“A mollalar niyə məni döyürsünüz? Olmaya siz başa düşürsünüz ki, bir məmləkətdə iki padşah, bir əsrdə iki molla ola bilməz: ya molla xəsrəddin, ya Molla Nəsrəddin”.
“Molla Nəsrəddin” dövrünün çox adamlarını “döymüş”, onların rahatlığını pozmuşdu. Ona görə də, Molla əmini qapaz altında çox saxlayırdılar. Qəribəsi isə o idi ki, bu Molla yaman “üzlü” imiş. Dueldəymiş kimi Molla əmi bu qapazları ucu zəhərli oxlara çevirir və bəylərin, xanların, hökumət adamlarının üzərinə yağdırırdı: jurnalda felyeton və karikaturaların ağ qalmış yerləri qırmızı xətlərlə cızıqlanır, altından isə “Bizdən asılı olmayan səbəbə bu yer boş qaldı” cümləsi verilirdi. Tək bu cümlə Mollanın düşmənləri üçün layiqli cavab idi.
Mətbuat tariximizə “Molla Nəsrəddin” kimi jurnalı bəxş etdiyi üçün, bəlkə də, ən öndə biz “Kukereku” jurnalına minnətdar olmalıyıq. Çünki bu jurnaldakı tək bir şəkil- çar Nikolayın xoruz şəklinə salınmış şəkli Cəlil Məmmədquluzadəni güclü satira məktəbini yaratmağa vadar etdi. Əslində söz və mətbuat azadlığımızın tarixi “Molla Nəsrəddin”in ilk nəşri tarixindən- 1906-cı il aprelin 7-dən başlamalıdır. Çünki mətbuatımızda Molla əmi kimi sözünün sahibi və qətiyyətli jurnalist, “Molla Nəsrəddin” kimi isə dürüst və peşəkar bir orqan hələ də dərc olunmur. Zaman eyni olmasa da, problemlər eyni olaraq qalır, hətta təkrarlanır da. Bu günki dövrümüzdə, sadəcə olaraq, görünən problemləri dilə gətirəcək Mollaya ehtiyacımız var:düzü düz, əyrini əyri deyəcək bir “başı qapazlıya”. Elə bir mollaya ki, ondan qorxsunlar, onu döysünlər, dilini də kəssinlər. Bu gün dili gödək də olsa, qələmi iti Mollaya ehtiyacımız var: gülən, güldürən, ağladan, döyən, döyülən Mollaya. Bizi deyib gələn, sözünü qulaq asmayanlara deyən, güldürərək düşündürən Mollaya.
“Molla Nəsrəddin”in xalqından yeganə təmmənası onun savadlanması, dini cəhalətdən oyanması, geriliyin, ətalətin, dini təəssübkeşliyin aradan qalxması olub. Əbəs yerə jurnal “Molla Nəsrəddin” adlandırılmayıb. Hər sözü bir dürr dəyərində olan jurnalın adındakı məna dərinliyi də diqqəti cəlb etməyə bilməz. Ona görə “Molla” ki, xalqın gözü cəhalət pərdəsi ilə örtülüb və insanlar yalnız mollaların dediyinə inanacaq, onu düz sayacaq. Ona görə “Nəsrəddin” ki, hamı onun lətifələrinə qulaq asır, hamı ondan həzz alır, hamı ona maraq göstərir. Müasir dövrümüzdən isə təmmənamız bizə yenidən “Molla”nı bəxş etməsi ola bilər. Bu, tarixin, bəlkə də ən böyük bəxşişi olardı bizlərə. Əsrin bütün sərt üzünü- bütün faciələrini görmüş xalqımız üçün Molla ən böyük təsəlli olardı. Xalqımıza öz hökmünü göstərmiş tarixə bu, ən layiqli cavab kimi dəyərləndirilərdi.
Satirik publisistika məhz bu jurnalla vətəndaşlıq hüququ qazandı. Molla əmi əlindəki çubuqla çoxlarının kürəyinə vurmuş, onları oyatmağa çalışmışdı. “Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar” prinsipini əsas götürən jurnalın ən böyük xidmətlərindən biri isə Ü.Hacıbəyov, M.Ə.Sabir, M.S.Ordubadi, Ə.Haverdiyev, Əli Nəzmi kimi satirik yazıçı və publisistləri, Ə.Əzimzadə, Şmerlinq kimi rəssamları öz ətrafında birləşdirməsi olmuşdu.
Bu bir həqiqətdir ki, sözə senzuranın daha güclü olduğu “Molla Nəsrəddin” dövründə mətbuatda daha çox felyetonlar, satirik yazılar dərc olunurdu, nəinki sözün azdlığının dörd bir ətrafına qanunlarla divarların çəkildiyi müasir dövrümüzdə. Ya qanunlar sözü dəyərsiz edib, ya da ki, söz elə öz dəyərini Mollanın dilində qazanırmış.
“Bir azərbaycanlı ilə bir xarici Tiflis vağzalında rastlaşır, vaqonda bir yerdə gedirlər. Hər şeylə maraqlanan xarici bizim azərbaycanlı ilə söhbətə girişir və onların arasında belə bir mükalimə başlanır:
Xarici soruşur:
__Siz nə millətdənsiniz?
__Müsəlmanam.
__Xeyr, mən soruşdum ki, nə millətdənsiniz?
__Müsəlmanam, deyirəm.
__Əfəndim, millət ayrı, din ayrı. Bildim dininiz islamdır, ancaq istərdim biləm millətiniz nədir?
Burada bizim azərbaycanlı çox ağır bir vəziyyətə düşdüyündən dərin bir fikrə gedir və nə qədər düşünürsə də bu çətin sualın cavabını tapa bilmir, nə millətdən olduğunu deyə bilmir.
__Bu suala nə cavab verim. Bilmirəm mən hansı millətdənəm. Bizim molla və ya bizim axund, görəsən, bilərmi?.. Eyib də olsa, gərək ərz edim, mən bilmirəm ki, nə millətdənəm!..
Burada xarici bizim azərbaycanlının bu qədər cəhalət və nadanlığına təəccüb edərək deyir:
__Sizin millət azərbaycanlıdır…
Azərbaycanlı çox böyük heyrət və təəccüb ilə soruşur:
__Əfəndim, bizə nə millət buyurdunuz?
__Azərbaycan milləti, əzizim, Azərbaycan!”
DİGƏR YAZILAR
Nurane xanim, size tesekkur edirem yaziya gore .