21 Dekabr və Dollar

1147
Əslində, bizi 2 gün sonra nə gözləyir?

Dünya insanı üçün 2012-ci ilin 21 dekabr tarixi əlamətdar sayılır. Mağazalarda şam, qurudulmuş çörəyə alıcı axını artıq adiləşib. Sığınacaqlar, Nuh gəmisini xatırladan gəmilər, evlər, zirzəmilər…. artıq satışa çıxarılıb. Bundan başqa, dünya insanı axirət günü “rahatlığı” ilə banklardan kütləvi miqdarda kredit pul götürür. Onlar dünyanın son gününün yetişəcəyi əminliyi ilə “bu dünyanın dadını çıxarmaq istəyirlər”. Amma dünyada NASA, Azərbaycanda isə qiyamət günü ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası, habelə Şamaxı rəsədxanası səviyyəsində təkzib gəlib. 

 

Bu günə qədər minlərlə belə yalanlar ortaya atılmışdır. Bəziləri reallaşmış, bəziləri isə reallaşmayaraq tarixin tozlu səhifələrində basdırılmışdır.

İndiyə qədər bu mövzu barədə çox fikirlər səslənib, ümumiyyətlə, 2012-ci il haqqında çox yazılıb, müxtəlif dillərdə 30-a yaxın kitab dərc olunub, hətta film də çəkilib. Bütün bunlar insanların tələbatından, daha doğrusu, onların daxili suallarına cavab tapmaq istəyindən irəli gəlib. Son günlər bu dalğa daha sürətlə insanların beynini nəinki məşğul etməyə, hətta deyərdim ki, hədsiz qorxutmağa başlayıb. Tarixin müxtəlif dönəmlərində belə hallar tez-tez bir-birini əvəz edib, növbəti belə “fürsət” isə deyəsən, 2012-ci ildir. 1999 və 2000-ci illər üçün uydurulanlar səhv çıxdığından dezinformasiyanı yayanlar 2012-ci ilə keçid aldılar. Özü də bunu ən müxtəlif formalarda diqqətə çatdırırlar: gah “göydən Yerə nəhəg asteroid gəlir”, gah “3-cü dünya müharibəsi başlayır”, gah da “təbii fəlakətlər dünyanı dağıdacaq” formasında. Özü də bu fikirləri təsdiqləmək üçün Nostradamus və Vanqadan, bəzən də digər öncəgörənlərdən sitat gətirirlər. Halbuki, adıçəkilən şəxslərin heç biri bu barədə heç nə deməyiblər. Görünür, dünyanın siyasət dəllalları bu cür bəhanələrlə planetimizi təlaşda saxlamaq istəyirlər. Nəticədə isə  bu  gün dünya gündəminin  ən aktual xəbərlərindən biri “Qiyamət” hadisəsidir. İnsanlar 21 dekabrda baş verilməsi təxmin edilən   “qiyamətin” olub-olmayacağını düşünür və mayalıların verdiyi bu “dəqiq” xəbərdən narahatdırlar. Bu kimi xəbərlərin yalan olmasını bu günə kimi müxtəlif elm adamları, ruhanilər, dindarlar və hətta NASA-nın özü belə təkzib etsə də insanların içində hələ də qəribə bir şübhə, qorxu, xof yer qalmaqdadır.

21 dekabrdan etibarən 4 gün ərzində dünyanın üzərinə zülmət çökəcəyinə inananlar, necə deyərlər, indidən “qiyamət tədarükü” görməyə başlayıblar. Artıq bir çox mağazalarda üzərində qiyamət şamları yazılmış şamların insanlar tərəfindən necə alındığını rahatlıqla görə bilərsiniz. Bundan əlavə insanlar daha çox kolbasa və sosis məhsullarına, konservləşdirilmiş məhsullara üstünlük verirlər. Hələ mən litlərlə neft alanları demirəm.

Dalay Lamanın şayiəsindən sonra onlarla ölkədə on milyonlarla insan banklara, kredit təşkilatlarına axışır, on milyonlarla dollar məbləğində sələm götürürlər, nə qədər ərzaq və geyim məhsulları, avtomobil və s. alırlar. Bilirsinizmi, bütün bunların gəliri bir qrup milyarderin hesabına axır?

21 dekabr həyatımızın bir çox tərəflərinə ciddi şəkildə təsir edib. Bunu adi insanlarla yanaşı, ekspertlər, iqtisadçılar  və ümumiyyətlə, müxtəlif peşə sahibləri təsdiq edirlər.

 

Biz də bununla əlaqədar olaraq kiçik bir sorğu apardıq.

Orifleym şirkətinin meneceri Sərdar Əliyev:

– Doğrudur, son günlər cəmiyyətdə yayılmış bu xəbər hər kəsin marağına səbəb olmaqla yanaşı, həmçinin insanları təşviş içində saxlayır. Adi hallarda şirkətin məhsullarını anbarda tapmadığımız bir vaxtda  indi satışlarımızda bir az ləngimə var. Ümumiyyətlə, deyə bilmərəm ki, əhalinin 100 faizi 21 dekabrın dünyanın sonu olacağına inanır, lakin  insanlarda  narahatçılığın hələ ki, müəyyən dərəcədə qaldığını açıq-aşkar sezmək olur.

Taksi sürücüsü Hüseyn Məhərrəmov:

– Vallah, bu 21 dekabr məsələsi hamını bezdirib, düzdü sərnişinlərin sayında azalma müşahidə olunmasa da, amma bir çoxlarını bu məsələ ciddi şəkildə narahat edir.  Bəziləri öz planlarını təxirə salaraq, dekabrın 21-dən sonraya saxlayırlar. Amma yenə də Allah kərimdir, gözləyək görək nə olur?!

 

 Müəllim Elxan Süleymanov:

– Şagirdlər ən çox bununla bağlı suallar verirlər. İstəyirlər ki, bu mövzuda söhbət edək. Baxmayaraq ki, mən dəfələrlə demişəm ki, bu şayiədir.

 

Apardığımız sorğudan da göründüyü kimi insanların həyatına təsirsiz ötüşməyən bu hadisəyə heç də hamı inanmır. Elə tanınmış astroloq və filologiya elmləri namizədi  Firudin Qurbansoy kimi. Astroloq mövzunu saytımız üçün belə şərh edib:

– 21 dekabr ilin ən uzun gecəsi sayılır.  Bunu vaxtı ilə klassik ədəbiyyatda şəbi-yelda adı ilə qızın uzun saçları ilə müqayisə edirdilər. Təxminən 10 ilə yaxın müddət ərzində 21 dekabr mövzusu gündəmə gəlib. Dünyanın axırı, qiyamət günü adı ilə amerikalılar camaatın canına xof salıblar. Bu, dolların məzənnəsinin qaldırılmasına xidmət edir. Bilirsiniz  ki, 1812-ci ildə 21 dekabrda ilk dəfə olaraq dollar meydana gəldi və dövriyəyə buraxıldı. O dövrdən bu vaxta qədər Amerikanın işğalçılıq siyasəti ilə, xüsusən şərq aləminə və islama olan düşmən münasibəti ilə ərəb ölkələrində və yaxın şərqdə törətdiyi qətliamlarından sonra dollar “əziyyət çəkərək” məzənnəsi aşağı düşdü. Bu da onların dolları xilas etmək  üçün müxtəlif yollar axtarmalarına səbəb oldu. Fikirləşdilər ki, insanların canına elə bir xof salmaq lazımdır ki, gündəlik təlabatı ödəməkədən əlavə daha çox lazımsız əşyalara pul xərcləsinlər. Ona görə də belə bir yalan uyduruldu ki, guya ki, maya təqvimində dünyanın axırı haqqında xəbərlər  var. Əslində, maya diski, yəni təqvimi, son dərəcə primitiv, bəsit və elmə dəxli olmayan  bir şeydir. Maya təqviminə görə, hər il 20 aydan ibarətdir və hər ayın da 20 günü var. Bu da nəticədə 400 gün edir. Lakin adi bir məktəbli də bilir ki, bir il 365 gün 48 saat 20 saniyədir. Əgər bunlar təqvimlərində bu qədər səhv hesablamalara yol verirlərsə, bunların hansı elmi əsası ola bilər ki, dünyanın sonu ilə bağlı belə bir axmaq yalan yaysınlar?!

İnsanların bu təqvim haqqında kifayət qədər məlumatları yox idi deyə bu məsələ daha da qabardıldı. Bununla yanaşı, bu yalanın yeridilməsi üçün film çəkdilər, qəzetlər, jurnallar, internet saytları, bütün media bir andaca bu xəbərlərlə doldu. Eyni zamanda, yerli inhisarlar da, hər bir ölkənin yerli inhisarları da buna rəvac verdi. Bundan əlavə televiziya verilişləri də reytinq qazanmaq xatirinə bu kimi verilişlərə, mövzulara daha çox yer ayırdılar. Rusiyada şaxtababanın hədiyyələri kimi satılan 500 rublluq hədiyyələrin üzərində “koneç mira” kimi sözlər yazılıb və hər kəs də bunu hədiyyə kimi alıb evinə qoyur. Hətta bu bizneslə məşğul olanlar böyük fəxrlə deyirlər ki, Rusiyanın hər yerindən bizə sifarişlər gəlir və hədiyyələri almaq istəyirlər. Bundan başqa, qeyd olunur ki, guya qiyamət günündə Türkiyənin İzmir əyalətinin Şirincə kəndində heç bir fəlakət baş verməyəcək. Guya ki, dünya dağılsa da, bu kənddə heç bir daş tərpənməyəcək.

Heç bir dini əsası yoxdur bu deyilənlərin, sadəcə, bu, dolların məzənnəsinə görə lazım idi ki, o da oldu. Planetlərin paradı isə növbəti bir cəfəngiyyatdır. Belə bir şey gözlənilmir. Sadəcə olaraq 12 dekabrdan başlayaraq yer kürəsi oxatan bürcünə gələcək və yalnız 3 planet bir xətt üzrə düzüləcək. Lakin buna heç bir əsasla planetlərin paradı demək olmaz. Planetlərin paradı olsa belə, bu, dünyanın axırı demək deyil. Çünki bu, 20 il bundan qabaq da olmuş bir hadisədir. Deməli, bu, sadəcə, camaatda xof yaratmaq üçün, əhalinin bilgisiz təbəqəsini qorxutmaq üçün əvvəldən hazırlanmış bir plandır. Bu məsələdən amerikalılar öz məqsədləri üçün ustalıqla istifadə elədilər. Daha sonra NASA noyabr ayının son günündə rəsmi şəkildə bu məsələyə etirazını bildirərək belə bir şeyin olmayacağını bildirdi. Yaxşı, bəs bu NASA-nın əməkdaşları bir az qabaq buna etirazlarını bildirə bilməzdilər? Dekabra bir gün qalmış etirazın bildirilməsi də öncədən düşünülmüş bir addım idi. Bütün bunlar dövlət siyasətinin tərkib hissəsidir. Bu mənada isə bu sadəcə bəşəriyyəti dolamaqdır. Hər kəs, bir az da olsun dünyadan xəbəri olan, təhsili olan adamlar bilir ki, bu, sadəcə, boş cəfəngiyyatdır. Bəzi teleşirkətlər isə hələ də  bu məsələni qaşıyırlar, gündəmdə saxlayırlar. Sonda isə qeyd etmək istəyirəm ki, insanlarımız dünyanın axırına şamla və ya müxtəlif konservlərlə hazırlaşmaqdansa, daha yaxşı əməllərlə hazırlaşsalar çox yaxşı olar. Yoxsa ki, qiyamət günü hər kim nə etsə, onun dəyərini alacaq.

 

Səbinə Məmmədova 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər