18 OKTYABR – DÖVLƏT MÜSTƏQİLLİYİMİZİN BƏRPASI GÜNÜDÜR

829

1918-ci il may ayının 28-də Şərqdə ilk müstəqil dövlət məhz Azərbaycanda quruldu ki, bu gün bizi o tarixdən bir əsrdən də çox zaman kəsiyi ayırır.

Ötən yüzillliyin əvvəllərində “ İnsanlara hürriyyət, millətlərə istiqlal! ”şüarı ilə doğulmuş Milli hökümət 28 aprel 1920-ci ildə xarici qüvvələrin müdaxiləsi, hakimiyyət uğrunda çəkişmələrin, hərc-mərcliyin nəticəsində bünövrədən sarsılmış, çeynənən bir ölkənin haqq bağıran səsinə səs verən milli azadlıq aşiqlərinin hər əzaba qatlaşaraq qurduqları müstəqil, demokratik dövlətin ömrü yarıda kəsilmişdi…

Tarixlər sırasında biz azərbaycanlıların yaddaşından heç vaxt silinməyən, bir-birinə mahiyyət etibarı ilə oxşar, heç fərqlənməyən iki tarix var: 1920-ci il aprelin 27-dən 28-ə keçən gecə və onun təkrarı, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə! Tarixlərin biri – Müstəqilliyini itirmiş ümidsiz Azərbaycanı, digəri isə müstəqilliyin bərpasına aparan yolun astanasında durmaqla dirçəlmiş Azərbaycanı ehtiva edir.

70 il İmperiya boyunduruğunu boynunda gəzdirən Azərbaycan xalqı 1991-ci ilin 18 oktyabrında yenidən öz müstəqilliyinə qovuşmaq üçün özündə güc tapa bildi.

1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan parlamentinin dövlət müstəqilliyinin bərpası haqqında qəbul etdiyi Konstitusiya aktı həmin ilin dekabr ayının 29-da ümumxalq səsverməsi ilə təsdiqləndi. Dövlət müstəqilliyimizin bərpası haqqında qəbul olunmuş Konstitusiya qanununun bünövrəsində Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi sənədləri, Azərbaycan Ali Sovetinin 1991-ci ildə qəbul etdiyi 30 avqust tarixli Bəyannaməsi dayanır.

Müsəlman aləmində ilk müstəqil dövlətə sahiblənsək də, müstəqilliyini bərpa etmiş dövlətlər sırasında 13-сü pilləni tuta bilmişik. Bir tərəfdən mənfur ermənilərin “ Dənizdən – dənizə  Böyük Ermənistan ” xülyasının tərkib hissəsi – Qarabağ münaqişəsi, digər tərəfdən hakimiyyəti ələ almış səriştəsiz Cəbhə – Müsavat cütlüyünün səhv mövqedən çıxışı, Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymaqla yanaşı, yenicə bərpa olunmuş müstəqilliyimizin varlığına da kölgə salmış olurdu. Müstəqilliyi qazanmaq daha asan başa gəlir, nəyin ki, onu əldə saxlamaq!

Azərbaycanın yenidən parçalanmasına xidmət edəcək məkrli niyyətlərin baş tutmaması üçün xalq çıxış yolunu Heydər Əliyev böyüklüyünə sığınmaqda gördü. 1991-ci il 18 oktyabr tarixində yenidən müstəqilliyini bərpa etmiş Azərbaycana kövrək addımlarını möhkəmlətməyə ulu öndər yardımçı oldu. Milli azadlığın, milli istiqlalın təmin olunduğu 23 aylıq bir məktəbdən dərs alan, onun qanunlarını həyat fəlsəfəsinə çevirən ümummilli lider Heydər Əliyev qurduğu müasir Azərbaycan dövlətini böyük Məmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz!” fikrinə sadiq qalmaqla Şərqin ilk demokratik dövlətinin varisinə çevirmiş oldu.

Müstəqilliyimizi ilk olaraq elə həmin ilin noyabr, dekabr aylarında Türkiyə, Rumıniya, Pakistan, İsveçrə, İran tanıdı.

Dörd ay sonra, 2mart 1992-ci ildə müstəqil dövlət olaraq BMT-yə üzv seçilməsi gərgin bir dövrdə ilk qədəmlərini basan Azərbaycan üçün tarixi bir hadisə sayılsa da, onun Qarabağ münaqişəsinin həllinə dair imzaladığı  dörd qətnamə kağız üzərində qaldı.

Çətin bir şəraitdə xalqın təkidi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi özünün dediyi kimi “ Müstəqilliyimiz əbədidir, dönməzdir!”fikrini əsaslandırmış oldu. Dağlıq Qarabağ münaqişəsinin yumşaldılmasına dair 1994-cü il tarixli atəşkəs rejimi, ATƏT-in Budapeşt Sammitinin münaqişənin Beynəlxalq Hüquq müstəvisində həlli yollarına dair çıxardığı qərar, ümummilli liderin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir ” prinsipi ilə imza atdığı “Əsrin müqaviləsi ”, bu istiqamətdə görülən işlər hesabına respublikanın dünya iqtisadiyyatına inteqrasiyası, necə deyərlər, büdrəmiş Azərbaycanın sağlam addımlarla yoluna davam etməsi demək idi. 1994-cü ildə imzalanmış neft kontraktları Xəzər hövzəsində iri miqyaslı layihələrin həyata keçirilməsinə zəmin yaratdı,  Bakı – Tbilisi – Ceyhan neft kəməri, Bakı – Tbilisi – Ərzurum qaz kəməri fəaliyyətə başladı.

1995-ci ildə müstəqil Azərbaycanın qəbul edilmiş Konstitusiya aktı ölkənin daxili və xarici siyasət konsepsiyasının beynəlxalq hüqüq normalarına cavab verməsini təmin etdi.

1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişlərinə cəhdin qarşısının alınması da diqqətçəkən məqamlardan oldu. Bir sözlə, daxilində hökm sürən total böhrandan –  həm iqtisadi, həm siyasi, həm də hərbi böhrandan üzüağ çıxan Azərbaycan, onun müasir modelini yaratmış milli liderə minnətdardır. Heydər Əliyev kursunun layiqli davamçısı İlham Əliyev “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikrini rəhbər tutaraq Azərbaycanın dövlət quruculuğunun daha da təkmilləşdirilməsi yolunda inamla addımlayır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hakimiyyət illəri tarixə hərtərəfli, sürətli inkişaf dövrü kimi daxil olub. O, siyasi uzaqgörənliyi, liderlik keyfiyyətləri sayəsində dünya arenasında Azərbaycanın sabit və güclü mövqeyini ortaya qoya bilir. Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıtmaq üçün apardığı iqtisadi- mədəni islahatları ölkənin əsas atributlarına çevirib. Daxili və xarici siyasəti respublikanın milli maraqlarına söykənən ölkə rəhbəri dövlətin müstəqillik illərində keçdiyi keçməkeşli, şərəfli yolu tək cümlədə səciyyələndirərək deyir: “Azərbaycan artıq 30 ildir ki, sabitlik şəraitində əsrə bərabər inkişaf yolu keçir”. Əlavə şərhə ehtiyac qalmır. Həqiqətən də Azərbaycanın dünya arenasındakı nüfuzunu ölkəmizin, paytaxt Bakımızın ev sahibliyi etdiyi çoxsaylı beynəlxalq tədbirlərdən aydın görmək olur. Bir il əvvələ adlasaq, dünyanın 40-dan çox dövlət və hökumət başçılarının Bakıya rəsmi səfərlərini, Türkdilli  Dövlətlərin Əməkdaşlıq Şurasının, Dünya Dini Liderlərinin zirvə görüşlərini xatırlatmaq yetərlidir. 120 dövlətin üzv olduğu, formal olaraq heç bir bloka tərəf olmayan “Qoşulmama Hərəkatı”na ölkə rəhbərinin 2019-cu ildən etibarən, sədrlik etməsi fakt olaraq qeyd olunmalıdır. Bir faktıda qeyd edim. Şərqdə ilk olaraq xalq hakimiyyətinə əsaslanan, elə Xalq Cümhuriyyəti kimi tarixə möhür basan Demokratik Respublika qurucularının keçdiyi yolu, saldığı izi bu gün ölkə başçısı Müzəffər Ordunun Ali Baş Komandanı kimi yolu, izi itirmədən özünəməxsus tərzdə yeyin addımlarla irəliləyir.

23 aylıq bir məktəbin yetirməsi olan Azərbaycan dövləti bu gün öz müstəqilliyinin 30 illik tarixini qeyd edir. Prezident İlham Əliyev tərəfindən təqdim olunan “Azərbaycan Respublikasının Müstəqillik Günü haqqında” Qanun layihəsində 28 May tarixinin Müstəqillik Günü, 18 Oktyabr tarixinin isə dövlət müstəqilliyinin bərpa edilməsi günü kimi təsbit edilməsi tarixi gerçəkliyi özündə əks etdirməklə qəhrəman, mübariz bir xalq olduğumuzu dünyaya mesaj olaraq göndərir.

Sevindirici, qürurverici haldır ki, qoynunda bəslədiyi qəhrəman oğullarının şücaəti, dəyanəti hesabına öz ərazi bütövlüyünə qovuşan qalib Azərbaycan bu gün 30 illik müstəqillik tarixini qarşıda onu gözləyən “Zəfər” bayramının fonunda qeyd edəcək.

Sənurə Lazımova, Sumqayıtın Tarixi Muzeyinin elmi katibi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər