Avropada görə biləcəyiniz orta əsr şəhərləri

2592

Dünyanın aparıcı iqtisadiyyata malik və texnoloji cəhətdən inkişaf etmiş şəhərlərindən bəziləri Avropada yerləşir. Lakin bu qitə bununla yanaşı orta əsr dövrünə nəzər salmaq üçün də mükəmməl yerdir.  Üsyanlar və dünya müharibələrinə baxmayaraq Avropada bəzi şəhərlər orta əsr gözəlliyini və memarlığı özündə qoruyub saxlaya bilib.

Avropanın günümüzə qədər gəlib çatmış orta əsr şəhərləri arasında aşağıdakılar yer alır:

Fransanın Karkasson şəhəri

Karkasson ətrafdakı binaları və qalanı əhatələyən böyük müdafiə divarlarına malik orta əsr şəhəridir. Şəhərdə qot üslubu ilə tikilmiş, əsrlər boyu bərpa olunan və qorunub saxlanılan kilsə mövcuddur.

İtaliyanın San-Ciminyano şəhəri

Bu Toskana qəsəbəsi Romaya gedən və Romadan gələn zəvvarlar üçün əlaqələndirici məntəqə rolunu oynayır. 14-cü əsrdə aclıq və vəba xəstəliyinə görə əhalinin sayının azalması və burada orta əsrlərdən sonra yenidənqurma işlərinin aparılmaması şəhərin orta əsr görünüşünü qoruyaraq günümüzə qədər gəlib çıxmasına səbəb olmuşdur.

 Avstriyanın Hallştadt şəhəri

Hallştadt şəhərinin salındığı Zalskammerqut regionunda əhalinin məskunlaşmağa başlaması Tunc dövrünə təsadüf edir. 1750-ci ildə baş verən yanğın nəticəsində taxta tikililər məhv olduğuna görə Hallştadt şəhərində yenidənqurma işləri aparmağa ehtiyac yaranmışdır. Şəhər Barokko memarlıq üslubunda bərpa edilmişdir.

Şotlandiyanın Edinburq şəhəri

Şəhər iki hissədən ibarətdir  – orta əsr dövrünə aid qalanın olduğu Qədim Şəhər və 18-ci əsrdə salınmağa başlamış Yeni Şəhər. Qədim şəhərdə 16 və 17-ci əsrlərə aid zadəgan və tacir evləri, yeni şəhərdə isə bağlarla əhatələnmiş neoklassik üslublu tikililər yerləşir.

Almaniyanın Rotenburq-ob-der-Tauber şəhəri

Günümüzə qədər gəlib çatmış Rotenburq 1170-ci ildə əsası qoyulan və Almaniyanın Bavariya regionunda yerləşən orta əsr şəhəridir. Şəhər Tauber çayının üzərində yerləşdiyinə və burada ənənəvi qırmızı damlı evlər tikildiyinə görə şəhərin adı yerli dildə “Tauberin üzərindəki qırmızı qala” deməkdir.

İtaliyanın Çinkve-Terre şəhəri

Liquriya dənizinin sahilində kələ-kötür və dik bir ərazidə inşa edilən bu şəhərcik gözəl rənglərlə boyanmış tikililərdən ibarətdir. Bu orta əsr şəhərində orta əsrlərdə tikilmiş və əhalini pirat hücumlarından qorumağa xidmət edən istehkamlar yerləşir.

İngiltərənin Çester şəhəri

Çester şəhəri İngiltərənin şimal-qərbində yerləşir. Burada Almaniya üçün səciyyəvi olan faxverk üslubunda tikilmiş ağ-qara binalar mövcuddur. Çesterin böyük bir hissəsi Vestminster hersoquna məxsusdur və hersoq burada orta əsrlər və Roma İmperiyası dövrünə aid memarlıq xüsusiyyətlərinin qorunub saxlanmasına çalışır.

Fransanın Vitre şəhəri

Fransanın Bretan bölgəsində yerləşən bu şəhər olduqca mühüm əhəmiyyət kəsb edir. Şəhərin 16-cı əsr görünüşü və burada yerləşən möhtəşəm qala dövrümüzə qədər gəlib çatıb. Vitre şəhərində tacirlər tərəfindən tikilmiş faxverk üslublu evlər mövcuddur. Divarların çöl hissəsində maili inşa edilmiş daş koteclər yerləşir.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər