45 il öncə mətbuata gələn Əli Nəcəfxanlı: "Bütün “ilk”lərim Sumqayıtla bağlıdır..."

2170

Əli Nəcəfxanlı: “Sumqayıtda suda balıq kimiyəm”

Sumqayıt şəhər statusu alandan 8 il sonra şair-jurnalist Əli Nəcəfxanlı burada dünyaya göz açıb. Düz 62 ildir ki, bu şəhərdə yaşayır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. İlk məqaləsi də, ilk şeiri də doğma şəhəri haqqında olub. Yeniyetməlik çağlarından üzübəri yaradıcılığında Sumqayıt mövzusu əsas yeri tutur. Cümlə-cümlə, misra-misra Sumqayıtın salnaməsini tükənməz sevgi və səmimiyyətlə yazır. Şəhərimizin yubileyi ərəfəsində ondan aldığımız müsahibəni sizə təqdim edirik.

-Əli müəllim, Sumqayıta çox bağlısınız…

-Çox yox, tamamən bağlıyam. Bura mənim tanrı yazan ünvanımdır. Sumqayıtla nəfəs alıram. Onun hər qarışına, hər tininə bələdəm. Uğurları ruhumun qidasıdır. Çünki özümü onun bir zərrəsi sayıram. Yarım əsr əvvəl Sumqayıtın “Polad” futbol komandası SSRİ birinciliyinin “B” qrupu üzrə qalibi olanda da, bir neçə il öncə,nəhayət, əzəmətli saraylardan birinin üzərinə “Sumqayıt Dövlət DramTeatrı” sözləri yazılanda da eyni duyğuları yaşamışam.

Sumqayıt mənim gözlərimin önündə böyüyüb, ucalıb. 1959-cu ildə ilk tramvayları, bundan üç il sonra ilk trolleybusları küçələrdə şütüməyə başlayıb. Heyf ki, indi heç biri yoxdur. İlk “beşmərtəbə” (Bakıda olduğu kimi, Sumqayıtda da köhnə sakinlərə belə bir ünvan bəllidir), 9, 12 və 14 mərtəbəli evlərin tikintisi, yeni mənzil üçün order aldığım günün sevinci unudulmur.

Şükür, indi gözəl bulvarımız da var. Dövlətin qayğısı, şəhər rəhbərliyinin fədakarlığı ilə qısa vaxtda yaradılmış bu cənnət guşəsi beynəlxalq  mükafata layiq görülüb. Prezident İlham Əliyev buranı əsl möcüzə adlandırıb. Bakılılar da bu bulvara dincəlməyə gəlirlər.

Sumqayıtın dənizkənarı parkı da özgə bir aləmdir. Şəxsən məni bu “yaşıl ada”ya çox şirin xatirələr bağlayır. Uşaqkən iydənin bihuşedici ətrini ilk dəfə burada duymuş, zeytunu ilk dəfə burada görmüşəm. “Kvadrat” çəmənlərdən dəcəlliyim gül dərib. Gəncliyin pünhan görüşlərinin ilk ünvanı bu park, ilk sevgi etiraflarının şahidi bu parkın ağaclarıdır. Bura həm də kövrək qocalığın yan aldığı sahildir. Vaxt vardı ki, bu parka ata-analarımızla gələrdik. İndi nəvələrimizlə gəlirik. Kurort havası ilə ətirlənən Sumqayıtın kompleks inkişaf proqramı onun turizm mərkəzi kimi formalaşmasını nəzərdə tutur ki, bundan qürurlanmamaq olmaz.

-Bəs, olubmu ki, Sumqayıtda darıxasınız?

-Sumqayıtda darıxmamışam, Sumqayıt üçün darıxmışam. Səfərdə, səyahətdə, ezamiyyətdə olanda Sumqayıtı hər gecə yuxuda görmüşəm. Ondan qıraqda 5-6 gündən artıq qala bilmirəm.

-Əməkhaqqı cədvəlinə də ilk dəfə məhz Sumqayıtda qol çəkmisiniz, eləmi? Bu, nə vaxt olub?

-Əməkhaqqı olaraq ilk dəfə məktəbli ikən “Sumqayıt” qəzetindən qonorar almışam. 1974-cü ildə isə mənə o vaxtkı Sintetik kauçuk zavodunda radio qovşağının diktoru kimi ilk maaş verilib. İkiillik zəruri stajım olmadığına görə həmin il universitetdə müsabiqədən keçməmişdim deyə, orada işə düzəlib hərbi xidmətə qədər həmin vəzifədə çalışmışam.

Əsgərlikdən sonra jurfakın qiyabi şöbəsinə qəbul olundum. İlyarım fəhlə işlədim, 1979-cu ildən “Kimyaçı” qəzetində müxbir kimi çalışmağa başladım. Diplomlu jurnalist olunca isə, dövlət televiziyasına işə qəbul edildim və 20 ilə qədər orada çalışdım. Amma bütün “ilk”lərim Sumqayıtla bağlıdır. Bəlkə də ilk qonorarımı, ilk maaşımı Sumqayıtdan aldığım üçündür ki, hər zaman çörəyim olub, möhtaclıq hiss etməmişəm. Bu daSumqayıtla bağlı bin-bərəkətin, halallığın nəticəsidir. Sumqayıt, bax, belə bir özəl və sevimli şəhərdir.

-On ildən çoxdur ki, “Xalq qəzeti”nin bölgə müxbirisiniz.“Həsənbəy Zərdabi” mükafatına layiq görülmüsünüz. Azərbaycan Mətbuat Şurasının Diplomu, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Fəxri-fərmanı ilə təltif edilmisiniz. Regionların inkişafı, yaradıcı insanlar barədə silsilə məqalə və oçerkləriniz tez-tez dövri mətbuatda çap olunur. Sumqayıt şəhərinin tarixi və bugünü ilə, eləcə də onun 70 illiyi ilə bağlı ard-arda maraqlı publisistik yazılar hazırlayıb dərc etdirirsiniz. Yorulmursunuz ki? 

-Peşəyə məhəbbət varsa, yorulmaq yoxdur. Sumqayıt elə dinamik inkişaf edir, burada o qədər yeniliklər olur ki, yazılarda təkrarçılığa yol verməyə yer qalmır. Xüsusilə də son dörd-beş ildə, Sumqayıtın yetirməsi olan hörmətli Zakir Fərəcov şəhərə rəhbər təyin ediləndən sonra abadlıq-quruculuq işləri çox geniş vüsət alıb, sosial-mədəni tədbirlər davamlı şəkildə həyata keçirilir. Bəzən hamısını əhatə edib işıqlandırmaqda çətinlik çəkirik. Mən bir sumqayıtlı kimi, yeniliklərdən zövq ala-ala, sevə-sevə bəhs edirəm.

Bu yaxınlarda Sumqayıtın 70 illik yubileyi silsiləsindən növbəti tədbir – 1-ci kitab yarmarkası böyük uğurla keçdi. Orada hörmətli icra başçımıza ürək sözlərimi söyləyə bildim. Dedim ki, Zakir müəllim, Sumqayıtda böyük yüksəliş, canlanma yaratdığınıza, doğma şəhərimizi bizə qat-qat daha artıq sevdirdiyinizə görə çox sağ olun! Bilirəm ki, bu, hər bir sumqayıtlının könlündən keçən sözlərdir.

-Əli müəllim, kitab yarmarkasını qeyd etdiniz. Orada sizin də bir neçə şeir kitabınız sərgilənirdi. Gərgin, məhsuldar jurnalist fəaliyyətinizlə bərabər, bədii yaradıcılığa necə vaxt tapırsınız?

-Vaxt tapmaq olar, əgər ilham, yaradıcılıq coşğusu, poetik ifadə yanğısı olsa. İndiyədək “Uğur olsun, Qarabağ”, “Ürəyimi döyən həvəs”, “Payız prospekti”, “Ürəyimdir yazanım”, “Söz yerə düşməsin” adlı bədii-publisistik və şeirlər kitablarım çap olunub. Eyni zamandaingilis yazıçısı Corc Oruelin “Kataloniyaya məhəbbətlə”, “Birma günləri”, “Keşiş qızı”, Nil  Geymanın “Koralina” və “Qapı arxası” əsərlərini dilimizə çevirərək çap etdirmişəm. Şəhərimizdəki münbit yaradıcılıq şəraiti bizi gözəl əsərlər yazmağa ruhlandırır. 2017-ci ildə şəhər rəhbərliyinin təşkilatçılığı ilə 60 illik yubileyim qeyd olunub, buna görə bir daha razılığımı biıdirirəm.Mənim hazırda üzərində işlədiyim kitablarım da var. Bir sirri də açım ki, həmin kitablardan biri məhz Sumqayıta aiddir. Doğma şəhərimizi qurub yaradan, böyüdüb gözəlləşdirən, dünyaya tanıdan insanlardır əsas qəhrəmanlarım. Bu, mənim 70 illik yubileyə töhfəm olacaq.

-Əli müəllim, Sumqayıta olan sevginizin kökündə nə dayanır?

-Məncə, bu, “Ananı nə üçün sevirsən?” tipli bir sualdır. Ananı sevməmək olarmı? Könül də candan ayrılarmı? Əlbəttə, yox! Sumqayıt mənim yerimək öyrəndiyim, ilk dərsə getdiyim, ailə qurduğum, ata, baba olduğum, özümə çoxlu dostlar qazandığım, nəhayət, jurnalist kimi az-çox tanındığım bir məkandır. Bu şəhərin hər sakini mənim yaxın, əziz adamım kimidir. Gül-çiçək ümmanı olan bulvarda, yaraşıq tablosu olan parklarda, abad küçələrdə gəzəndə o qədərtanış simalar görür, o qədər adamla salamlaşıram ki, ürəyim açılır. Bu zövqü, bu təəssüratı başqa haradan ala bilərəm?! Şeirlərimin birində Sumqayıta sevgimi belə ifadə  etmişəm:

Bu şəhərdə suda balıq kimiyəm,

Vüqarlıyam bu məkanla, bu adla.

Bağlarının aşıb-daşan gülləri  

Ətir saçır min arzuyla, muradla.

 

Küçələri misra-misra düzülüb,  

Göydələnlər nida işarəsidir.

Bu şəhəri vəsf eləyən küləklər

Mənim sevən ürəyimin səsidir…

Bir sözlə, gündən-günə böyüyən, ucalan Sumqayıt könlümün paytaxtıdır. Fürsətdən istifadə edərək, 70 illik zəfər yürüşünün təəssübkeş bayraqdarlarını və bütün həmyerlilərimitəbrik edirəm!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər