“Anamın ürəyini bıçaqla deşik-deşik etdi”

1109

Keçmiş əri tərəfindən qətlə yetirilmiş gənc qadının anası və azyaşlı oğlu “168 saat”a danışdı

Məşhur ingilis filosofu T.Hobbs söyləyirdi ki, insan ən paxıl, ən qorxaq, en eqoist və ən yırtıcı varlıqdır. Ardınca söyləyirdi ki, insan insanın canavarıdır. Bəzən cəmiyyətimizdə elə kriminal hadisələr, elə tükürpədici qətllər baş verir ki, istər-istəməz T.Hobbsun insan barəsində yuxarıdakı fikirlərinə inanmaya bilmirsən.

Belə qətllərdən biri də aprel ayının 11-də saat 17.00 radələrində şəhərin “Lüdviqshafen” parkında baş verdi.

1980-ci il təvəllüdlü Hüseynov Taleh Mirağa oğlu qısqanclıq zəminində keçmiş həyat yoldaşı Nəzirova Gülnarə Vahid qızına 14 bıçaq zərbəsi endirərək qətlə yetirdi.

Taleh qətli həyata keçirərkən 2 azyaşlı uşaqları da məhrum ananın yanında idi. Dərhal bu barədə araşdırma aparmaq qərarına gəldik.

Cinayət işi üzrə istintaq əməliyyatını həyata keçirən şəhər prokurorluğunun müstəntiqi Sərxan Bəxtiyarov hazırda hadisə ilə bağlı şahidlərin dindirildiyinin və əlavə məlumat verməsinin mümkün olmadığını söylədi.

Ancaq biz mərhumun anasıyla görüşməyə müvəffəq olduq. Ana Nailə Nəsirovanın söylədiklərindən: “Qızım 6 ildi ki, ailə qurmuşdu. Amma münasibətləri normal deyildi. Tez-tez söz-söhbətlər yaranırdı.

Ayrılmağa səbəb isə onun qızımı hər gün döyməsi oldu. Qızımı döyməkdən dəli etmişdi. Maşa ilə boğazından tutub boğurmuş, saçını vəhşi kimi yolurmuş. Talehin belə etməyinin səbəbi onun içkiyə aludə olması idi. Hər gün içərək qızıma amansız zülmlər edirdi. Mənim uşağımın da canı tab gətirmirdi, evə gəlirdi. Taleh isə həmişə yalvararaq evə aparırdı. Həmişə eyni sözü təkrarlayaraq deyirdi ki, içkili olmuşam, səhv eləmişəm, bağışlayın. Yenə sabahı həmin Taleh idi, dəyişmirdi”.

Nailə xanım söylədi ki, ayrılmamışdan bir neçə gün əvvəl Talehin anası zəng edərək bildirdi ki, qızın bu gecə də burda qalsa öləcək. Xahiş edirəm, sizə zəng edib dediklərimi oğlum – Taleh bilməsin.

“Gör bir necə adam imiş ki, içib anasını da döyürmüş. Qızımı evə gətirəndə isə Talehin anası əlini yuxarı qaldıraraq sevindiyindən dua edirdi ki, şükür, sağ-salamat qızı təhvil verə bildim”.

Nailə xanım bildirdi ki, axıra kimi vəziyyət belə imiş, qızı incidir, döyür, təhqir edirmiş. O deyir ki, bütün bu hadisələrə görə oğlum qızımı evə gətirəndə söylədi ki, ana Talehdən ona ər olan deyil. Biz də istəyirdik ki, bu qədər əzab, işgəncə çəkməkdənsə, qızım evimizdə, gözümüzün qabağında olsun. Döyülməkdən qızım xəstə düşmüşdü. Belə əzab, işgəncələrə dözməyərək qızım Talehdən ayrıldı. Artıq bir il olurdu ki, rəsmi surətdə ayrılmışdılar.

Nailə xanım söylədi ki, hadisə günü mən işdə idim. Saat 20.00 radələrində böyük qızım zəng edərək söylədi ki, Gülnarə saat 4-dən uşaqları gətirmək üçün bağçaya gedib, hələ qayıtmayıb. İlk anda ağlıma heç nə gəlmədi. Dedim, bəlkə maşın vurub? Əgər maşın vurarsa, anasını vurar, bəs uşaqlar hanı? Elə telefonu təzə yerə qoymuşdum ki, telefonuma zəng gəldi. Bir nəfər şəxs mənə zəng edib dedi ki, bağışlayın, sizi narahat edən müstəntiqdir. Zəhmət olmasa, “Aygün” şadlıq evinin yanına gəlin. Dedim nə üçün? Söylədi ki, Gülnarənin anası sizsiz? Gülnarənin ərinin adı Talehdir? Dedim bəli, niyə soruşursuz ki? Dedi bu gün Talehlə Gülnarə parkda dalaşdığına görə bir az bundan əvvəl hər ikisini 3-cü polis bölməsinə aparıblar. Siz “Aygün” şadlıq evinin yanına gəlin, nəvələrinizi sizə təhvil verim. Uşaqları da müstəntiq həmin ərazidə müvəqqəti saxlamaq üçün bir qadına vermişdi. Mən gələn kimi polis işçiləri uşaqları qadından alıb, mənə təhvil verdilər. Dedim bəs mənim qızım hanı? Söylədilər ki, siz gedin 3-cü polis bölməsinə, qızınız ordadır. Mən də cəld 3-cü polis bölməsinə tərəf yollandım. Polis bölməsinə yaxınlaşıb qızımın harada olduğunu soruşdum. Söylədilər ki, sənin qızın burda yox, artıq morqdadır. Həmin an özümü nə qədər yerə çırpdımsa, pul kisəm yerə düşüb, içində də 200 manat pul var idi. Bir adama borclu idim, onu qaytarmalıydım. Heç bilmədim hara düşdü, mən uşağımın hayında idim.

Qeyd etdiyimiz kimi hadisə baş verərkən mərhumun azyaşlı uşaqları da yanında olub. Anasının amansızcasına qətlə yetirildiyini öz gözləri ilə görən Qismət belə söyləyir: “Bağçadan qayıdırdıq. Bizə kimsə yaxınlaşıb arxadan anamın belinə zərbə vurdu. Amma atama oxşayırdı. Elə birinci zərbədən sonra anam “oyy” deyərək ağzıüstə yıxıldı, qucağındakı uşaq yerə düşdü. Anam can verərək öldü. Öləndən sonra anamı üzüüstə çevirərək bıçaqla ürəyinə çoxlu zərbələr vuraraq deşik-deşik etdi”.

Nailə xanım söylədi ki, qızımın üzünü görmədən torpağa tapşırdım. Üstünü açmağa da qoymadılar ki, qan axır, olmaz.

“Eşitdiyimizə görə, qızınız həmin vaxt parkda tək olmayıb, yanında kimsə olub?”sualına mərhumun anası bu cür cavab verdi: “Biz Talehdən aliment pulunu ala bilmədiyimiz üçün məhkəməyə müraciət etmişdik. İşi vəkillər araşdırırdı. Ayın 10-u axşam qızım mənə söylədi ki, uşaqları bağçadan götürəndən sonra vəkillə görüşəcəm ki, görüm işi məhkəməyə verib? Həmin gün qızım vəkillə iş barəsində söhbət edirmiş. Taleh də qızıma deyirdi ki, vəkillə gəzirsən. Parkdan keçərkən qızımı vəkillə bir yerdə görmüş, qısqanaraq onu qətlə yetirmişdir. Neçə dəfə polis bölməsinə gedərək onlara yalvarırdım ki, Taleh bizə hədə-qorxu gəlir, öldürəcəm söyləyir. Hər gün bizi güdür, küçədə təhqir edir. Taleh dəhşət dərəcədə qısqanc idi. Gülnarəni qardaşına, xalası oğluna, hətta qonşunun oğlu salam verəndə də qısqanırdı. Mənim qızım ayrılmışdı axı, ondan nə istəyirdi? Bəlkə qızım yenidən ərə gedəcək, sənə nə var. Yazıq qızım xəstə idi. Neçə yerdən əməliyyat olunmuşdu. Mənim qızımda o taqət, həvəs yox idi ki, kefi dursun gəzsin. Qızım xəstə canını və uşaqlarını saxlamaq üçün çalışırdı.

Talehin Gülnarəni öldürmək fikri həmişə olub, daima onu izləyib, fürsət axtarırmış. O istəyirdi ki, biz alimentdən imtina edək. Amma mən alimentsiz saxlaya bilməzdim. Oğlum ölüb, onun uşaqlarını güclə saxlayıram. Mən hələ də özümdə deyiləm. Bir insanı işgəncəli şəkildə, körpə uşaqlarının qabağında zalımcasına öldürərək, sonra yarıb ürəyini çıxartmışdı. Erməni erməniliyi ilə heç bu hərəkəti etməzdi”.

Nailə xanım sonda, qatilə belə bir sual ünvanladı: “Mənim fağır, namaz qılan, oruc tutan qızımın günahı nə idi ki, belə zalımlıqla öldürdün?”

Elmir Ağayev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər