Zorlamaya görə zorlama?

1130

bff50f87034112Bu günlərdə gənc yazıçıları təkrar oxumağa başladım və Aysel Əlizadə yaradıcılığının sehrindən azad olmamış Varisin “Sonuncu ölən ümidlərdir” romanının qəhrəmanı Nailənin kədərli taleyini düşünməli və bu günki nailələrlə müqayisə etməli oldum. Oxuduqca gördüm ki, Varisin romanındakı abbasşeyxzadələr bu gün də var və hansısa kabinetdə oturub ona ata gözü ilə baxan qızı yaşında nailələrə-katibəyə, yaxud indiki terminlərlə desək referentə müştəri gözü ilə baxır, işçilərin, vətəndaşların böğazından kəsib pulla, hədiyyələrlə ya ələ alır, ya da özündən asılı vəziyyətə salır, sonra da iyrənc məqsədini reallaşdırırlar. Hətta romantik bir gecəyə görə katibəsinə, yaxud hansısa işçisinə maşın, ev bağışlayan, nəsə təsis edib metrəsini də rəhbər qoymaqla ondan “işgüzar” qadın obrazı yaradan, saxladığı müğənnilərə klip çəkdirən, sonra da tibbin inkişafına “əhsən” deyə-deyə el adəti ilə hansısa əcnəbiyə, ya da dilsiz-ağızsızın birinə ərə verənlər də var. Bütün bunlar cəmiyyətin gözü önündə baş verdiyindən yeni bir fikir ortaya atdığımı düşünmürəm. Amma yeni, həm də sensassiyalı fikir Qüdrət Həsənquliyevdən gəlib.
Qüdrət Həsənquliyev maraqlı təklif irəli sürüb: “zorlama cinayətlərinə görə həbs olunanlar bəzi Avropa ölkələrində olduğu kimi cərrahi yolla axtalansınlar”. Deputat hansı Avropa dövlətinin təcrübəsinə əsaslandığını bildirməsə də, təklif maraqlı səslənir. Onsuz da hamı yaxşı bilir ki, belə bir təklif reallaşa bilməz. Çünki bu təklifi qəbul etmək üçün əvvəlcə hansı əməllərin zorlanmaya aid edilməsini aydınlaşdırmaq lazımdır. Aydınlaşdıranda isə həm cinaytin əhatə dairəsi, ona paralel olaraq axtalanmaya potensial namizədlərin sayı da artacaq. Qulluq mövqeyindən, imkanından, katibəsinin və ya işçisinin maddi vəziyyətindən, sadəlövhlüyündən, köməksizliyindən, yiyəsizliyindən istifadə edib ismətinə toxunmaq da elə zorlamaqdır. Gərək elə kimsə-kimisə küçədə tutub zorlasın?.. İndi özünüz düşünün, belə bir təklif reallaşsa nə qədər adam axtalana bilər? O qədər insanı axtalamaqdansa başqa alternativ yollar düşünmək daha yaxşı olar.
Zəif iradəli, xəstə düşüncəli və şorgöz insanlar həmişə olub və dünya durduqca da olacaq. Axtalamaq, həbs müddətini artırmaq çıxış yolu deyil. Bəzi dövlətlərdə dəhşətli cinayətlər haqqında xəbərlərin yayılmasına məhdudiyyətlər qoyulur. Bizdə isə söz azadlığı yoxdur deyə-deyə bütün KİV az qala hər gün ya intihar, ya da zorlanma hadisələri haqqında xəbər yayır, məhz bu cür xəbərlərin sayəsində reytinq qazanmağa çalışırlar. Bilirəm hamı çörək qazanmaq istəyir, amma öz çörəyini düşünməkdən öncə o xəbəri oxuyanları da düşünmək lazımdır. Qəzeti, internet saytını yaşından asılı olmayaraq hər kəs izləyə bilir və hamı eyni ağılda olmur. İntihar xəbərini oxuyan kimsə onu sadəcə öz üzərində yarıya qədər sınamaq niyyətilə də kəndiri boğazına keçirə bilər. Cəmiyyətdə bu qədər informasiya olan bir dövrdə kriminal xəbərlərə məncə ehtiyac da yoxdur, həm də ciddi hadisələr olanda onsuz da hüquq-mühafizə orqanları birgə bəyanatla çıxış edirlər. Daha hər gün hansısa orqanın mətbuat xidmətini sual atəşinə tutmaq nəyə lazım? Bir ara hətta televizyalar da kriminal xəbər yarışına girmişdilər və verilişlərin adları müxtəlif olsa da məzmunu və məqsədi eyni idi: kriminal mövzulara həssas olan cəmiyyətin marağından istifadə edib tamaşaçı cəlb etmək. İndiki kriminal verilişlərlə bir vaxtlar Azərbaycan Dövlət Televiziyasında yayımlanan “İnsan və Qanun” verilişini müqayisə edəndə acınacaqlı mənzərə ortaya çıxır. “İnsan və Qanun” verilişində cinayətin hər hansı ictimai təhlükəlilik dərəcəsi tamaşaçıya çatdırılmaqla yanaşı, qanunlara əməl etmək zərurətindən, yeniyetmələrin və gənclərin cinayət törətməməsi üçün profilaktik tədbirlərdən söz açılır, maarifləndirici iş aparılırdı, daha hər həftə indikilər kimi “qədeş” ləhcəsi ilə danışıb özlərini tin uşağı kimi aparmırdılar.
Bəzən deyirlər ki, müğənnilər toy, mollalar yas arzulayır, artıq mollalarla eyni arzuda olan KİV-in də meydana gəldiyini desək yanılmarıq. Ən dəhşətlisi budur ki, bəziləri hadisələrin təsiri altına o qədər düşürlər ki, jurnalistikanı unudub necə gəldi yazırlar. Məsələn dünən oxuduğum və hansısa “ata”nın qızının başına açdığı oyunlardan bəhs edən yazı belə bitirdi: “Çox güman ki, qızının başına gətirdiyi iyrənclikləri indi həbsxanada onun başına gətirirlər”. KİV cəzanın, həbsxananın tərbiyəvi mahiyyətini açmalı, həbsxanaya düşən insanın islah olunub yenidən cəmiyyətə normal vətəndaş kimi qayıtmasının mümkünlüyünü təbliğ etməlidir, amma görün nəyi təbliğ edir. Adam qızını zorlayıb həbsxanaya düşüb, deməli belə güman olunur ki, onu indi türmədə zorlayacaqlar. Məncə Penitensiar Xidmət belə məsələlərə aydınlıq gətirməlidir. Məhkuma cəza bir dəfə, yazılmış qanunlarla verilir, Azərbaycan “gözə göz, dişə diş” qanunları ilə yaşamır ki, belə fikirlər ortaya çıxsın. Jurnalistlər və redaktorlar yazıları dərc olunmamışdan qabaq bir dəfə oxusalar çöldə oturub “içəridən” lap həqiqət olsa belə lüzumsuz xəbərlər verməzlər.

YAZARIN DİGƏR YAZILARI

Yamaqlar və yazıçılar
Rza & Günel dastanı, yoxsa rəzalət?
“Demokrat” bolşeviklər
Bizim “bakirə” müğənnilər
Kal gavalı
Telebasabas
Əyri güzgülər ölkəsi
Sevgililər günü
Ad günü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər