Əl üstə kimin əli?

357

Yadınızdadısa, Mahmud Qurbanov “Kəpəz”in baş məşqçi postunda Fuad İsmayılovu əvəzləyəndə klubun saytında həmin xəbərlə birlikdə maraqlı bir fotoşəkil yayınlamışdı. Həmin fotoda klub prezidenti Elmir Əliyevlə birlikdə postunu təhvil verən İsmayılov əllərini Mahmud Qurbanovun əliylə üst-üstə qoymuşdular. Bu şəklin mənası guya o idi ki, klub prezidenti sabiq və yeni məşqçiylə birlikdə əl-ələ verib Gəncə futbolunu irəliyə aparacaq, “Kəpəz” əvvəlki kimi ölkənin ən güclü klublarından birinə çevriləcəkdi. Nəticə göz qabağındadır. Üçqat ölkə çempionu son illərdə yaşadığı böhrandan heç cür qurtula bilmir, hazırda turnir cədvəlinin sonuncusudur. “Kəpəz”in hazırki durumuna seyirçi qalmaq mümkün deyil. Düzdü, elitaya qayıdışından sonra “Kəpəz” epizodik xarakterli uğurlara imza atıb, gəncəli azərkeşlər “Bakı”, “Xəzər Lənkəran” kimi iddialı rəqiblər üzərində böyükhesablı qələbələrə sevinib. Amma qələbələri sıralamağa, turnir cədvəlinin yuxarılarında özünə yer etməyə “Kəpəz”in gücü çatmayıb. Gəncə şəhəri də Lənkəran kimi futbolun sevildiyi, ən əsası insanların futboldan anladığı yerdi. Bu səbəbdən Gəncədə işləmək bu bölgədən olmayan mütəxəssislər üçün həmişə çətinlik törədib. Xüsusən, Mehman Allahverdiyev fenomenin varlığı istənilən digər məşqçi üçün təzyiq yaradıb. Səbəbi isə çox sadədir, “Kəpəz” ən yaxşı günlərini Allahverdiyevin rəhbərliyi altında keçirib. Nə qədər qəribə olsa da, yeni rəhbərliklə Mehman bəyin ulduzu heç cür barışmır. Görünür, atalarımızın dediyi “iki qoçun başı bir qazanda qaynamaz” kəlamı hazırki “Kəpəz”da öz təsdiqini tapıb. Vaxtilə klubun həm prezidenti, həm də çalışdırıcısı sayılan Allahverdiyev rəhbərliyin sözüylə oturub-durmaq istəmir, transfer siyasətini özü müəyyənləşdirməyə çalışır ki, bu məqam da Xanlar Fətiyevlə Emir Əliyevin xoşuna gəlmir. Ehtimallar üzərində çox da var-gəl etmədən “Kəpəz”in hazırki vəziyyətinə, konkret Mahmud Qurbanovun fəaliyyətindəki bəzi məqamlara diqqət yetirək. İnsafən etiraf etmək lazımdır ki, Mahmud bəyin komandada ilk günləri heç də pis alınmamışdı. “Qəbələ”ni doğma meydanda məğlub edən Qurbanovun yetirmələri səfərdə “Rəvan”dan da 3 xal qoparınca yerli azərekşlərin ürəyində ümid qığılcımları oyanmağa başlamışdı. Amma davamı gəlmədi. Məlum məsələdir ki, mövsümlər arası dövrdə edilən uğursuz transferlər, yerli futbolçulara münasibətdə yeridilən ikibaşlı siyasət öz təsrini komandanın oyununda göstərməliydi. Diqqət yetirin, ötən il Mirbağır İsayevin qısa müddətdə postundan istefa verməsinə rəhbərliyin onun işinə müdaxilələr etməsi, daha dəqiqi qapıçı Tural Abbaszadənin komandada saxlanılması barədə tapşırıq verməsi göstərilirdi. Mahmud Qurbanov gələndən az sonra isə Tural komandadan uzaqlaşdırıldı. Söylənənlər həqiqət idisə, niyə bu dəfə rəhbərlik gənc qolkiperin arxasında dayanmadı? Özü də İsayevlə yaşanan məlum münaqişədən sonra Turalın meydana çıxdığı qarşılaşmalarda sərgilədiyi oyun, U-21 yığmasının heyətinə dəvət alması qapıçının “qab”ında nəsə olduğundan xəbər verirdi. Qəribəsi odur ki, heyətdə Turalla yanaşı Xəyal Zeynalov olsa da “Kəpəz”ə Xorvatiyadan legioner qapıçı gətirildi. Halbuki, ona xərclənən pula daha çox ehtiyac duyulan mövqeyə əcnəbi futbolçu dəvət etmək mümkün idi. Digər yandan, bir komandanın müdafiə xəttində Azər Məmmədov kimi ləng müdafiəçi liderlik edirsə, “çərçivədə” kimin dayanmasının nə əhəmiyyəti var? Düşünmək olar ki, Mahmud bəy Abbaszadəni komandadan uzaqlaşdırmaqla ətrafdakılara “baxın, mən rəhbərliyin iradəsinin əksinə gedə bilərəm” mesajını verməyə, digərlərinin gözünün odunu almağa çalışıb. Bununla belə, gəncəli futbolsevrərlər Xanlar Fətiyevin sürücüsünün oğlu Elvin Həsənəliyevin – 13-cü turdan sonra meydanda görünməsə belə – komandada saxlanılmasının, əvəzində Şahin Kərimovun uzaqlaşdırılmasının Qurbanovun iradəsindən kənar reallaşdığına inanırlar. Yeri gəlmişkən, Şahin Kərimovun göndərilməsinə çalışdırıcının izahı çox gülməli alınıb: “Azərbaycan futbolunda sürpriz heç nə olmur. Futbolçunun oyununda özünə qarşı inamsızlıq vardı.”

Əsl professor izahıdır. Görəsən, Şahin inamsız oynayırdısa, Mahmud bəy onu niyə hər tur meydana buraxırdı? Azər Məmmədov çoxmu inamlı oynayır? 37 yaşlı müdafiəçi hələ ötən mövsümdən meydanda ayaqlarını sürüməklə məşğuldur. Deyəsən, rəhbərlik Azəri komandada Armand Fetçinenin həmyaşıdı olduğu üçün saxlayıb. Axı, hər iki futbolçu eyni ildə 1976-cı ildə doğulub. Yəqin ki, 76-cı il Gəncədə uğurlu il sayılır, ona görə də Azərlə Armandın “Kəpəz”ə uğur gətirəcəyinə hələ də inanırlar. Həmin məntiqlə, onlardan cəmisi 3 yaş böyük olan Mahmud bəy özü də oynayan məşqçi kimi komandasına meydanda kömək edə bilər. Adını da qoyarsız Gəncədə yaşlı-təcrübəli futbolçularla gənclərin vəhdətindən komanda yaratmışıq ki, Azərbaycan futbolunun inkişafına töhvə verək. “Kəpəz”də itib-batan, sonradan komandadan göndərilən Fomenkonun çempionluğa oynayan “İnter”ə keçməsi Gəncə klubun rəhbərliyinin “uzaqgörənliyinin” aşkar nümunəsidir.

Gəncəli azərkeşlər istehzama görə məndən inciməsinlər. “Kəpəz”in başına gətirilən oyunlar sizin qədər bizim də ürəyimizi ağrıdır. Yazımın əvvəlində klub prezidentinin məşqçilərlə əllərinin üst-üstə qoyduqları şəkli xatırladım. Reallıq odur ki, üst-üstə qoyulan həmin əllər Gəncə futbolunu daha da dərin uçuruma aparır. “Kəpəz”in daha bacarıqlı və ağıllı başa sahib ələ ehtiyacı var. Əl üstə kimin əli?

Amal Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər