1918-Cİ İL AZƏRBAYCANIN ŞİMALINDA BAŞ VERƏN QƏTLYAMLAR

1402

Ümumiyyətlə, Azərbaycan xalqının başına gətirilən bu faciələrin sistemli araşdırılması və beynəlxalq ictimaiyyətə davamlı şəkildə çatdırılması zəruridir. Azərbaycanlıların soyqırımı ilə bağlı yalnız martın 31-də danışmaq, yalnız faciə günləri bu hadisələri anmaq doğru yanaşma deyil. İstər Xocalı faciəsi, istər 1918-ci il soyqırımları və digər hadisələr haqqında hər zaman danışılmalıdır, bu hadisələrlə bağlı məlumatlar çox peşəkar səviyyədə beynəlxalq aləmə çatdırılmalıdır. Bunu etmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur. İndi isə əsas mətləbə keçək.
1918-ci il soyqırımı Quba qəzasında da eyni istiqamət üzrə cərəyan edib. Tarixi mənbələrdə göstərilirdi ki, erməni daşnaklarının qaniçənlərindən biri olan Hamazaspa “Xəzər dənizindən Şahdağadək olan ərazidə müsəlmanları məhv etmək əmri” verilib. Onun başçılıq etdiyi daşnak-bolşevik dəstələri Quba qəzasında 122 kəndi yandırmışdılar. Ermənilər tərəfindən törədilən bu soyqırım zamanı 30 mindən artıq adam öldürülüb. Qırğının əsas təşkilatçılarından olan S.Şaumyan RSFSR XKS-ə 1918-ci ildə yazdığı məktubunda həyasızcasına etiraf edir: “Daşnakstyunun 3-4 minlik milli hissələri bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik”. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba,Zəngəzur və digər ərazilərdə erməni bolşevik – daşnak qrupu 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı, öz torpaqlarından qovmuşdu. Vəziyyət o qədər qəliz idi ki, Bakı Sovetini dəstəkləyən Müsəlman Sosialist Partiyaları Bürosu təcili olaraq Erməni Milli Komitəsini buraxmağa, bu komitəyə tabe olan silahlı qoşunları Bakıdan çıxarmağa çağırırdı. Vəziyyətin böhran həddinə çatdığını anlayan Şaumyan, Lenin tövsiyə etdiyi kimi, “diplomatiya” oyunu qurdu. 1918-ci ilin aprelin 20-də İnqilabı Müdafiə Komitəsi yaradıb ermənilərin komitəsini ləğv etməyi təklif etdi. Amma bütün bunlar gözdən pərdə asmaq üçün idi – bu qurum da, erməni qoşunları da sona qədər Bakıda fəaliyyət göstərdilər.Mart soyqırımında onlar öz qanlı missiyaların məharətlə yerinə yetirdilər. 100 minlərlə soydaşımız mart soyqırımının qurbanı oldu.
Ermənilər 1918-ci ildə Qubada 122 kəndi yandırıblar. Hadisələrin canlı şahidi 111 yaşlı Saat nənə deyir ki, “gözünü qan örtmüş erməni daşnakları uşaq-qoca bilmədən əhaliyə divan tuturdu”.
1918-ci il aprel-may aylarında ermənilərin Azərbaycanın şimalında törətdiyi qırğınlar o vaxtki Dəvəçibazar, indiki Şabran və Siyəzən rayonlarından başlayır. Yerli tarixçilərin dediyinə görə, qatarla Şabrana gələn silahlı ermənilər bir neçə dəstəyə bölünərək dinc əhaliyə divan tutmağa başlayıb. Şəhərin özündə isə qoca, uşaq və qadınları məclisdə yığaraq onları diri-diri yandırıblar.
Hücum nəticəsində təkcə Şabranda 33 kənd dağıdılaraq yerlə yeksan edilib. Daha sonra Qubaya doğru istiqamətlənən daşnaklar burada 16 mindən çox dinc sakini vəhşicəsinə öldürüb.Qubanın Digah kəndində yaşayan 111 yaşlı Saat Əhmədova həmin hadisənin canlı şahididir. Onun sözlərinə görə ermənilər Qanlı dərəyə gələrək, onlara çox əzab verib: “Ermənilər bizimkiləri dərədə qırdı. Heç bir nəfər də qalmadı. Qan su kimi axırdı, 3 ay çöllərdə olmuşuq”. Gözünü qan örtmüş ermənilər daha sonra bəyləri çox olan qədim Alpan kəndini hədəf seçiblər. Qanlı dərədə qiyam törətdikdən sonra erməni cəlladları həmin kəndə üz tutublar. Onlıar kəndin qədim qəbirstanlığındakı qəbirləri güllə yağışına tutmuş, XVI əsrin yadigarı olan Su baba türbəsini də dağıdıblar. Kənddəki qəbirstanlıqda ermənilər tərəfindən güllə-baran edilmiş qəbirlər indi də qalmaqdadır. Qubanın Alpan kəndində yaşayan ağsaqqal Şərafəddin Dadaşov əhalini ermənilərdən qorumaq üçün dağ və meşələrə qaçdığını deyir.
Bu ərazidən erməni silahlılarını qovmaq üçün yalnız Quba və Qusar camaatının birgə səyləri nəticəsində mümkün olub. Quba və Qusar rayonlarında ermənilərin yerli əhaliyə qarşı törətdiyi soyqırım faktları rayon prokurorluq orqanlarında toplanaraq Respublika Prokurorluğuna göndərilib.
“Qubadakı kütləvi məzarlıqda aşkar edilən iki arx skeletlərlə doludur. Bu, ermənilərin 100 il əvvəl Qubada soyqırım həyata keçirdiyini sübut edir. İnanın ki, dəhşətdən burada işləyə bilmirik. Hər qarış torpaqda görünməmiş vəhşiliklə rastlaşırıq”. Bu sözləri APA-ya açıqlamasında Qubada aşkar edilən kütləvi məzarlıqda tədqiqat aparan ekspedisiyanın yekun arayışı bu gün instituta təqdim olunub. Sümüklərin antropoloji tədqiqatı onların müsəlmanlara aid olduğunu təsdiqləyib. Bu sözləri APA-ya eksküziv açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova deyib. M.Rəhimovanın bildirdiyinə görə, bu məzarlıq ermənilərin 1918-ci ildə Qubada törətdikləri qətlyamların üzə çıxan bir hissəsidir.
“Quba ərazisində, Qudyalçayın sağ sahilində idman kompleksinin yenidən tikilməsi zamanı üzə çıxan insan sümüklərinin töküldüyü yerə məzarlıq demək olmaz. Çünki insan sümükləri bir-birinin üstündə tapılıb. Sümüklər çayın sahilindəki iki quyuda aşkarlanıb. Böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Böyük quyuda yüzlərlə insan skeletləri tökülüb. Skeletlərin bütöv bir halda tapılmaması insanların öldürüldükdən sonra, sanki şaqqalanaraq buraya atıldığını göstərir”. Bu sözləri isə APA-ya açıqlamasında Qubada tədqiqat aparan elmi ekspedisiyanın üzvü, tarix elmləri namizədi Əsgər Əliyev deyib.
Ə.Əliyevin bildirdiyinə görə, çoxlu insan kəlləsi, uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda götürmək mümkün olub. Quyudan insana aid olan hər hansı bir sübut – saç, geyim, əşya tapılmayıb. “Çox güman ki, birinci quyu insan sümükləri ilə dolduğuna görə, yanında ikinci kiçik quyu qazılıb. Kiçik quyunun ağzı isə hələ açılmayıb”, – deyən Ə.Əliyev nəticələrin yerli təşkilatlara təqdim olunduğunu bildirib.
Sümüklərin tədqiqatı zamanı ölüm faktının nə vaxt baş verdiyi dəqiqləşib. Arxeoloqların bildirdiyinə görə, qədim sümüklərdə sementləşmə gedir, amma Qubada tapılan sümüklər hələ nəmliyini qoruyub. Bu isə ölüm tarixinin təxminən 100 il öncə olduğunu üzə çıxarır. Quyunun ətrafının ilkin tədqiqi nəticəsində qətlyamların burda baş verdiyi güman olunur: “Ermənilər qətlyamların üstünü örtmək üçün, çox güman ki, suyun yuyub aparacağı gümanı ilə sümükləri çayın sahilinə töküblər”. Məlumat verilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Həmin ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb. 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir.
Tədqiqat işlərinin nəticəsində məzarlıqda təxminən 400-dən artıq insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadındır, qalanları isə yaşlı kişilərdir. Müəyyən olunub ki, məzarlıqda azərbaycanlılarla bərabər Qubada sıx yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilib.
Sumqayıt Dövlət Universitetinin dosenti,
tarix üzrə fəlsəfə doktoru
Elmar Xəlilov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər