150-200 kq çəkili insanları incəldən mədə kiçiltmə əməliyyatlarında səhvlər, qadağalar - Tanınmış barriatrik cərrahdan açıqlamalar

3473
Bir neçə cərrah var ki, xəstəyə “gəl bir az ucundan kəsək” deyir.
Bu onların şəxsi icadıdır. Belə dünya standartı yoxdur və hər ağla gələni xəstə üzərində sınamaq olmaz.
Son günlər ekranlardan tanıdığımız, illərdir çəkiləri ilə gündəmdə olan  və arıqlaya bilməyən 2 tanınmış Tünzalə Əliyeva və Təranə Səmədovanın bariatrik cərrahi əməliyyatını icra etmiş  Azərbaycan Bariatrik və Metobolik Cərrahlar Assosiasiyasının rəhbəri, bariatrik-metobolik cərrah Taryel Ömərov Medicina.az saytına ” mədə kəsdirmə” əməliyyatının sirləri və bu sahədə yayılmış səhvlərdən, problemlərdən danışdı.
 
-Taryel həkim, bildiyimiz qədəri ilə, Azərbaycanda ilk bariatrik əməliyyatı edən cərrahlardansız. Bariatrik –metobolik cərrahiyyədə ölkəmizdə son durum nə yerdədir, kimlərə bu əməliyyatlar göstərişdir?
-Artıq Azərbaycanda ilk bariatrik əməliyyatı tətbiq etməyimizdən 5 il keçib. Bizdən öncə də bu işlə məşğul olanlar olub, amma sərbəst şəkildə deyil. Xaricdən gəlmiş professorların iştirakı 2011-2012-ci ildə bir – iki belə əməliyyat keçirildi. Amma Azərbaycanlı cərrahların sərbəst şəkildə bu əməliyyatı icrası 2013-cü ilin may ayında baş tutub. Və bu Azərbaycan cərrahlarının uğurudur.
Vaxt gələcək, 10 il sonra ölkəmizdə bu əməliyyatları icra edənlər çox olacaq, hətta bölgələrdə də icra ediləcək. Ona görə mən fərd olaraq yox, Azərbaycan Bariatrik və Metobolik cərrahlar birliyi adından danışıram.
İlk əməliyyat etdiyimiz xəstənin epikrizini də, çəkilişini də saxlamışıq. 157 kq-lıq çəkisi olan qadın, II tip diabet xəstəsi idi. Biz onda mədə şuntlanması əməliyyatı etdik. Pasiyent 1 aydan sonra diabet preparatlarını tamamilə buraxdı, qanda qlükoza azaldı, qlükohemoqlobin normallaşdı. 6 il keçib, pasiyent diabetik preparat qəbul etmir, arıqlayıb, normal həyatına davam edir.
Bu 5 ildə təkcə mən 500-ə qədər bariatrik əməliyyat etmişəm.
 
Kimlərə bariatrik əməliyyat tətbiq olunur: 
Bədən kütlə indeksi 35-dən  yuxarı olan və yanaşı gedən iki  xəstəliyi varsa,  pasiyentin son bir ildə idman, dieta və müxtəlif üsullarla arıqlama cəhdləri uğursuzluqla sonlanıbsa, hormonal xəstəliklərdən müalicəsinin effektivliyi yoxdursa, biz o xəstəni əməliyyata götürürük. Yaş həddi 18-60 arasıdır.
Amma burda maraqlı məqam var: pasiyent gəlir, bədən indeksi 33, yəni 80-83 kq-dır. Nə pəhriz saxlayıb, nə idmana gedib. Söhbət peşəkar dietoloq müalicəsindən gedir, internetdən, ya kimdənsə götürülmə dietadan yox. O xəstəyə deyirik ki, sizin əməliyyatsız da arıqlamaq şansınız var və çəkindiririk. Çox təəssüf ki, onlar sonra  gedib başqa həkimdə, mərkəzdə əməliyyat olunur. Olmaz. Qanunla bu dünya protokollarına ziddir. Xəstəni təkcə əməliyyat etməklə iş bitmir. Onun həyat keyfiyyəti yüksəlməlidir. Onun sağlamlığı qaranti altına alınmalıdır.
Bizim bu gün ən birinci məqsədimiz sadə insanlara məhz düzgün yolu göstərməkdir. Əgər pasiyent bariatrik əməliyyata qərar verdisə, əməliyyat düzgün icra olunmalıdır. Bizim vətəndaş Türkiyə, Avropaya , Amerikaya gedəndə bariatrik cərrahiyyədə hansı xidməti, keyfiyyəti görəcəksə, burda da onu görməlidir. Biz istəmirik effektsiz əməliyyatlar bariatrik cərrahiyyənin antireklami olsun. İnsanlar sonradan bizə inanmayacaq, qorxacaq.
-Bəs başqa klinikada əməliyyat olunan 80-90 kq-lıq xəstəni sonradan nə gözləyir?
-Ciddi avitaminoz və anoreksiya ilə üzləşəcək. Ömür boyu da bu problemlərin əziyyətini çəkəcəklər.
Bariatrik əməliyyat bədən çəkisinin 40% ə qədərini azalda bilir. Təsəvvür edin, 80 kq-lıq insan neçə kq-a düşəcək? O xanıma 10-12 kq-lıq arıqlama bəs edər, o da dieta, idmanla mümkündür. Əməliyyatla 30-35 kq itirməsi ziyandır.
-Elə əməliyyat növü  seçilə bilər  ki, xəstə 15-20 kq. arıqlasın, çox yox. Bunu tənzimləmək olurmu?
-Xeyr, mümkün deyil. Standartdan çıxmaq olmaz. Çox təəssüf ki, bu da yaralı yerimizdir. Bir neçə cərrah var ki, xəstəyə “gəl bir az ucundan kəsək” deyir. Bu onların şəxsi icadıdır. Belə dünya standartı yoxdur və hər ağla gələni xəstə üzərində sınamaq olmaz.
-Türkiyədə bir sıra klinikalar var ki, metobolik cərrahiyyə ilə  şəkərli xəstələri diabetdən tam xilas etdikləri barədə vədlər verirlər. Bəs siz diabet xəstələrini bir əməliyyatla şəkərdən xilas edirsizmi?
-Xeyr. Bu kimi vədlər, reklamlar çox şişirdilmiş olur. Hər şeyin standartı, kliniki protokolu var. Diabet xəstəsini əməliyyata almazdan öncə çox düşünməliyik.
Diabet cərrahiyyəsi – metobolik cərrahiyyədir. II tip diabet – metobolik xəstəliklərin həllində mühüm rol oynayan əməliyyatlardan biridir. Təkrar edirəm: II tip – piylənmədən sonra başlayan diabetlərdə.
Metobolik cərrahiyyə piylənmədən əziyyət çəkən insanda aparılanda zatən yanaşı olan metobolik sindromlar düzələcək:qaraciyərin yağlanması, prediabet, insulin rezidentliyi, qanın yağlılığı, ürək-damar problemləri normallaşır.
Amma son vaxtlar çəkisi bariatrik əməliyyata uyğun olmayan, yəni 80-90 kq-lıq pasiyentin diabet varsa, metobolik əməliyyat edilməsi halları artıb.
Bu gün metobolik cərrahiyyə əməliyyat növləri içində şuntlama əməliyyatlarını çıxmaq şərtilə sırf diabetə görə aparılan çox müxtəlif əməliyyatlar var: tranzit bipansion, interpazision- bunlar FDA və Avropa Birliyi tərəfindən hələ təsdiqini tapmayıb, amma Şərq dövlətləri, MDB dövlərində aparılır. Bizim şəkərli diabet xəstəsində apardığımız bypas-mədə şuntlama əməliyyatı artıq bütün dünyada təsdiqlənib, 1993-cü ildən şəkərli diabet xəstələrində mütləq şəkildə bu əməliyyat göstərişdir.
Amma 90-kq-lıq diabet xəstəsində şintlama aparsaq, o diabetdən qurtular,  lakin yanaşı olaraq avitaminoza girə bilər, anoreksiya olmaq ehtimalı çoxdur. Ona görə şəxsən mən “şəkərli diabet xəstəsi gəlsin, əməliyyatla diabetdən qurtacam” deyə bilmərəm. Amma edənlər var. Yaxın, qonşu ölkələrdə də edirlər. Bu isə yanlışdır.
 Mədənin dibinə diqqət yetirmək lazımdır. Orda Qrelin adlı hormon ifraz olunur.
Qrilin ifraz olunan yeri normaya uyğun götürdükdə effekt olur.
Əgər az da olsa bu hissədən qalsa, yeyilən qida mədənin genişlənməsinə səbəb olur, toxluq hissi gec gəlir.
-Liposaksiya, abdominoplastika kimi   estetik əməliyyatlar da var. Çoxları onlardan keçib, biri Tünzalə xanım. Amma yenə də effekt ürəkaçan deyil.
-Liposaksiya arıqlama əməliyyatı deyil. Abdominoplastika ilə maksimum 10 kq piy götürmək olur. Amma sonradan yenə qayıdır. Çünki metobolizm prosesləri düzgün getmir. Tünzalə xanımı əməliyyata alanda 129 kq idi. Nə dərəcədə liposaksiya ilə bu xanımı 80 kq –a endirmək olar? Ola bilər nə vaxtsa sınayıb. Amma çıxış yolu o deyildi. Çəkisi normadan çox artıq olan insanları əvvəldən düzgün yola yönləndirmək vacibdir.
— Bildiyim qədəri ilə, Tünzalə – Toppuş bacı sizə qədər artıq bir bariatrik əməliyyatdan keçmişdi, az da olsa arıqlamışdı. Siz onun mədəsinə baxdıqda nə aşkarladız, niyə əməliyyat uğursuz olmuşdu?
-Əməliyyat texniki olaraq düzgün icra olunmamışdı. Mədənin dibinə diqqət yetirmək lazımdır. Orda Qrelin adlı hormon  ifraz olunur. Qrelin ifraz olunan yeri normaya uyğun götürdükdə arıqlama effekti olur. Əgər az da olsa bu hissədən qalsa, yeyilən qida mədənin genişlənməsinə səbəb olur, toxluq hissi gec gəlir. Tünzalə xanımda da bu problem idi.
Bir daha insanlarımıza demək istəyirəm ki, gəlin mədənin ucundan götürüm, dibindən az kəsim deyənlərə inanmayın. Bunların heç bir elmi əsası yoxdur. Tünzalə xanım hazırda 40 kq-a kimi arıqlayıb, 1 il ərzində də arıqlamağa davam edəcək. Öz çəkisinin 40%-ni itirəcək.
-Deyirlər barriatrik cərrahiyyədən sonra arıqlayan insanları ətrafı belə çətinliklə tanıyır. Onlarda sanki psixolji dəyişikliklər də baş verir. Məsələn Tünzalə xanımı hamı Toppuş kimi tanıyıb, o obrazla o belə deyək çörəyini qazanırdı. Bu qədər arıqlamış aktrisanın obrazları da dəyişəcək axı…
-Biz bu məsələləri Tünzalə xanımın özüylə müzakirə etmişik. O bütün bunlara hazırdır. Bİr insanın sağıamlığı, səhhəti daha çox vacibdir, nəinki qeyri-sağlamlığı. Yəqin ki, biz onun üçün yeni ad, obraz da düşünərik. Bundan sonra ona İncəxanım deyə müraciət edərlər. Rolları da yeni obrazına uyğun seçilər.
-Bəs mədəyə balon yerləşdirməyə münasibətiniz necədir?
-Bu bir az individualdır. Bir pasiyent arıqlamaq üçün balon yerləşdirmək istəyirsə, tövsiyyə olunmur. Balon o zaman tətbiq olunur ki, bu pasiyentin ciddi əməliyyat riskləri var. İkincisi pasiyenti əməliyyata hazırlamaq dövrü üçün lazım olur. Ağır çəkili insanların hərəkətliliyini az da olsa təmin  etmək üçün balon qoyulur, bir az çəkisi azalır. Arıqlayandan sonra dərhal əməliyyata alınır. Çünki ballon uzun müddət mədədə qala bilməz. 3-9 ay qalma müddəti var, sonra çıxarılmalıdır. Yenə burda xəstənin vəziyyəti və kliniki protokolların tələbi nəzərə alınır.
Balonla arıqlamaq üçün balon qoyduran pasiyent bir az arıqlaya bilər, ballon çıxarılandan sonra qidalanmaya nəzarət etməzsə, sürətlə əvvəlkindən də çox kökəlirlər. Bizim belə pasiyentlərimiz olub, balon qoydurmuşdular. Balon çıxandan 4-5 ay sonra çəkini geri alıblar. İdeal variant yenə bariatik cərrahiyyə olub. Balondan sonrakı dövrdə mütləq ciddi pəhrizə əməl olunmalıdır. Azərbaycan pasiyenti üçünsə bu mümkünsüzdür.
 – Bariatrik əməliyyatdan sonra yenidən çəkini geri qaytarmaq halları baş verirmi? Pasiyent nələrə əməl etməlidir?
-Əməliyyatdan sonra 5 həftəlik adatpasion – öyrəşdirici dieta təyin olunur. Pasiyentə həmişəlik olaraq qazlı su, sintetik qidalar, fast-food, şirniyyat, şəkər tam məhdudlaşdırılır. Bu qidaların gündəlik qəbulu olmaz. Ayda ildə bir –iki dəfə dada bilər.
-Bəs bu şirniyyat həvəskarları neyləsin, tort, konfet, şokolad yeməsin?
-O zaman bir sual: bizim nənəmizin nənəsi, babamızın babası çayı nə ilə içirdi? O vaxt tort, konfet yox idi, insanlar qidalanmırdımı? Tam da normal, sağlam insanlar idi. Ona görə indi piylənmə, aşırı köklük, metobolik pozulmalar yayılıb.
-Toya getdikdə kabab, salat, dolma, aş yeyə bilərmi?
-Əlbəttə ki, milli-mental yeməklərimizdən nə istəsə yeyə bilər. Hər kəs düşünə bilər ki, onsuz da mədəmi kəsib kiçiltmişəm, elə hər şeydən az –az yesəm nolacaq ki? Tez doyacam. Amma kalori partlaması yaşadan qidalar – sintetik qidalar üçün fərqi yoxdur mədənin ölçüsü. Bu qidalar ümumi metobolik sistemi pozacaq.
Yanlış qidalanma, zərərli qidalar kapitalizmin iqtisadi siyasətisdir. Biz təbii qidalara qayıtmalıyıq. Necə ki nənə-babalarımız üzüm, tut qurusu ilə çay içirdilər, biz də həmçinin.
-Deməli, bariatrik əməliyyat keçən insanın ömür boyu işi sağlam qida seçmək olacaq? Bu da bizim insanlarımız üçün çətin məsələdir.
-Heç də çətin deyil. Bir misal: pasiyent səhər tezdən oyanır. Səhər yeməyinə ya 2 yumurta yeyə bilər, ya da tənbəllik edib qəhvə ilə bir dilim tort, ya şirniyyat yeyib, doyub gedər. O tort ona ona qlükozadan başqa heç nə vermir. Günorta bir kotlet, dolma yesə doyacaq. Amma bunun əvəzinə fast food seçir, yeyir doyur. Biz əməliyyatı edib pasiyentin orqan, toxuma, hüceyrələrini normallaşdırıb, sağlamlıq yoluna qoymuşuq. O isə bu qidalanma ilə bizim əziyyətimizi yerə vuracaq. Çünki o qidalar xəstəlikdir. Dünyada bir çox bariatrik mərkəzlərdə belə sözəbaxmayan pasiyentlərlə mübarizə üçün sosioloq və psixoloqlar cəlb olunur.
-Tutaq ki, xəstə sizin sözünüzə qulaq asmadı, 1 ildən sonra hər şeyi unudub, arıqlığından da istifadə edib, şirniyyat da yedi, fast-food da. Nə baş verəcək?
-Dünya statistikasına görə, 15% pasiyentlər 6-10 il il sonra  kökəlirlər, hətta həmin çəkisinə qayıda bilir. Ona görə həkim də, pasiyent də diqqətli olmalıdır. Məsələn, biz Təranə Səmədovanı 107 kq-la əməliyyata hazırladıq. Bu xanım dəfələrlə tibbi dietalarla arıqlamağa cəhd etmiş, uğursuz olmuşdu. Əslində dieta saxlamasaydı, biz onu əməliyyata almayıb, dieta ilə arıqlamağa göndərəcəkdik. Çünki 107 kq-dan 80 kq-a düşə bilərdi dieta ilə.
– Bu gün 207 kiloqram çəkili pasiyenti əməliyyat etdiz. Ən ağır çəkili xəstələr neçə kq olub.
– 220 kq çəkili xəstəmiz də olub. Hazırda 115 kq çəkidədir, çəkisindən razıdır, çünki boyu da hündürdür. İraqdan 19 yaşlı gənc pasiyent İraqdan gəlib müraciət etmişdi, 209 kq idi. Planımızda isə 247 kq-lıq xəstənin əməliyyatı var.
Bir çoxları başqa həkimlərin işlərini götürüb, öz işləri kimi təqdim edir.
İnsanlarımız diqqətli olsun, sosial şəbəkədə paylaşılan hər reklama aldanmasın
-Sizin sosial şəbəkədə bir qədər emosional statusunuzu oxuduq. Deməli müxtəlif səhifələr, arıqlama vasitələri satanlar, mərkəzlər, hətta həkimlər sizin əməliyyat etdiyiniz pasiyentlərin əvvəl-sonrakı fotolarını götürüb, öz adlarına çıxarır, insanları aldadırlar. Bununla mübarizə aparmaq da çox çətindir.
-Əslində, illərdir bunlara susduq. Həkimlərin səhifələrində görürük, xarici səhifələrdən müəyyən fotolar götürüb, öz işləri kimi təqdim edirlər. Sadə insan elə bilir ki, bu cərrah hər gün əməliyyat edir, bu da onun xəstəsidir. Əmin olmaq üçün, bir məqama diqqət yetirsinlər. Pasiyentin mütləq həkim ilə yanaşı şəkli olmalıdır. Həkimlə şəkli yoxdursa, şübhəlidir.
O ki qaldı arıqlama dərmanları, şirkətlər, mağazalar, dietoloqlar bizim pasiyentlərin, həmçinin Tünzalə xanımın son şəkillərini götürüb paylaşır, guya onların vasitəsilə arıqlayıb. Bunlara da aldanmasınlar. Tünzalə xanım son bariatrik əməliyyat nəticəsində arıqladı. Düzü bunlarla mübarizə aparmaq üçün vaxt da yoxdur. Amma artıq səbr daşanda səsimizi eşitdiririk.
-Bəlkə bu əməliyyatlar kimlər üçünsə asan gəlir mənbəyinə çevrilib. Bahalı əməliyyatdır, yaxşı qazanc var?
-Xeyr, burda yaxşı gəlir yoxdur. Bahalı əməliyyatdır. Çünki istifadə olunan çox alətlər birdəfəlikdir, bir əməliyyatda istifadə olunub atılır. Bariatrik əməliyyatda məbləğin 40% ə qədərini elə alətlər tutur. Üstəlik əməliyyat öncəsi müayinələr də çoxdur.
Türkiyə, Avropa ilə müqayisədə bizdə bu əməliyyat 3-4 dəfə ucuzdur. Burda risklər də çoxdur. 200 kiloqramlıq aşırı piyli insanı laporoskopik –qapalı əməliyyat etməyin texniki çətinliyi… Bir cərrah barriatrik əməliyyatla ona görə məşğul olmalıdır ki, bu işi bilsin və sevsin. Bu iş onun mənəviyyatıdır və elmidir, ruhudur.  Bizim üçün bu çörək ağacı demək deyil.
-Azərbaycan Bariatrik və metabolik cərrahlar dərnəyi  bütün bariatrik cərrahiyə ilə məşğul olanları birləşdirə bilibmi? Bir araya gələ bilirsizmi?
-Hazırda Azərbaycanda 10-12 bariatrik cərrah var. Onların hamısı üzvlərimiz deyil. Əslində Amerika və Avropada Bariatrik Assossiasiya varsa, orda hamı toplaşır, ora üzv olmağı özlərinə vəzifə borcu bilərlər və hər kəs bu sahənin inkişafına bəhrəsini verər. Bizdə çox çətindir. Üzv olmayanlar yəqin ki, şəxsi eqolarından istəmirlər.
Ona görə çıxış yolumuz insanları maarifləndirməkdədir. Elin gözü tərəzidir. Son 3 ildə 20 dəfə təkrar əməliyyat edib, kiminsə səhvini düzəltmişik. Bir insanın təkrar-təkrar bariatrik əməliyyata girməsi onun səhhəti üçün zərbədir. Elə xəstə var idi, biz artıq ikinci əməliyyatdan imtina etdik. Heç bir şey edə bilmərik. O yenə həmin çəkisinə qayıdır, elə də yaşayır, sadəcə olaraq, boş yerə orqanının bir hissəsini itirdi.
Düşünürəm ki, ölkəmizdə sağlam qidalanmanın olmaması və az hərəkətlilik səbəbindən bariatrik əməliyyata ehtiyacı olan insanlar çoxdur və gələcəkdə də geniş vüsət alacaq.
Artıq dietoloq və endokrinoloqlar belə bu xəstəliklərlə mübarizə aparmağı bacarmırlar və müalicələr effekt vermir.
Sadəcə bariatrik əməliyyat hər pasiyent üçün fərdi olaraq hazırlanmalı və düzgün keçirilməlidir.
AYGÜN MUSAYEVA

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər