Anlamaq və anlatmaq onların əsas ehtiyaclarıdır…

1528

2 Aprel Dünya Autizm Məlumatlandırma Günüdür!

Əksər dünya ölkələrində olduğu kimi ölkəmizdə də XXI əsrin ən qlobal problemlərindən və son dövrlərdə uşaqlarda ən çox rast gəlinən xəstəliklərdən biri də autizmdir. Tədqiqatlara görə 70 milyon insan, yəni dünya əhalisinin təxmini 1 faizi autizmdən əziyyət çəkir. Günümüzdə sivilizasiyanın nkişafı ilə bərabər  böyüyən problemlərdən biri olan, erkən yaş dövründə başlayıb, ömür boyunca davam edən autizm, sosial münasibətlər və ünsiyyət sferasında meydana çıxan əlamətlərlə xarakterizə olunan neyro-psixiatrik pozğunluqdur.

Uşaqlarda artıq 2-3 yaşdan etibarən simptomlarının özünü biruzə verdiyi, müalicəsi və  yaranmasının dəqiq səbəbləri hələ də elmə tam məlum olmayan autizm xəstəliyinin ən geniş yayılmış Asperger sindromu, atipik autizm və uşaq autizmi kimi bir neçə növü vardır. 3 yaşa qədər inkişafında ləngimələr, stereotip hərəkətlər, ünsiyyət və  eləcədə, ətraf mühiti anlamaqda problemlər uşaq autizmi üçün xarakterik əlamətlərdir.

***

Autist- bizlərdən biri olan, bizə bənzəyən lakin, bəlkə də, daha dərin hiss edən, əzab çəkən və dünyanı bizim gördüyümüzdən fərqli mənimsəyən insanlar…

***

Onları anlamaq və anlatmaq onların əsas ehtiyaclarıdır.

Onların qapalı dünyasına yol tapa bilmək, tənhalıqdan həyata açılmağa yardım etmək isə kəlmələrdə olduğu qədər asan deyildir. Bu yalnız sevgi, səbr və böyük səylə əldə edilə bilər…

***

Ölkəmiz autizm sindromlu uşaqların artımına görə 2014-cü ildə dünya ölkələri sırasında 3-cü yeri tutmuşdur. Şübhəsiz ki, belə şəraitdə xəstəlik barədə mәlumatlılığın artırılması bu gün aparılacaq daha effektiv profilaktika işinin ayrılmaz hissәsi olmalıdır.

2007-ci ildən etibarən BMT-nin qərarı ilə 2 Aprel Dünya Autizm Məlumatlandırma Günü kimi qeyd olunur. 2 Aprel Dünya Autizm Məlumatlandırma Günü BMT-nin 18 dekabr 2007-ci il 62,139 qərarı ilə Qatar dövlətinin təklifi əsasında təsis olunub.

2008-ci ildən etibarən BMT-nin qərarı ilə aprel ayı bütün dünyada Autizm Maarifləndirmə ayı, 2 aprel isə Autizm Maarifləndirmə Günü olaraq qəbul olunur.

Həmin gün Yer kürəsinin müxtəlif ölkələri öz dəstəyini göstərmək üçün şəhərlərin ən nəzərə çarpan binalarından birini mavi işıqla işıqlandırır.

Bütün dünyada olduğu kimi “2 Aprel Dünya Autizm  Məlumatlandırma Günü” ölkəmizdə hər il də geniş miqyasda qeyd edilir.

***

Sözsüz ki, bu il bizim ölkəmizdə “2 Aprel Dünya Autizm Məlumatlandırma Günü” ilə əlaqədar tədbirlər pandemiya şəraitinə müvafiq şəkildə keçirilməlidir.

Autizmdən əziyyət çəkən uşaqlara bütün dünya ictimayətinin  diqqətini  yönəldən “2 Aprel Ümumdünya Autizm Maarifləndirmə Günü “ haqqında məlumatlıq səviyyəsinin artırılması, autizm sindromlu uşaqlarda erkən dioqnoz və erkən müdaxilə tədbirlərinin həyata keçirilməsi, valideynlərə düzgün istiqamət göstərmək, autizmli uşaqların sosiallaşması üçün cəmiyyətin onlara münasibəti və s. kimi məsələlərdə olduqca mühüm rol oynayır.

***

Sağlam gələcək nəslin formalaşması məqsədilə uzun illər dəvam edən geniş ictimai fəaliyyətimdə gənclərin autizm sindromu ilə  bağlı məlumatlılıq səviyyəsinin artırılması istiqamətində təşkil etdiyim tədbirlər də geniş yer alıb.

Bütün fəaliyyətimdə məni yaxından dəstəkləyən dəyərli oğlum, gənc jurnalis Fuad Musazadə bu gün yanımda olmasada onun dəyərli xatirəsi yenə də mənimlədir.

Mən ADU-nun adını böyük şərəf hissi ilə daşıdığım bir müəllimi olaraq illərlə təmsil etdiyim bu kimi fəaliyyətimlə universitetimizi müxtəlif əlaqədar dövlət təşkilatları tərəfindən, onların sözü ilə diger universitetlərə nümunə olaraq tanıtmış olmaqdan böyük qürur hissi keçirirəm. Uzun illər bu əhəmiyyətli missyanı yerinə yetirməkdə mənə verdikləri imkan və yaratdıqları hər cür şərait üçün universitet rəhbərləyinə bir daha minnətdarlığımı bildirməyi də özümə borc bilirəm.

Sədaqət Fuad

Yazıçı, ADU- nun baş müəllimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər