Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirir

590

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 oktyabr tarixində xalqa müraciətində mühüm məqamlara toxunub.

“İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir”

Prezident İlham Əliyev çıxışında işğaldan azad olunmuş ərazilərlə bağlı məlumat verib.

Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir. Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir.
Sonuncu azad edilmiş yaşayış məntəqələrinin siyahısı-
Zəngilan rayonu: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd
Cəbrayıl rayonu: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər.
Qubadlı rayonu: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri.
Bununla azad edilən yaşayış məntəqələrinin sayı 150-yə yaxınlaşır. Beş ilə (1988-1993-cü illər) işğal olunmuş, təxminən 27 il ərzində güclü müdafiə-istehkam sistemi yaradılmış ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan ordusunun qüdrətinin göstəricisidir. Ordu quruculuğu sahəsində İlham Əliyev hakimiyyəti zamanı atılmış addımlar sadalanmalıdır.
Ölkə rəhbəri vurğuladı ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə, torpaqları işğal olunan Azərbaycana qarşı sanksiyalar tətbiq edilmişdir.
Qarabağ tarixini dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür. Bu işlər sayəsində artıq dünyada məsələ ilə bağlı daha obyektiv təsəvvür var.
Prezident Münhen Təhlükəsizlik Konfransında, Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda, Aşqabadda, Vyanada, Astanada diskussiya və çıxışlarında Dağlıq Qarabağla bağlı həqiqətləri səsləndirməsi dünya ictimai rəyinin lehimizə dəyişməsinə mühüm töhfə verib.
Kürəkçay sülh anlaşmasında erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi.
Vurğulandı ki, məqsəd imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq və yeni reallıq yaratmaq idi.
Qafqaz bürosunun 1921-ci il protokollarında göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Halbuki bütün bu illər ərzində saxta erməni alimləri, ermənilərə havadarlıq edən dairələr sübut etməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırıb Azərbaycana veribdir.
Azərbaycan sovet dövründə də bölgəyə böyük investisiya qoyub və erməni əhalinin diskriminasiyasından söz gedə bilməz. Münaqişə başlayanadək ermənilərin Dağlıq Qarabağda bütün mədəni, sosial və mümkün siyasi hüquqları təmin olunub.
Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar.
Qeyd olundu ki, Dağlıq Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsi faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün zəmin yaradıldı.
O vaxtkı Azərbaycan rəhbərliyinin qeyri-adekvat davranışı münaqişənin qarşısını vaxtında almağa imkan verməyib.
1992-ci ilin may ayında Şuşa və Laçının itirilməsi, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı.
Şərh. Prezidentin çıxışı həm daxili auditoriyaya, həm Ermənistan ictimaiyyətinə, həm də beynəlxalq ictimai rəyə hesablanıb. Prezident daxili auditoriyanı həm 20-ci əsrin əvvəllərinin, həm də 1988-ci ildən sonrakı dövrün səhvləri haqqında məlumatlandırır, beynəlxalq ictimai rəyi həqiqətlərlə maraqlanmağa məcbur edir, Ermənistan ictimaiyyətini isə miflərdən xilas edib tarixi, hüquqi və ordumuzun yaratdığı hərbi reallıqları qəbul etdirməyə çalışır.
İstiqamət. Prezident çıxışında Dağlıq Qarabağ münaqişəsinin həm tarixi, həm də hüquqi incəliklərini müfəssəl izah edir. Çıxış həm ictimai fəallar, həm gənclər, həm də diplomatlar üçün fəaliyyət proqramı kimi istifadə edilməlidir.
Minsk qrupunun fəaliyyətinə toxunan Prezident İlham Əliyev bildirdi ki, Minsk qrupunun fəaliyyətinə müsbət qiymət vermək olmaz.
Minsk qrupu işğalçıya təzyiq etməyib və etmək də istəməyib.
Minsk qrupu həmsədri olan üç ölkə məsələni həll etmək istəsəydi, Ermənistana sanksiyalar tətbiq edərdi. Minsk qrupu həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, istənilən məsələni həll edə bilərlər.
Minsk qrupu Ermənistanın qanunsuz məskunlaşma aparmasına etiraz etməyib.
Qanunsuz məskunlaşma beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarına ziddir. Minsk qrupunun cinayətə susması torpaqlarımızı erməniləşdirməyə, Azərbaycan mədəni irsini silməyə təşviq mesajıdır.
28 il ərzində danışıqların imitasiyası olub. Bununla Azərbaycanı vəziyyətlə barışmağa sürükləyirdilər ki, yeni reallıqlar yaranıbdır, siz də hesablaşmalısınız.
Öz torpaqlarını işğalçılardan azad etməyə başlayan Azərbaycana böyük təzyiq göstərirlər.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirir. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir.
Minsk qrupunun bütün fəaliyyəti indi təcavüzkar, Xocalı soyqırımını törədən, Gəncəni ballistik raketlərlə bombalayan Ermənistanı xilas etməkdir.
Vasitəçi neytral olmalıdır. Neytral deyilsə, öz namizədliyini geri götürməlidir.
Müstəqilliyimizin ilk mərhələsində Minsk qrupunun həmsədri olan Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir.
Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasında digər üzv ölkələrə böyük təzyiqlər edərək yeni sənəd qəbul olunmasına çalışıb. Məqsəd 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələri qüvvədən salmaq olub. Bu yenə də işğalçıya dəstək göstərilməsi cəhdidir. Qoşulmama Hərəkatına üzv ölkələr buna imkan vermədilər, bizə dəstək göstərdilər.
Bütün başqa məsələlərdə maraqları daban-dabana zidd olan ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ məsələsində mövqelərinin üst-üstə düşməsi sual doğurur.
Minsk qrupunun fəaliyyəti Azərbaycana işğal faktını qəbul etdirməyə hesablanıb. Minsk qrupunun üzvlərindən Fransa açıq şəkildə ermənipərəst mövqe tutur, parlamenti erməni soyqırımını tanıyır, ölkədə islamofobiya və türkofobiya dövlət siyasəti səviyyəsinə qaldırılıb, son hadisələr zamanı isə erməni feykləri beynəlxalq gündəmə Fransa prezidenti vasitəsilə gətirilir. Rusiya Ermənistanı silahlandırır, hətta atəşkəs vaxtı belə təcavüzkarı silahlandırmaqda davam edir. ABŞ uzun illər Dağlıq Qarabağdakı işğalçı rejimə birbaşa yardımlar ayırıb, prezidentliyə namizədlər ABŞ-dakı erməni əsilli seçicilərin maraqlarını ABŞ-ın regiondakı maraqlarından üstün tutur, Azərbaycana qarşı 907-ci düzəliş tətbiq edib. Beləliklə, heç bir həmsədr Azərbaycana qarşı qərəzsiz deyil. Azərbaycandakı siyasi partiyalar və ictimai–siyasi fəallar Minsk qrupunun fəaliyyətinə etiraz edirlər. Qoşulmama Hərəkatının verdiyi dəstək Azərbaycanın müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq etməsinin, çoxvektorlu diplomatiyasının effektivliyini də sübut etdi. Eyni zamanda göründü ki, əsasən Qərbin dominantlığı ilə yaranmış müasir dünya nizamı əbədi deyil, “dünya 5-dən daha böyükdür”.

Atəşkəs rejimi Ermənistan tərəfindən daim pozulur
Oktyabr ayının 10-da birinci atəşkəs qüvvəyə mindi. Azərbaycan tərəfi həlak olanların cəsədlərinin, girovların, əsirlərin dəyişdirilməsi üçün buna razılıq vermişdi. Ancaq Ermənistan bir gün keçməmiş bu atəşkəsi namərd şəkildə, gecə vaxtı Gəncəni bombalamaqla kobudcasına pozdu.
İkinci atəşkəs oktyabrın 17–də elan olundu. Yenə də iki dəqiqədən sonra Ermənistan atəşkəsi pozdu.
Oktyabrın 26-sı səhər saat 8-dən üçüncü atəşkəs elan olunub. Ancaq səhər saat 9-da artıq atəşkəs Ermənistan tərəfindən pozuldu.
Hər bir pozuntu qeydə alınır, dərhal ATƏT-in nümayəndəsinə və atəşkəsdə maraqlı olan digər ölkələrə göndərilir ki, baxsınlar, ermənilər atəşkəsi nə qədər pozublar.
Azərbaycan tərəfinin şərtləri:
– Münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır.

– Cədvəl verilməli, Ermənistanın neçə gündən sonra hansı rayondan çıxacağı cədvəldə göstərilməlidir (Ermənistan bu cədvəli verməyib).

– Döyüş meydanında diz çökən Ermənistan atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək, yenə də silahlanmaq və yeni işğalçılıq siyasəti aparmaq istəyir. Son bir ay ərzində Ermənistana kütləvi surətdə müxtəlif növ silahlar göndərilir. Atəşkəsi istəyənlər Ermənistanı silahlanıdrmağı dayandırmalıdır.

– Münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişdir: BMT Təhlükəsizlik Şurasının qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatların analoji sənədləri. Avropa İttifaqı ilə paraflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlərimizin toxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi müddəa var. Bu hüquqi baza imkan verir ki, döyüş meydanında düşmənə dərs verək.

– Azərbaycan məsələnin hərbi-siyasi yollarla həllinə hazırdır. Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini reallaşdırmalıdır.

– Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycan xalqı da tolerant xalqdır. Hərbi mərhələnin başa çatması üçün azərbaycanlılar Şuşaya, Xankəndinə, əvvəllər yaşadığı bütün başqa yerlərə qayıtmalıdır. Erməni əhali üçün şərait yaradılacaq, yavaş-yavaş bir yerdə yaşamağı öyrənməliyik. Azərbaycan Prezidentinin bu yanaşması həm əxlaqa, həm beynəlxalq hüququn normalarına əsaslanır.

– İndi vasitəçi ölkələr artıq beş rayonun azad edilməsindən danışa bilməzlər, 5 rayonun artıq 4-ü (Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı) bizədir. Bu rayonların böyük hissəsi bizdədir. Keçmiş Hadrut – indiki Xocavənd rayonunun bir hissəsi bizdədir.

– Azərbaycan danışıqların əleyhinə deyil. Amerikada baş verən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Cenevrədə görüşəcəklər. Mən etiraz etmirəm, görüşsünlər. Bu, 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik fərq etməz. Biz istəyirik ki, bunun mənası olsun.

– Bu gün Azərbaycan yeni bir reallıq yaradıb, hər kəs yeni reallıqla hesablaşmalıdır.
Şərh. Bu çıxışda açıqlanan şərtlərlə “5 rayon + 2 rayon” formatının, “Kazan formulu” adlanan danışıqlar mövzusunun arxada qaldığı aydın olur. Azərbaycan Prezidenti danışıqların mənalı olmasını, yeni istiqamətini, vasitəçilərin yeni tərkibini və yeni predmetinin təklif edilməsini istəyir. Yeni yanaşma Azərbaycanın hərb meydanında öz hüquqlarını bərpa etməsi reallığına uyğun olmalı, bunun təcavüzkar tərəfindən qəbul edilməsinə xidmət etməlidir. Həmsədrlərin məşğul ola biləcəyi fəaliyyət barədə həm müsahibələrində, həm son müraciətdə açıq istiqamət var – Azərbaycanın dəyişdiyi reallıqları qəbul edib danışıqları bu reallıqları təcavüzkara qəbul etdirmək, erməni tərəfini mədəni muxtariyyət, iki icmanın birgə yaşayışı və bələdiyyə muxtariyyətləri çərçivəsində həllə razı salmaq. Bunun mədəni dünyanın standartlarına uyğun olması, o cümlədən Regional Dillər və ya Azsaylı Xalqların Dilləri üzrə Avropa Xartiyası, Avropa Şurasının Etnik Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyasına və digər beynəlxalq hüquqi aktlara uyğunluğu izah olunmalıdır. Əksinə, Ermənistan tərəfi keçmiş prezidentlərin və indiki baş nazirin dili ilə azərbaycanlılarla birgə yaşamağın mümkün olmadığı kimi irqçi fikirlər təlqin edir.

Ermənistanın hərbi itkiləri
252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda.
50 piyadaların döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd.
251 müxtəlif çaplı top məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275.
61 minaatan məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106.
53 tank əleyhinə vasitə məhv edilib.
82 “Qrad” qurğusu məhv edilib.
2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib.
Zenit-raket kompleksləri – 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 “KRUQ”, 2 “S-125” qurğusu məhv edilib. “S-300” ən bahalı qurğulardan biridir, 6 “S-300” atıcı qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator.
Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, “Toçka-U” biri məhv edilib.
Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Toplam 404 yük avtomobili.
Ermənistan iflas həddinə çatıb. Haradandır bu pul, haradan? Müşahidəçilər, vasitəçilər, politoloqlar, ermənipərəstlər desinlər ki, pullar haradan gəlir?
Sitat: O silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, bir ay ərzində onların nə qədər malı batıb?
Sitat: Bizim pulumuz var, hər şey şəffafdır. Ermənistanın xarici dövlət borcu təxminən 8 milyard dollardır. Valyuta ehtiyatları isə 1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bu, bank rezervləridir. Onlardan istifadə edə bilməz. Əgər istifadə etsə, onların dırnaqarası valyutası da kəllə-mayallaq gedəcəkdir.
Əgər Ermənistana maliyyə, iqtisadi, hərbi, siyasi dəstək verilməsə, onlar ayaq üstə dura bilərmi?
Bu rəqəmlər sadəcə itki və qənimətləri əks etdirmir, Ermənistanın çöküşünün sürətlənməsini və onun süni yolla ayaqda saxlamağa çalışan dünya güclərinin ikili standartlarını əks etdirir.
Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında” müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanmış və 1992-ci il noyabrın 9-da qüvvəyə minmişdir. Sənəd üzv dövlətlərin silahlı qüvvələrindəki hərbi texnika və silahların sayını məhdudlaşdırmaqla yanaşı, sayı artıq olan texnikanın azaldılma mexanizmlərini də göstərirdi. SSRİ-nin Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi əsasında mövcud olan kvotasını bölüşdürərkən Ermənistan və Azərbaycanın hər birinin payına 220 tank, 220 zirehli döyüş maşını, 285 artilleriya qurğusu, 100 döyüş təyyarəsi və 50 zərbə helikopteri düşmüşdü. İndiyədək Yerevan kvotanın pozulmasını inkar edirdi. Beynəlxalq hesabatlara görə, Ermənistanın aldığı silahların böyük hissəsi Dağlıq Qarabağda anbarlarda gizlədilib. Ortaya çıxan hərbi texnikanın siyahısı Ermənsitanın və onu silahlanıdrınların müqavilənin şərtlərini kobud şəkildə pozduğunu göstərir.
Bu günlər Ermənistan tərəfindən humanitar yardım adı altında mülki aviasiya vasitəsilə Ermənistana silahların daşınması həyata keçirilir. 1944-cü ildə Çikaqoda qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 4-cü maddəsinə görə, Konvensiyaya tərəf olan hər bir dövlət mülki aviasiyadan Konvensiyaya uyğun olmayan məqsədlər üçün istifadə etməməlidir.
Ermənistanın idarə edən şəxslər haqqında. Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən, özünü böyük sərkərdə kimi aparan indi yıxılıbdır onun-bunun ayağının altına kömək istəyir, imdad diləyir, özünü və xalqını alçaldır.
Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, Dağlıq Qarabağdan çıxıram.
Ermənistanın yeni hökuməti Paşinyanın simasında deyir ki, Ermənistanı idarə edən adamlar cinayətkardır. Paşinyana qədər 20 il ölkəni idarə edənlər cinayətkardırsa, bu ölkə cinayətkar ölkədir.
Xarici medianın antiazərbaycan mövqe tutur, erməni lobbisinin təsiri altındadır. Bütün bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar yazıblar.
İstiqamət. Ermənistanda indiyədək hakimiyyətdə olan şəxslərin hərbi cinayətləri haqda yazılar davam etməli, Paşinyanın qeyri-adekvatlığı göstərilməlidir. Qərb mediasının isə erməni lobbisinin islamofobiya və türkofobiya təbliğ edən dairələrin əlində alət olması, indiyədək Qərbin yüksək media standartları haqda deyilənlərin puç olmasını sübuta yetdiyi qeyd olunmalıdır.

Azərbaycan tərəfinın xəbərdarlığı:
F-16-lar təlimlər üçün gəlib və müharibə başlayanda türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Sitat: Azərbaycana kənardan təcavüz olarsa, qarşılarında o F-16-ları görəcəklər.
Azərbaycan tərəfi bir tərəfdən atəşkəs deyib digər tərəfdən Ermənistana silah göndərilməsinə səssiz qalmayacaq.
Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun!
BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar.
Sitat: Ermənistanın havadarları bu saxta dövləti xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın. Bir sözünüzlə çıxa bilər, bir sözünüzlə.
Kimin günahı var, o cavab verir və Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır.
Xocalı soyqırımını törədən cinayətkarlar son bir ay ərzindəki bu döyüşlərdə artıq məhv edildi. Ədalət zəfər çaldı.
Azərbaycan xalqı bu münaqişədə ədalətsiz mövqe tutanları unutmayacaq. Sitat: Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər.
Dünya artıq əvvəlki dünya deyil, güc amili ön plana çıxır. İndi böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoymur, BMT Təhlükəsizlik Şurasına məhəl qoymur, istədiklərini edirlər. Halbuki biz beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistan torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik.
Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Axıra qədər gedəcək, düşməni bundan sonra da qovacağıq. Çünki biz haqlıyıq və biz güclüyük.
Heç bir qüvvə Azərbaycanı yolundan döndərə bilməz.
Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıbdır. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!
Azad olunmuş kəndlərdən bir şey qalmayıb. Azərbaycan xalqının, dövlətinin onları bərpa etməyə gücü çatacaq.
Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik.
Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik.
Biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Prezidentin xəbərdarlıqları kifayət qədər konkret və ünvanlıdır. Beynəlxalq hüquqa, xalqın həmrəyliyinə söykənir. Gələcəkdə Azərbaycanda iqtisadi maraqları olan dövlətlər ədalətli mövqe tutmayacaqları halda əməkdaşlıq edilməyəcəyi haqda xəbərdar olunurlar. Bu, ikinci Qarabağ müharibəsi başlayandan Prezidentin xalqa 5-ci müraciəti idi, amma bu dəfə daha sərt və açıq danışdı. Prezidentin həmsədrləri – Bakıya təzyiq edən, müharibəni dayandırmağımızı istəyən, Ermənistanı silahlandıran böyük dövlətlərin açıq şəkildə ifşa etməsi cəbhədəki vəziyyətə uyğundur. Son müraciətdə bu qədər emosional notlarla köklənmiş çıxış həlledici məqamın yetişdiyini göstərir. Prezident müraciətdən bir gün əvvəl Mərkəzi Komanda Məntəqəsində keçirilən müşavirədə yubanmaları tənqid etməsi ilə orduya “vaxt itirməyin” göstərişi verərək, düşmənə son zərbəni hazırlayır. Həlledici məqamda mane olacaq ölkələrə də F-16-ları xatırlatmaqla son mesajını göndərir. Bir daha məlum oldu ki, işğala son qoymaq üçün sona qədər gedəcəyik: ola biləcək danışıqlar, yaxud atəşkəs sadəcə formal xarakter daşıyacaq, masada müzakirə gedərkən, əsgər cəbhədə döyüş tapşırığını yerinə yetirir. Vətən müharibəsi qələbəyə qədər davam edəcək. İlham Əliyev cənabları bir ay ərzində itirilmiş torpaqların mühüm hissəsində ölkəsinin bayrağını, xalqının milli ruhunu, qürurunu, özünə inamını, Ali Baş Komandanı olduğu ordusunun qüdrətini, Prezidenti olduğu ölkəsinin nüfuzunu, master-klass səviyyəsində müsahibələri ilə beynəlxalq imicini, xalqa müraciətlərində isə xalqın qəlbindəki məqamını ucaltdı.
Beləliklə, cənab Prezidentin verdiyi mesajlar həm Azərbaycan cəmiyyətini səfərbər etməyə, həm Ermənistanda daxili ziddiyyətləri körükləməyə, həm də Ermənistanın himayədarlarının beynəlxalq ictimai rəydə diskreditasiyasına hesablanıb. Müşahidələr göstərir ki, qarşıya qoyulmuş məqsədlərə əsasən nail olunur, amma vətəndaş cəmiyyəti institutları və medianın bu istiqamətdə səfərbər olmasına indi hər zamankından daha çox ehtiyac duyulur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər