15 iyun – milli qurtuluşun başlanğıcı, xaosun sonu

1354

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, qısa zaman kəsiyində milli dövlətçilik sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi və sosial-iqtisadi dayaqlarını möhkəmləndirərək beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider dövlətinə çevrilmişdir. Əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına və dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuşdur. Bu isə, öz növbəsində, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandıraraq onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün ciddi zəmin yaratmışdır.
Təbii ki, ölkəmizin inkişafında harada yaşamalarından asılı olmayaraq bütün həmvətənlərımizin xüsusi rolu var. Bu gün onlar dünyanın harasında yaşamalarından asılı olmayaraq Azərbaycanla fəxr edir, onun uğurlarından qürur duyur və fərəh hissi keçirirlər. Məhz bu milli birliyə və dünya azərbaycanlılarının həmrəyliyinə nail olduğumuz üçün türk dünyasının dahi şəxsiyyəti, ümummilli liderimiz Heydər Əliyevə borcluyuq.
Məlumdur ki, azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızı, müstəqilliyimizi illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Başqa sözlə desək, qüdrətli və möhkəm dövlət olmasa azadlıq və müstəqillik də yoxdur.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və ona arxa olan bir insan — Heydər Əliyevdir.
Ümummilli liderin saf ideyaları hər zaman bizimlədir və bu dahi insan haqqında keçmiş zamanda danışmaq çox çətindir. Təəssüf ki, bəzən bu həyatın reallıqları ilə barışmağa məcburuq. Bütün bunlarla yanaşı, danılmaz həqiqətdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri, öz dövrünün dahi siyasətçisi, dünya siyasətinin tanınmış siması olub. Məhz bunun nəticəsidir ki, ümummilli liderin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanı dünyaya tanıtdı, onun müasir dünyada xüsusi yerini müəyyən etdi, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək bütün dünya azərbaycanlılarının vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi üçün möhkəm zəmin yaratdı. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə ulu öndər Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçdi. Xalqımızın dahi oğlu Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratdı və gələcəyə aparan uzunmüddətli uğurlu strategiyanı müəyyən etdi.
Heydər Əliyevin dövlətçilik proqramında azərbaycançılıq məfkurəsi ilə bağlı diqqəti bir də məhz belə bir cəhət çəkir ki, burada mənəvi, bədii, habelə iqtisadiyyat, sənaye, tıkinti və təsərrüfatdakı böyük nailiyyətlərlə, güzərandakı elliklə yaxşılaşma və kütləvi ruh yüksəkliyi ilə birləşərək vahid axarda gerçəkləşib.
Məlumdur ki, xalqımızın son qırx beş illik tarixi məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur. Hələ 1969-cu ildə Azərbaycan KPMK-nın I katibi vəzifəsinə təyin olunmuş Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycan Respublikasını digər SSRİ respublikaları arasında önə çıxarmışdır. Hakimiyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər I katib işləyərkən, istərsə də ondan sonra İttifaq səviyyəli vəzifələrdə çalışarkən hər zaman Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutan Heydər Əliyev dəfələrlə öz sinəsini sipər kimi qabağa verərək xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə düşmənləri yerində oturtmuşdur. Başqa sözlə desək, Azərbaycan xalqının keçmişi, bu günü və gələcəyi, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycanın xoş gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlarla bağlıdır. Bu addımlar həm müxtəlif dövrləri, həm də ayrı-ayrı istiqamətləri əhatə edirdi.
Onlardan biri də azərbaycanlı gəncləri gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasının qoyulması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını da məhz ulu öndər Heydər Əliyev yaratmışdır. Son illərdə sosial-iqtisadi, siyasi, mədəni və s. sahələrdə əldə etdiyi uğurlar isə uzaqgörən xalqımızın öz inamında həqiqətən də yanılmadığını göstərir. Əgər dönüb arxaya, kəşməkəşli müstəqillik tariximizə, təlatümlərlə dolu illərə nəzər salsaq bir daha ümummilli liderin ucalığının şahidi olarıq.
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra nail olduğu bütün uğurlar dahi Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev zəngin dövlətçilik təcrübəsindən yararlanaraq uçuruma yuvarlanan, böhranlar içində çabalayan, gələcəyini heç kimin aydın təsəvvür etmədiyi bir ölkəni xilas etdi. Öz sinəsini sipər edərək Azərbaycanın dünya birliyinin müstəqil bir subyekti olmaq hüququnu özünə qaytardı. 1993-cü ildən sonra dahi Heydər Əliyevin qətiyyəti sayəsində müstəqilliyin ilk illərində obyektiv və ya subyektiv səbəblərdən ölkəyə vurulan yaralar sağalmağa başladı, Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu.
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başladı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin, beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Ana Yasa – Konstitusiya qəbul olundu. Beləliklə də, ölkədə daha geniş miqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı.
15 iyun 1993-cü il – Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə həkk olunan bu tarix təkcə dövlətçiliyimizin xilası deyildi. 15 iyun həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.
Qeyd olunduğu kimi, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. İttifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr dağıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi və milli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Məhz belə bir dövrdə, Azərbaycanın zəngin neft ehtiyatlarının mövcudluğunu nəzərə alan ümummilli lider Heydər Əliyev ilk vaxtlardan başlayaraq danışıqlar prosesinə ARDNŞ-in vitse-prezidenti, millət vəkili İlham Əliyevi də cəlb etdi. Beləliklə də, cənab İlham Əliyev yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün dəfələrlə vurğuladığı bir ideya dururdu: “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”.
Ümumilikdə neft strategiyası ilə sürət götürən inkişaf dinamikası sonrakı illərdə də daha genişmiqyaslı formada davam etdirildi. 1995-1998-ci illər əsasən müvafiq normativ hüquqi bazanın yaradılması ilə yadda qalsa da, bu dövr həm də dövlət mülkiyyətinin özəlləşdirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi və s. istiqamətlərdə mühüm dövlət sənədləri də qəbul edilmişdir. Bazar iqtisadiyyatı şəraitində iqtisadi inkişafın əsas amilinin özəl mülkiyyət və sahibkarlığın müxtəlif formalarının təşəkkül tapması olduğunu çox düzgün qiymətləndirən dahi şəxsiyyət Heydər Əliyev ölkədə stabilliyə nail olunan kimi sahibkarlığın inkişaf etdirilməsinə xidmət edən qərarlar qəbul etdi. Bu sahədə görülən işlərin əsl mahiyyətini qiymətləndirmək üçün ümummilli lider Heydər Əliyevin hələ 1996-cı ildə söylədiyi bir fikri yada salmaq məqsədəuyğun olardı: “Bir Prezident kimi, mən iqtisadiyyatda dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdırilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara bərabərlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılması yoludur”.
Məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkədə yerli sahibkarlıq fəaliyyəti ilbəil genişlənir, möhkəmlənir və dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevrilir. Artıq başlıca məqsəd bu mühüm sahənin inkişafını genişləndirməklə ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətini artırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün ulu öndər Heydər Əliyev təkcə 2002-ci ilin avqust-sentyabr aylarında altı mühüm fərman imzalamışdır. Bu tarixi fərmanların qəbul edilməsi, mahiyyət etibarı ilə, ilk növbədə ölkəmizin sosial-iqtisadi durumunun keyfiyyətcə yeni inkişaf mərhələsinə qalxmasında böyük potensiala malik milli sahibkarlığın qarşısında konkret vəzifələr qoyaraq onun həlledici rolunu daha da gücləndirdi. Məhz həmin dövrdə məqsədyönümlü formada həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, artıq sahibkarlıq iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilərək istər məşğulluğun təmin olunması, istərsə də büdcə gəlirlərinin artırılması istiqamətində öz bəhrəsini verməkdədir.
Etiraf edilməlidir ki, ümummilli liderin titanik səyləri nəticəsində yaradılan bünövrə və müəyyənləşdirilən siyasət indiki dinamik yüksəlişin ilkin əsası rolunu oynamaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ulu öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Bu gün gerçəyə çevrilənlərin əsası ümummilli lider tərəfindən qoyulan ideyalardır. Ona görə də gündən-günə yüksələn inkişaf dinamikası hər şeydən əvvəl ulu öndər Heydər Əliyevin siyasətinin və ideyalarının təntənəsi sayılmalıdır. Lakin göstərilənlərlə yanaşı ümummilli liderimiz Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərini nəzərə almadan, onun rəhbərlik manevrlərinin özünəməxsusluğunu və ən başlıcası, müasir dövrün tələblərinə uyğunluğunu lazımınca dəyərləndirmədən, Azərbaycanın müasir inkişafının amillərini bütün tamlığı ilə qavramaq qeyri-mümkündür.
Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev ümummilli liderin müəyyənləşdirdiyi kursu yaradıcılıqla inkişaf etdirən siyasi xadimdir. Heydər Əliyev siyasi kursunun Azərbaycan xalqına xoşbəxtlik gətirəcəyinə millətimizdə böyük inam hissi var. Azərbaycan ümummilli lider Heydər Əliyevin yolu ilə əbədiyyətə qədər inamla irəliləyəcək. Bu gün Prezident İlham Əliyevin xarici siyasətdə əldə etdiyi bütün uğurlar onun şəxsi müdrikliyi və diplomatik bacarığı ilə bərabər, eyni zamanda ümummilli lider Heydər Əliyevin vaxtilə yaratdığı inkişaf strategiyasına söykənir. Ən böyük uğur isə ondadır ki, məhz son bir neçə ildə Azərbaycan dövləti regionun liderinə çevrilib. Prezident İlham Əliyevin ölkənin və ayrılıqda regionların iqtısadi inkişafının sürətləndirilməsi üçün imzaladığı dövlət proqramları, ayrı-ayrı vaxtlarda bu proqramların icrasına şəxsən nəzarət etmək üçün bölgələrə səfərlər etməsi, xalqın içində olması onun yalnız ölkənin rifahı üçün bütün səylərini ortaya qoymasından xəbər verir. Bir sözlə, məhz ümummilli liderimizin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və Heydər Əliyev yolu ilə inamla daha yüksək inkişafa doğru addımlayır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
Nəhayət, 1993-cü il 15 iyununda Azərbaycan Respublikası Ali Sovetində keçirilən səsvermədə ümummilli lider Heydər Əliyev sədr seçildi. Bununla da Azərbaycanda yeni eranın başlanğıcı qoyuldu. Ulu öndər Heydər Əliyev dağılmaqda olan, parçalanan, yox olmaq təhlükəsinin bir addımlığında dayanan Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etmiş, dünyada söz və nüfuz sahibi, dinamik, inkişaf edən bir ölkəyə çevirdi. Təkcə elə buna görə də onun ikinci dəfə siyasi hakimiyyətə gəldiyi 15 iyun 1993-cü il tarixi xalqımız və dövlətimiz üçün Milli Qurtuluş Günüdür.

Elmar Xəlilov
Sumqayıt Dövlət Universitetinin dosenti,tarix üzrə fəlsəfə doktoru.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər