Adil Qeybulla: “Artıq ölkəmizdə kollektiv immunitetin formalaşmasına doğru gedirik…”

276

Yoluxmada dinamik azalma özünü nə vaxt göstərməyə başlayacaq?

Artıq sərt karantin rejiminin 3-cü gününü yaşayırıq. Xatırladaq ki,  ölkədə koronavirusla bağlı vəziyyəti aradan qaldırmaq məqsədilə dekabrın 14-dən etibarən yenidən ölkəmizdə sərt karantin rejimi tətbiq edilib, SMS icazə bərpa olunub. Mütəxəssislər bundan sonra ölkədə gündəlik yoluxma sayında azalmalar olacağına ümid edir.

Əksəriyyət artıq mövcud vəziyyətlə bağlı ümidləri vaksinasiyaya bağlayır. Artıq bir çox ölkələrdə, o cümlədən qonşu Rusiyada, İngiltərədə vaksinasiya prosesinə başlanılıb. Azərbaycana isə vaksinin hansı tarixdə gətiriləcəyi və tətbiq ediləcəyi haqda hələlik dəqiq məlumat yoxdur.

Ötən gün TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupun üzvü Nəzrin Mustafayeva mətbuata açıqlamasında bildirib ki, koronavirusa qarşı vaksinlər öz təsdiqini tapsa belə, onların kütləvi şəkildə istehsalına 2021-ci ilin əvvəllərində başlanılacaq və gələn ilin axırlarına doğru ölkələrə paylanılacaq.

Mütəxəssislər son zamanlar koronavirusun mutasiyaya uğrayaraq, daha da aqressivləşdiyini qeyd edir. Xeyli sayda gənc insanların da virusdan ölməsini bir çoxu bununla əsaslandırır. Suallar ortaya çıxır ki, ən yaşlı insanlar virusa qalib gəlib, sağala bildiyi halda, 30-35 yaşlarında gənc insanlar hansı səbəbdən virusa tab gətirməyərək vəfat edirlər?

Bu həftəsonu sərt karantin rejiminin tətbiqi ilə bağlı - RƏSMİ AÇIQLAMA |  Banco.az

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb. Professor ilk öncə qeyd edib ki, sərt karantin rejiminin tətbiqi ölkədə virusa yoluxmanın qismən də olsa qarşısını ala biləcək: “Lakin ümumiyyətlə virusun bu zəncirini qırmaq üçün istənilən halda bütün karantin qaydalarına əməl etmək lazımdır. Bu günə qədər olan müşahidələrimiz ancaq bundan ibarət olub – insanlar xəstə halda, ağız-burunları açıq çöldə gəzir və sairə. Virusun sürətlə yayılmasının əsasında dayanan amillərdən biri də budur.  Əlbəttə ki, sərt karantin rejimi müəyyən qədər bu artımın qarşısını alacaq. Həmçinin qarşıda vaksinasiya prosesi başladılacaq və hesab edirəm ki, vaksinasiyanın da öz müsbət təsiri olacaq. Amma istənilən halda bu bizə bir daha göstərdi ki, gələcəkdə 3 qızıl qaydaya əməl etmək çox mühüm şərtdir”.

Adil Qeybulla koronavirusun son vaxtlarda aqressivləşməsindən də danışıb: “Ümumiyyətlə, koronavirus infeksiyasının ağır şəkildə keçməsinin bir neçə səbəbi ola bilir. Birinci – orqanizmə hansı səviyyədə virus daxil olması ilə əlaqədardır. Bədənə həddən artıq çox virus daxil olanda təbii ki, nəticəsi ağır olur. İkinci – yaş və yanaşı xəstəliklərin olması faktoru. Üçüncü bu virusun mutasiyaya uğraması nəticəsinə ayrı-ayrı ştamlarının davranışı. Bütün bunların hamısının təsiri var”.

Adil Qeybulla hansı səbəbdən gənc insanların da koronavirusdan dünyasını dəyişməsindən danışıb: “Bəzən gənc adamların da immun sistemi zəif olur və bu virusa dözüm gətirə bilmir. Yəni müxtəlif səbəblər var. Hər bir səbəb ayrılıqda araşdırılmalıdır. Gənc adamların ölümü ilə bağlı bəzən görürük ki, hər hansı yanaşı xəstəlikləri olur. Amma istənilən halda gənc orqanizmlərin yaşlılara nisbətən sağalma şansı daha yüksəkdir”.

Adil Qeybulla təcridxanada Tofiq Yaqublunu müayinə edib

Adil Qeybulla

Adil Qeybulla qeyd etdi ki, əksər xəstələr öz vəziyyətlərini gizlətməyə, evdə özbaşına müalicə almağa çalışır ki, bu da çox zaman ağırlaşmalara gətirib çıxarır: “Bir çox hallarda insanların özləri xəstəliklərini ağırlaşdırırlar. Bəzən istəmirlər ki, kimsə onların xəstələnməsindən xəbər tutsun, buna kompleks kimi, paradoksal yanaşır. Və yaxud ayrı-ayrı insanlar evdə yanlış müalicə alır, öz situasiyalarını, orqanizmin vəziyyətini düzgün dəyərləndirmirlər. Təbii ki, bu da ciddi şəkildə sonradan xəstəliyin alovlanmasına gətirib çıxarır”.

Adil Qeybulla gələcəkdə tətbiq ediləcək vaksinasiyanın əhəmiyyətini də şərh edib: “Vaksinasiya ilə bağlı problem ondan ibarətdir ki, onun hansı nəticə verə biləcəyini hələlik bilmirik. Bildiyiniz kimi, tibbi təcrübədə bəzi qızdırmalar oldu ki, onun müalicəsində vaksinasiya mənfi təsir göstərmişdi. Lakin hesab edirəm ki, yoluxma sayının azalması, onun sürətlə artmasının qarşısını almaq üçün vaksinasiyaya böyük ümidlər var. Vaksinasiyaya qədər isə biz 3 qızıl qaydaya əməl etməliyik. Lakin təəssüf ki, insanların əksəriyyəti bu qaydalara əməl etmək istəmədilər. Halbuki 3 qızıl qayda o qədər də çətin məsələ deyil. Əllərin dezinfeksiyası – bu onun üçün lazımdır ki, bütün təmaslar əllər vasitəsilə olur və gün ərzində virusları əllərimizlə daşıyırıq.  İkinci – virusun keçmə yolu, ağız və burnumuzu maska ilə bağlamaq. Tibbi maskalardan düzgün istifadə etmək lazımdır, nəinki onu gün ərzində çənədə saxlamaq, burnu açıq qoymaq və sairə. Üçüncü – sosial məsafə saxlamaq istənilən halda bir xəstə şəxsdən virusun digərinin nəfəsinə daxil olmasının qarşısını alan əsas məqamdır. Yəni bu qaydalara kompleksli şəkildə əməl etsək, virusdan özümüzü və yaxınlarımızı qoruya bilərik. İndi daha bir problem ortaya çıxıb – ailədə yoluxma. İnsanlar özlərini çöldə qorusalar da ailə üzvlərindən, doğmalarından qoruya bilmirlər. Nəticədə virus sürətlə yayılır.

Bir məsələni də qeyd etmək istərdim, əgər ÜST vaxtında dünyada koronavirusla bağlı vəziyyəti düzgün koordinasiya etsəydi, vəziyyət bu gün bu qədər fəlakətli olmazdı. Koronavirus 42 ölkədə yayılanda ÜST deyirdi ki, “hələ bunu pandemiya adlandırmayaq”. Təbii ki, bu cür yanaşma ilə bugünkü dramatik nəticə olmalıydı”.

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı, sərtləşdirilmiş xüsusi karantin  rejimi tətbiq ediləcək

Adil Qeybulla xəstəxanalardakı vəziyyətdən də söz açıb: “Ölkədə yoluxma sayı sürətlə artandan bəri xəstəxanalar məcburiyyətdən  normadan artıq koronaviruslu xəstə qəbul etmək məcburiyyətində qalıb. Nəticədə xəstəxanalar nəzərdə tutulandan iki dəfə artıq intensiv şəkildə işləyir. Bu baxımdan xəstəxanalarda işləyən bütün tibb personalının əməyini dəyərləndirmək lazımdr. Onlar birbaşa xəstələrlə işləyir, onları müalicə edirlər. Onlar da cəbhədə vuruşan əsgər kimi koronavirusa qarşı vuruşurlar. Görün bu günə qədər nə qədər həkim itirmişik. Onların böyük əksəriyyəti peşəkar, tanınmış həkimlər idi. Təsəvvür edin ki, onları əvəz etmək üçün nə qədər gənc kadr yetişdirməliyik. Bütün bunların hamısı çox böyük itkidir. İnsanlar bunu düşünmürlər. Tez-tez xəstəxanalardakı vəziyyətlə bağlı şikayətlər eşidirik. Hesab edirəm ki, xəstəxanalarda həkimlər əllərindən nə gəlirsə onu etməyə çalışırlar. Doğrudur, xəstəxanaların öz daxili problemləri də çoxdur. Xəstə sayı normadan çox olarsa, əlbəttə ki, orada epidemik qaydalar pozulacaq. Beləliklə, hesab edirəm ki, artıq ölkəmizdə kollektiv immunitetin formalaşmasına doğru gedirik”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər