Azərbaycan Cənubi Qafqazı sülh və əməkdaşlıq regionu kimi görmək istəyir

749

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət regionu kimi görmək istəyir. 44 günlük Vətən müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün yeni imkanlar ortaya çıxıb. Çox təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir. Bu gün artıq Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Azərbaycanın təklif etdiyi beş prinsip beynəlxalq hüquq normalarına uyğundur. Ermənistanın həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalması sülh sazişinin imzalanması üçün əsas yaradır.

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə birgə mətbuata bəyanatında bu fikri xüsusi qeyd etmişdir ki, sərhədlərin delimitasiyası artıq başlamalıdır. Təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədi, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındı.

Dövlət başçısı bəyanatında vurğuladı ki, Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin, aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Ermənistan 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsindən də imtina etdi. İşə başlamaq üçün Ermənistandan hər hansı yeni tarixləri gözləyirik.

Azərbaycan və Litva prezidentlərinin mətbuata bəyanatlarla çıxışı zamanı dövlətimizin başçısı Azərbaycanın mövqeyini bir daha ortaya qoydu və erməni vandalizminə diqqət çəkdi: İndi Azərbaycan ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə üz-üzədir.İşğal nəticəsində hər şey dağıdılmışdır və yerlə-yeksan edilmişdir. Beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Hirosiması” adlandırırlar.

Bütün bu vəhşiliklərə, vandalizmə baxmayaraq, Azərbaycan Prezidenti yenə sülhə sadiq olduğunu bəyan edir. Bütün məsələlərin hüquqi müstəvidə həllində, bu istiqamətdə Aİ-Azərbaycan əməkdaşlığının dərinləşdirilməsində maraqlı olduğunu vurğulayır.

Prezident İlham Əliyev bəyanatında Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərə toxunaraq bəyan etdi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır.

Prezident İlham Əliyev bəyanatında bir daha dünya ictimaiyyətinə açıq mesaj verdi:Azərbaycan Cənubi Qafqazı sülh və əməkdaşlıq regionu kimi görmək istəyir. Ermənistanın tutduğu yol isə  onlar üçün müsbət heç nə vəd etmir. Ona görə də, Ermənistan sülh imkanlarını qaçırmamalıdır və Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul etməlidir.

Tayfun Hacılı, Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər