“Arzularım reallaşdı, Xəzərdə çimdim və narı ağacdan dərdim” - Ukraynalı gənc qızların Sumqayıt haqqında ilginc TƏƏSSÜRATI

4315
Gənclər və sülh şəhəri olan Sumqayıtımız  bu dəfə də ukraynalı gənc qonaqları özünün sadə, lakin unudulmaz, fərqli, turistlər üçün ənənəvi olmayan bir mühiti və ən əsası – doğmalığı ilə qarşıladı. Onların şəhərimiz, adət və mədəniyyətimizlə bağlı təəssüratlarını isə Sumqayıt sakinləri ilə paylaşmaq istərdik. Hər halda hər birimizin görüb eşitdiyimiz, amma bəlkə də bu vaxta kimi diqqət və dəyər verə bilmədiyimiz  məqamlar da var şəhərimizlə bağlı.
Qonaqlarmız Ukraynadakı “Poruc” təşkilatının ən fəal üzvləri, BMT Gənclər Məsləhət Qrupunun ukraynalı gənc üzvləri və eyni zamanda tələbədirlər. Hər ikisi də 21 yaşındadır. Sumqayıtda və Abşeron rayon Saray qəsəbəsində 2-3 gün ərzində görüb, eşitdikləri, duyduqları hissləri böyük məmnuniyyətlə paylaşdılar.
Kristina  Qirenko:
–          Bu yaxınlarda bəxtim gətirdi ki, sumqayıtlı gənc fəal Nərmin Şamilbəyli sayəsində Sumqayıt şəhərində oldum, hərçənd ki, ora gedəcəyimizi Bakı-Sumqayıt qatarıyla yol gedərkən öyrəndim və bunun üçün əsla təəssüflənmədim. Yeri gəlmişkən, Nərminin aktiv fəaliyyəti, istənilən situasiyada peşəkar davranışı, aristokratlığı və xanım-xatınlığı, lakin eyni zamanda işgüzar yanaşmalarda kişilərə məxsus tərzindən çox ilhamlanmışam. (seksizm deyil)
Bizi kolleqam və rəfiqəm Olya Voropay tanış etdi və buna görə ona da minnətdaram. Onsuz Azərbaycan bəlkə də belə rəngli, koloritli olmayacaqdı..
Nərmin Şamilbəyli siyasətçidir, Demokratik İslahatlar Partiyasının Qadınlar Komitəsinin sədri, daha çox qadınlar və gənclərlə bağlı olan beynəlxalq tədbirlərin iştirakçı, koordinator və eksperti, həmçinin jurnalist, sülhyönümlü və münaqişələrin həlli mövzularında layihələrin iştirakçısı, ictimai fəal və sadəcə möhtəşəm insandır.
Əslində Azərbaycana səfərim turizmlə bağlı deyildi və buna görə də Sumqayıtdan hər hansı bir gözləntilərim yox idi, hesab edirəm ki, bu, hardasa üstünlükdür.
İlk baxışda Sumqayıt sadə və kiçik görünür, amma bu 2 gün ərzində orda olmağımızla hər şey dəyişdi. Əslində isə maraqlı, rahat, sakit və nəyə görəsə əlavə etmək istərdim ki, işıqlı, nurlu şəhərdir.
Səfər zamanı biz Nərminin anasıgildə, Saray qəsəbəsində yaşayırdıq və bu çox möhtəşəm idi. Qonaqpərvərlik üçün təşəkkür edirəm, düzünü desəm, məni uzun zamandır ki, belə isti və yaxşı qarşılamamışdılar. Nar ağacları olan bağ isə məni sadəcə heyran etdi, bundan öncə narın budaqda necə yetişdiyini görməmişdim.
Həmçinin Sumqayıtda yaşayan və məndə yüksək təəssürat yaradan bir çox maraqlı və fərqli insanla tanış ola bildim. (deputat, fəal gənc təmsilçilər, müxtəlif idman növləri məşqçiləri, jurnalistlər və sadə insanlar)
Fikrimcə, şəhərin əsas özəlliyi Bulvardır! Bulvarda siz gəzib-dolaşmaqdan əlavə, kros qaça bilərsiniz. Habelə təmiz dəniz havasını ciyərlərinizə çəkə, mənzərəsindən həzz ala bilərsiniz. Sumqayıta ilk gələnlər üçün dəniz sahili önəmli yerlərdəndir, xüsusən qeyd etmək lazımdır ki, geniş və təmiz suları olan çimərlikləri var.
P.S. Əgər siz Bakıdan yoruldunuzsa və ya özünüzlə tək qalmaq, meditasiya keçirmək və ya sadəcə dincəlmək istəyirsinizsə, sizə dəqiq bura gəlmək lazımdır: Sumqayıta!
Olya Voropay:
–          Azərbaycan Qafqazda naringisi və qızmar günəşi olan azad bir ölkədir. Bu günəşli diyara gəlməmişdən öncə ölkəyə aid bildiklərim hələlik bunlar idi.
Nərmin bizi hava limanında qarşıladı və təhlükəsiz şəkildə Sumqayıta çatdırdı. İnkar etmirəm ki, biz izdihamdan fərqlənirdik və yerli əhalinin diqqətini cəlb edirdik, lakin Nərmin və onun dostları yanımızdaydı, biz hər yerdə özümüzü rahat və təhlükəsiz hiss edirdik.
Burda gördüyüm qonaqpərvərlik və qayğıdan çox heyrətləndim, özümü çox vacib qonaq kimi hiss etdim. Çünki mən və rəfiqəmi hər kəs diqqətlə əhatə edirdi. İlk axşam Nərmin, daha sonra isə dostları bizi milli adətlərlə zəngin olan yemək və çay süfrəsinə qonaq etdilər. Sumqayıtda mən əsl turistik olmayan Azərbaycanı, sadə insanları gördüm, adətlər və mədəniyyətlə tanış oldum, bütün bunları yaşadığım ailədə – Nərmingildə də hiss etdim.
Arzularım gerçəkləşdi: Xəzər dənizində üzdüm və bu dəfə narı ağacdan dərdim, hər zamankı kimi onu mağazanın piştaxtalarından götürmədim. Burda mənim üçün hər şey yenidir, qeyri-adi, maraqlıdır və eyni anda Ukraynanı xatırladır. Güman ki, millətlərin qardaşlıq bağlarını heç bir şeylə qırmaq olmur.
Mən həqiqətən də gəncliyi inkişaf etdirmək, onlar könüllülük və digər nailiyyətlərlə tanış etmək istəyirəm, beynəlxalq layihələr bu anlamda yeni üfüqlər və yollar açır, günəşin altında sən həm öz yerini tapa, həm də xoşladığın işlərlə məşğul ola bilirsən.
Ümid edirəm yenidən bura geri dönəcəm, mütləq! Mənim hazırda burda çoxlu dostlarım var: layihədə iştirak etməyə gəlmişdim və tək Nərmini tanıyırdım. İndi isə dostluq siyahım genişləndi.
P.S. Qonaqpərvərlik üçün çox sağ olun! (azərbaycanca ifadə etdi) Sizi və Azərbaycanı sevirəm! Ölkələrimizə sülh və xeyirxahlıq arzu edirəm və qoy həmişə xalqlarımız üçün yaxşı olsun!
Müəllifdən: Olya Sumqayıtdakı ilk günün axşam gəzintisi zamanı “Azərbaycan kişilər ölkəsidir sanki, hər yer daha çox kişilərlə dolu” söyləmişdi… Maraqlıdır, qonaq xanımlar həmçinin onu da vurğulamağı unutmadılar ki, ölkəmiz haqqında bəzi neqativ məqamları da qulaq ardına vurmamış deyillər. Məsələn, bizim bir qisim kişilərin ukraynalı xanımlara “hədsiz sevgisi” və bunun bəzi fəsadları barədə. Ona görə də qərara aldıq ki, şəhər və şəhərətrafı əraziləri daha çox piyada və ictimai nəqliyyat vasitəsilə qət edək ki, bu yanlış fikirlərin azalmasına da nail olaq. Artıq ilk günün sonunda xanımların “ehtiyat etdikləri bir çox məsələlər” öz əksini tapmadı və “100 eşitmək deyil, 1 görmək” prinsipi sözügedən məsələdə daha faydalı oldu.
İstənilən halda Sumqayıt ölkəmizin bir hissəsi, yaşına və ruhuna görə ən gənc şəhəridir. Bünövrəsi sülh və tolerantlıq daşları üzərində qurulan bu  şəhəri sevməyin yalnız 1 yolu var: burada azı 1 gün də olsa qonaq olmaq və bütün bu deyilənləri canlı yaşamaq…
Təqdim etdi:
Nərmin Şamilbəyli
xeberle.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər