Ziya Məmmədovun qardaşına ŞOK İTTİHAM: "Ölkədən pulları "qara yolla" çıxaracaqdıq, xəbəri var idi"

1334

Dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib.

Lent.az-ın məlumatına, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrlik etdiyi prosesdə zərərçəkən Elnur Məmmədov deyib ki, ona dəymiş ziyandan 144 min dollar qaytarılıb.

Elnur Məmmədov bildirib ki, zərərçəkmiş şəxsdən qalan pulunu tələb edir: “Mən ondan şikayətçi deyiləm. Tutulmasını istəmirəm. Aramızda münasibət var. Sadəcə, mənim pulumu qaytarsın”.

Təqsirləndirilən şəxs məhkəmədə sərbəst ifadə verib. O bildirib ki, Elnur həmişə ona kömək olub: “Çörək kəsmişik. Münasibətimiz olub. Əl tutub bizə. Bunları danmıram. Bir gün biznes qurmaq təklif elədim. Türkiyədən tütün məmulatları gətirəcəkdik. İşləri düz qoş elədik. Adamlar tapdıq. Elnur deyilən pulu verdi. 200 min dolları götürüb, iki idmançı dostumla Türkiyəyə apardım”.

Heybətov bildirib ki, Elnurun atası Elton Məmmədovla da görüşüb: “Ağsaqqalla görüşdük. Söhbət elədik. Suallara cavab verdim. Dedi, pul batsa nə olacaq? Dedim, mənlikdir. Xeyir-dua verdi. İndi də demirəm pulu vermirəm. Ölənə qədər də olsa, o pulu qaytaracam. Pulu Türkiyədə məni vurub götürüblər. Buna əminəm”.

İdmançı qeyd edib ki, Elnura ümumilikdə 144 min dollar qaytarıb: “Qalan pulu verəcəm. Çünki söz vermişəm. Dələduz deyiləm. Başıma hadisə gəlib, özüm bu məsələni həll edəcəm. Əvvəl şəhərdə 3 otaqlı evim vardı. Elnura verəcəkdim. Sonra o evi satdım. Dedim, Rusiyada bir-iki iş görüm, pulu gətirib Elnura verim. Orda da aldandım. Daha sonra oğlumun evini satdım, 40 min dollar qaytardım. Dostlar da kömək elədi, borcdan qaytardım. Bir müddət sonra Elnur polisə verdi, məni həbs elədilər”.

Təqsirləndirilən şəxs bildirib ki, Elton Məmmədovun yanında Elnura 50 min dollar verib: “Bir yerdən pul gəldi, vəkilimlə birlikdə ağsaqqalın qəbuluna getdik. Orda 50 min dolları verdim. Elton müəllimə dedim ki, qalan pulu da çatdıracam. İndi də deyirəm, Rusiyada mənim pulum var. Elton müəllimə deyirəm ki, bir həftəlik Moskvaya gedim, gətirib verim. Razılaşmadılar. Hətta Elnurun özü də mənimlə getsin, yenə razılaşmırlar ki, qaçacaqsan”.

Təqsirləndirilən Rövşən Heybətov onu da qeyd edib ki, ona göndərilən 200 min dollar Türkiyəyə qeyri-leqal yolla gəlib: “Bizim tanışlar vardı. Elon Məmmədovun da yanında bu söhbət olmuşdu. Tütün işində pullar qara yolla alınacaqdı. Görüşümüz zamanı buna görə ağsaqqal məndən qarantiya istədi. Mən də dedim, hər şey mənlikdir. Ona görə də bu pulu qaytaracam. Söz vermişəm, sözümün üstündə duracam”

Dələduzluqda ittiham olunan idmançı qeyd edib ki, həmin pulu Türkiyədə qəsdən ondan alıblar: “Orda bunları başıma açanlar mənim pulla olduğumu bilən adamlar olub. Həmin yerdə Türkiyə polisinin də əli vardı. Mən özümü öldürdüm ki, polislik iş var. Dedilər, Türkiyə polisi elə şey eləməz. Sonra çevrilişə cəhddə gördük nə qədər polis tutdular”.

Suallara cavab verən Rövşən Heybətov bildirib ki, hadisə başına gələndən sonra gözünü xəstəxanada açıb: “Orda Elnur gəldi yanıma. Dedim, ağsaqqala de, bu işi araşdırsın. O da dedi ki, ağsaqqal Türkiyənin millət vəkilləri ilə əlaqəyə girərək, bu işin araşdırılacağını deyib”.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R. Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Hazırda azadlıqdadır.

E.Məmmədov işlə bağlı R.Heybətova 200 min manat verərək Türkiyəyə göndərib. R. Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E. Məmmədov isə buna inanmayaraq R. Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

İstintaq tamamlandıqda isə R.Heybətov yekun olaraq 210 min manat mənimsəməkdə ittiham edilib.

Onu da qeyd edək ki, Elnur Məmmədov “Best of the Best” promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər