Almaq məqsədilə kirayə evləri necə götürək? – Fərman

494

Azərbaycan Prezidenti “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanının icrasını təmin etmək məqsədilə bir sıra qanunverici aktlara dəyişiklik edib.

Axar.az xəbər verir ki, iqtisadçı alim Vüqar Bayramov bu dəyişikliklərdə nələrin nəzərdə tutulduğu və nə zamandan vətəndaşların satın almaq məqsədi ilə kirayə mənzilə sahib ola biləcəklərinə aydınlıq gətirib.

İqtisadçı bildirib ki, son fərman kirayə mənzil fondunun yaradılması ilə bağlı mexanizmin hazırlanmasının yekunlaşdığından xəbər verir. Bu o deməkdir ki, yaxın zamanlarda artıq vətəndaşlarımız kirayə mənzilə müraciət edə biləcəklər:

“Yeni fərmanda kirayə mənzilin təklif edilməsi artıq ipoteka ilə əlaqəli qanunvericiliyə daxil oldu ki, bu da hüquqi bazanın formalaşıb başa çatması anlamına gəlir. Eyni zamanda elektron ipoteka portalında da kirayə mənzillərə müraciət formalaşdırılacaq.

Fondun təklif edəcəyi mənzillər ilə bağlı kirayə yaşayış sahələri barədə ətraflı məlumatın olması (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi və s.) və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması həyata keçiriləcək. Burada da məqsəd kirayə mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın zonalar və eləcə də mənzil parametrləri üzrə məlumatları axtarış sistemi vasitəsi ilə əldə etməkdir.

Kirayə müqaviləsi bağlamaqçün müraciət etmiş şəxsin imkanının kirayə kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi üçün kalkulyatorun hazırlanması həyata keçiriləcək”.

V.Bayramov bildirib ki, evi kirayə götürmək üçün aşağıdakı sənədlər tələb olunacaq:

“Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd, şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi, şəxsin iş yerini və gəlirlərini təsdiq edən məlumatlar, şəxsin ailə tərkibi barədə məlumatlar, şəxsin vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi, şəxsin kredit bürolarında saxlanılan məlumatları, şəxsin sosial sığorta ödənişləri barədə məlumatlar, şəxsin məhkumluğunun olması (olmaması) barədə məlumatlar.

Kirayə evlər üçün müraciət elektron olacaq və müraciətlərə növbəlilik əsasında baxılacaq.

Digər vacib dəyişiklik kirayə mənzilə müraciətin yalnız İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə deyil, həmçinin ASAN Xidmət mərkəzləri vasitəsilə həyata keçirilməsidir. Vətəndaşlar həmçinin ASAN Xidmət mərkəzləri vasitəsilə də kirayə evlərə müraciət edə biləcəklər”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli, “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2018-ci il 1 may tarixli 30 nömrəli və “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 2019-cu il 25 yanvar tarixli 488 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər