4 vəsiqəyə 8 namizəd

383

Kim daha şanslıdır?

 

Məlum olduğu kimi, bu gün AVRO-2012-nin seşmə tsiklinin play-off mərhələsinə start veriləcək. Qitənin 8 yığması 4 gündə iki dəfə üz-üzə gəlməklə gələn il Polşa və Ukraynanın ortaq şəkildə düzənləyəcəyi turnirin final mərhələsinə son dörd vəsiqənin sahibini müəyyənləşdirəcək. Son dəfə 16 komanda ilə təşkil olunacaq Avropa çempionatının son 4 iştirakçısını Bosniya və Herseqovina-Portuqaliya, Çexiya-Çernoqoriya, Estoniya-İrlandiya və Türkiyə-Xorvatiya cütlüklərinin qarşılaşmalarının nəticələri müəyyən edəcək. Play-off mərhələsinin oyunlarına proqnoz vermək çətin olsa da, komandaların şanslarına nəzər yetirmək maraqlı olardı.

 

Bosniya və Herseqovina – Portuqaliya

Əslində, Portuqaliyanın play-off mərhələsində yer alması sürpriz kimi qiymətləndirilməlidir. Hər halda, heyətində dünya səviyyəli futbolçular olan bir komandanın seçmə mərhələdə Danimarkadan geri qalmasını, eləcə də Norveçi yalnız şəxsi oyunlara görə qabaqlamasını sıradan fakt kimi dəyərləndirmək olmaz. Avro-2004-də öz meydanındakı qitə birinciliyində gümüş medalları qazanan portuqalıyalıların daha sonra enişə doğru qırafiq cızdığını söylələ bilərik. Təsadüfi deyil ki, sözügedən komanda AVRO-2008-də 1/4 finaldan, play-off mərhələsində məhz Bosniya və Herseqovinanı məğlub edib vəsiqə qazandığı 2010-cu ildəki Dünya çempionatında isə 1/8 final mərhələsindən uzağa gedə bilməmişdi. Görünən odur ki, əksər komandalar üçün mövcud olan “komandanın zirvə və zirzəmi dövrü” adlı tendensiya Portuqaliya yığma komandasında da müşahidə olunmaqdadır. Düzdür, baş məşqçi postuna Paulo Bento gətirildikdən sonra komandanın nisbətən toparlandığı görünür, amma hələ də portagizlərin komanda oyununu istənilən səviyyədə oynaya bilmədiyini vurğulamalıyıq.  Bosniya və Herseqovina milli komandasına gəlincə, seçmə mərhələni 20 xalla tamamlayan komandanın D qrupunda 6 qələbə qazanmasını və cəmi  2 qarşılaşmada məğlub olmasını qabarda bilərik. Hər halda, D qrupunu lider kimi bitirən Fransa milli komandasının son nəticədə Saffet Susiçin drujinasını cəmi bir xal qabaqlaya bilməsi də çox şeydən xəbər verir. Cütün favoriti portuqaliyalilar hesab olunsa da, Bosniya və Herseqovinanın 2010-cu ildəki məğlubiyyətin əvəzini çıxmağa çalışacağı dəqiqdir. İlk oyunu səfərdə keçirəcək olan Portuqaliya millisinin ən azı ilk matçda  ikiqat çətinliklə üzləşəcəyi şübhəsizdir.

 

Çexiya – Çernoqoriya

AVRO-2012-nin seçmə mərhələsini  İ  qrupunda keçirən  Çexiya milli komandasının qrup mərhələsinin oyunlarından sonra ikinci pilləni tutması məntiqəuyğun sonluq sayılmalıdır. Nə də olsa, sözügedən yığma qrupda birincilik üçün son Avropa və Dünya çempionu İspaniya ilə mübarizə aparırdı. Qrupda Şotlandiyanı qabaqlayan Mixail Bilekin yetirmələri bu dəfə Çernoqoriyanı üstələməlidir. Amma hazırda milli komandanın əksər üzvlərinin ideal formadan uzaq olduğu unudulmamalıdır. Elə 2009-cu ildə yığma karyerasını sona çatdıran “Qalatasaray”lı Tomas Ufaluşinin yenidən millinin düşərgəsinə dəvət olunmasını da məhz bu amillə əlaqələndirmək olar. Düzdür, müdafiəçi yenidən milliyə qayıtmaq təklifindən imtina edib, amma məşqçinin bu varianta əl atması çox şeydən xəbər verir.  Çernoqoriyaya gəlincə, həmin ölkə futbolunun yüksəlişdə olmasının milli komandaya da təsirsiz ötüşməyəcəyini qeyd edə bilərik. Hər halda, qrup mərhələsində İsveçrə, Uels və Bolqarıstan kimi rəqibləri qabaqlayan Branko Brnoviçin komandasını zəiflər sırasına aid etmək olmaz. Ancaq cütün qarşılaşmalarında daha təcrübəli Çexiyanın bir addım öndə olduğunu qeyd etmək mümkündür.

 


Estoniya – İrlandiya  

Estoniya milli komandasının AVRO-2012-nin pley-off mərhələsinə vəsiqə qazanmasını böyük uğur kimi qiymətləndirmək olar. Yer aldığı C qrupunda özünəməxsus futbol ənənəsi olan Serbiya və Sloveniya kimi yığmaları geridə qoyan estonların xüsusən serbləri səfərdə məğlub etməsi diqqət çəkən məqamlardandır. Avropa çempionatının bir addımlığında olan Tarmo Rüütlinin rəhbərlik etdiyi komanda ən güclü 16 komanda sırasına qatılmaq üçün İrlandiya səddini aşmalıdır. Gəl ki, estonların şansları o qədər də yüksək qiynmətləndirilmir. Hər halda, rəqib zəif futbol ölkələrinə qarşı daha yaxşı oynadığını sübut edib.  Bu mənada Covanni Trapattonninin qrup mərhələsində qazandığı bütün qələbələri Ermənistan, Makedoniya və Andorraya qarşı əldə etdiyini xatırlada bilərik. Məlumat üçün deyək ki, İrlandiya millisi qrup mərhələsindəki digər rəqibləri Rusiya və Slavakiyaya məğlub olmuşdu. Qısacası, cütün favoriti kimi İrlandiyanı göstərmək olar. Amma yəqin ki, heç kim Avro-2004-ün pley-off mərhələsində zəif Latviyanın Türkiyəni mübarizədən kənarlaşdırdığını unutmayıb. Elə irlandlar özləri də…

 

Türkiyə – Xorvatiya

Şübhəsiz ki, play-off  mərhələsində Türkiyə və Xorvatiya millilərinin  qarşılaşacaq olması futbol azarkeşlərinə AVRO-2008-in 1/4  final mərhələsindəki qarşılaşmanı xatırlatdı. Elə Semih Şentürkün matçın 120-ci dəqiqəsində rəqib qapısına vurduğu qolu unutmayanlar da az deyil. Deməli, oyunların  dramatik keçəcəyi dəqiqdir. Başqa sözlə, tərəfləri qarşılaşmaya hazırlaya bilmək üçün ortaya yeni konsepsiya qoymağa ehtiyac yoxdur. Komandaların şanslarına gəlincə, tərəflərin imkanlarını bərabər qiymətləndirmək olar. Elə komandaların bugünə qədərki oyunlarında qeydə alınan nəticələr də bundan xəbər verir. Təsadüfi deyil ki, iki komanda arasındakı matçların birində türklər, birində isə xorvatlar qalib gəlib. İki görüşdə isə qalib müəyyənləşməyib. Komandaların heyətinə nəzər saldıqda Xorvatiyanın “Lion”lu Dejan Lovren, “Hamburger”in hücumçusu Mladen Petriç və “Totenhem”li Niko Krançardan, türklərin isə “Qalatasaray”ın müdafiəçisi Gökhan Zan, Madrid “Real”ının yarımmüdafiəçisi Nuri Şahin, “Hamburq”un üzvü Mehmet Ekici  və “Fənərbaxça”nın forvardı Semih Şentürkdən yararlana bilməyəcəyini görürük. Xüsusən AVRO-2008-də rəqibi cəzalandırmış S.Şentürkün olmaması diqqət çəkir. Hücumçu bu dəfə baş məşqçi Qus Hiddinkin etimadını qazana bilmədiyindən əsas komandaya dəvət almayıb. Seçmə mərhələdə Azərbaycan milli komandası ilə eyni qrupda yer alan və son qarşılaşmada millimizə qalib gəlməklə play-off mərhələsinə vəsiqəni təmin edən Türkiyə yığmasının Bakıda komandamıza yenilməsi, eləcə də qrupun lideri Almaniya yığması ilə oyunlardan xalsız ayrılması Qus Hiddinkin yetirmələrinin seçmə mərhələni o qədər də yaxşı keçirmədiyini göstərir. Amma sözügedən komandanın qrupdakı əsas rəqibləri Belçika və Avstriyaya uduzmamasını da vurğulamalıyıq.

Xorvatiya millisi isə play-off mərhələsinə ən yüksək xal yığaraq yüksələn komandadır. F qrupunda özündən irəli buraxdığı Yunanıstandan cəmi iki xal geri qalan Slaven Bliçin rəhbərlik etdiyi komanda məhsuldar oyunla diqqət çəkir. Play-off-a vəsiqəni təmin etmiş komandalar arasında vurduğu toplara görə yalnız Portuqaliyadan geri qalan komanda 18 top vurub ki, bu da ümumilikdə AVRO-2012-nin seçmə mərhələsinə qatılan 51 milli komandadan cəmi doqquzundan geri qalmaq deməkdir.

 

Tural Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər