi, Sumqayıt şair və jurnalistləri də Xasay Cahangirovun makinasından pərvazlanmışlar.

1958-ci ildə işlədiyim vəzifə ilə yanaşı, təşəbbüsümlə “Sumqayıtdan gələn səslər” Ədəbi Birliyini yaradaraq iyirmi altı il ona rəhbərlik etmişəm. Bu birlik Sumqayıt ədəbi mühitinin formalaşmasında müstəsna rol oynamışdır. Respublikamızın görkəmli şair və yazıçılarının Sumqayıt zəhmətkeşləri ilə görüşlərinin və yaradıcılıq gecələrinin təşkili, habelə Sumqayıt şairlərinin fəhlə yataqxanalarında, tikinti meydanlarında, mədəniyyət ocaqlarında, məktəblərdə çıxışları Birliyin fəaliyyətinin əsas istiqamətləri olmuşdur. Yeri gəlmişkən, onu da qeyd edim ki, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt filialı məhz bu Birliyin bazası əsasında yaradılmışdır. Bütün bunlara görə 1967-ci ildə Zəhmətkeşlərin Ümumittifaq Xalq Yaradıcılığı Festivalının Təşkilat Komitəsi “Sumqayıtdan gələn səslər” Ədəbi Birliyinin səmərəli fəaliyyətini yüksək qiymətləndirmiş, onu diplom və medalla mükafatlandırmışdı.

Yeri gəlmişkən, qeyd edim ki, məni dəfələrlə Respublika mətbuatında – “Kommunist”, ”Ədəbiyyat və incəsənət” qəzetlərində işə dəvət etmişlər. Amma mən həyatımın mənası hesab etdiyim doğma “Sumqayıt” qəzetində qalıb işləməyi daha üstün tutmuşam. Möhtərəm oxucu, elə zənn etmə ki, olub-keçənləri xatırlamaqla özümü tərifləmək istəyirəm. Əsla!

Bunun çox ciddi və əhəmiyyətli bir səbəbi var. Yuxarıda qeyd etdiyim kimi, otuz beş il fasiləsiz olaraq “Sumqayıt” qəzetinin ən çətin şöbəsində çalışmış, hazırladığım bütün materialları makinamda özüm yazmışam. Uzun illər diqqətim makinada olduğundan gözlərim zəifləmiş, sonra da qəflətən tutulmuşdu. Həkimlərimiz sağ olsunlar. İşıqlı dünyamı yenidən özümə qaytardılar.

Bildiyiniz kimi həmin qəzet keçmiş Şəhər Partiya Komitəsinin, Şəhər Zəhmətkeşlər Soveti İcraiyyə Komitəsinin və Şəhər Komsomol Komitəsinin orqanı idi. Bu orqanın əməkdaşlarına qayğı göstərməyə, problemlərinin həllinə kömək etməyə, şəhərin tərəqqisində zəhməti olanların fəaliyyətini qiymətləndirməyə bu rəhbər təşkilatların başçıları borclu idilər.

Amma təəssüf ki…

Bəzən aylarla xəstəxanalarda müalicə olunmuşam. Hələ bir dəfə də olsun, şəhərin rəhbər təşkilatlarının başçıları mənim vəziyyətimlə nə maraqlanıb, nə qayğı göstərib. Əslində hamıya belə laqeydlik göstərilsə də, bunu həmişə təbii hal hesab etmişik.

Sən demə, tabeliyində olan şəhərin vətəndaşlarına doğma münasibət bəs­ləyən, onların zəhmətini qiymətləndirən, ləyaqətli, gərəkli və təmiz adamları öz doğması hesab edən rəhbərlər də var imiş. Elə Sumqayıt Şəhər İcra Hakimiyyətinin yeni başçısı Zakir Fərəcov kimi, onun müavini Teymur müəllim kimi, aparatın digər xeyirxah əməkdaşları kimi.

Zakir müəllimin qayğısından söhbət açmağım əbəs deyil. Necə deyiblər, aşıq gördüyünü çağırar.

Bu il aprel ayının əvvəlində yenidən çox ağır vəziyyətdə xəstəxanaya düşdüm. Bu, mənim üçün əsl sınaq imtahanı oldu. İki ay müddətində köhnə şair dostlarımdan Ofeliya Babayeva, Rafiq Oday, Əli Rafiq, İldırım Dəmirovdan başqa nə jurnalist həmkarlarım, nə şair dostlarım palatamın nə qapısını açdı, nə də telefonla da olsa belə halımı soruşmadılar.

Bu böhranlı günlərimin birində xəstəxana qapısını xeyirxah bir əl açdı. Sumqayıt Şəhər İcra Hakimiyyəti baş­çısının müavini Teymur müəllim, bir neçə əməkdaş ilə mənə baş çəkməyə gəlmişdi. Onunla bərabər Şəhər Səhiyyə Şöbəsinin müdiri Ələkbər Tağıyev, icra aparatının baş məsləhətçisi Şuşa xanım Aslanova da gəlmişdi. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun göstərişi ilə gəldiklərini, hər hansı bir problemim varsa, yerindəcə həll etməyi tapşırdığını bildirdi. Onu da qeyd etdi ki, bu münasibət təkcə sizə deyil, Sumqayıt şəhərinin bugünkü səviyyəyə çatmasında zəhməti olanların hamısına göstərilir.

Bu görüş sanki bütün dünyanı mənə verdi. Bu qayğının təsirindən Sumqayıt Şəhər 1 Saylı xəstəxananın baş həkimi Nazim həkim, şöbə müdiri Əhməd həkim, uroluq Maqsud həkimin şəfalı əlləri, isti münasibəti məni yenidən həyata qaytardı.

Xalq cəbhəsi dövründə quru bəylərin qondarma qanun-qaydalarına əsasən 1993-cü ilin əvvəlində razılığım olmadan məni 62 yaşımda təqaüdə göndərib belə dedilər: ”Get istirahətə, etiraz etməyinin əhəmiyyəti yoxdur”. Yaradıcılığımın çiçəklənən dövründə işdən azad edildim. Gərəkli illərim unuduldu, özüm də yad­dan çıxdım. Çoxları məni həyatdan köçmüş zənn etdi.

Və bir də 23 il sonra yada düşdüm. Zakir Fərəcov kimi xeyirxah, qayğıkeş, qədirbilən insanın sayəsində belə isti münasibət mənə qol-qanad verdi. İndi özümü həmkarlarımın arasında hiss edirəm. Zakir müəllim onların ən fəllarından biri kimi peşə bayramım – Milli Mətbuat günü münasibəti ilə məni də mükafatlandırdı. Mətbuatda səmərəli fəaliyyətimə görə uzunillik zəhmətim Sumqayıt Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyəyə layiq görüldü. 86 illik ömrümdə bu mükafatı ən dəyərli ərməğan hesab edirəm.

Zakir müəllim Milli Mətbuat günündə peşə bayramım münasibətilə İcra hakimiyyətinin yeddi nəfər nümayəndəsini – Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur müəllimi, Gündüz Əliyevi, Fərman Kazımovu, Ceyhun Məmmədovu, AJB-nin Sumqayıt Şəhər şöbəsinin rəhbəri Rafiq Odayı və ”Dünya” TV-nin bir qrup əməkdaşını da evimizə – məni təbrik etməyə göndərdi. Şəhərkənarı bağ evimdə mükafatın təq­dimatı mərasimində adları çəkilən aparat işçiləri bildirdilər ki, bu çətin və məsul vəzifəyə gəldiyi gündən hamımıza lazımi tapşırıqları verməklə yanaşı, Zakir Fərəcov çox vacib bir vəzifəni də qarşımıza qoyub: ”Sumqayıt şəhərinin salınmasında və tərəqqisində zəhməti olanların, lakin unutqanlıq ucbatından yaddan çıxanların hamısının taleyi ilə maraqlanmaq, problemlərinin həllinə kömək etmək və s. bizim ən ümdə vəzifələrimizdən biri olmalıdır. Çünki keçmişini unudanın gələcəyi olmaz, deyiblər.”

Sumqayıtın köhnə sakinlərindən olan Zakir Fərəcov Şəhər İcra Hakimiy­yətinin başçısı kimi bir ilə yaxındır ki, fəaliyyətə başlayıb. Bu qısa vaxt ərzində onun gördüyü işlər adamı valeh edir, heyran qoyur. Lap möcüzə kimi!

Şəhərin üç tərəfdən giriş yollarının həndəvəri sanki cənnəti xatırladır. Necə deyərlər, gül gülü cağırır, bülbül bülbülü. Şəhərin daxili abadlığı da bu cür göz oxşayır, könül açır.

Sumqayıt zaman-zaman inşaatçılar, metallurqlar, kimyaçılar şəhəri adlan­dırılıb. İndi isə ona, məncə, güllər-çiçəklər şəhəri adı daha çox yaraşır. Digər sahələrin abadlığı, iqtisadi inkişafı, quruculuq işləri də beləcə yüksək səviyyədədir. Atalar yaxşı deyiblər: çörəyi ver çörəkçiyə, birini də üstəlik.

Qısa zaman kəsiyində bu qədər könül açan işlərin aparıldığını görəndə istər-istəməz deyirsən: “Sumqayıt, axır ki, öz layiqli, qədirbilən başçısını tapdı”.

Mən həmişə taleyimin şəhəri olan doğma Sumqayıtımla fəxr etmişəm, bu gün də fəxr edirəm və deyirəm:

Arzulardan doğulub, arzulara çatmısan,

Xəzərin sahilində bir aləm yaratmısan,

Xəzansız baharımsan, çiçəklərə batmısan,

Ay mənim şən şəhərim,

Qoynu gülşən şəhərim!

Möhtərəm və hörmətli Zakir müəl­lim Fərəcov!

Yaddan çıxanları yada saldığınıza, şəhərin sosial-iqtisadi inkşafında zəhməti olanların əməyinə qiymət verdiyinizə və nəhayətdə, doğma Sumqayıtı az qala cənnətə döndərdiyinizə görə Sizə və işgüzar komandanıza minnətdarlığımı və dərin təşəkkürümü bildirirəm. Yolunuz uğurlu, işiniz avand, canınız sağlam, ömrünüz uzun olsun!

Xasay CAHANGİROV,

86 yaşlı şair-jurnalist,

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər