Azərbaycan-Litva Biznes Forumu hansı yeni perspektivlər açır?

318

Yüksək səviyyəli siyasi dialoq əməkdaşlığı şaxələndirmək üçün yeni perspektivlər açır. Cari ilin 18 may tarixində keçirilən Azərbaycan-Litva Biznes Forumu iki ölkə arasında münasibətlərin iqtisadi aspektlərini nəzərdən keçirmək baxımdan vacib platformadır.

Daha əvvəl keçirilən forumlardan fərqli olaraq budəfəki biznes forum həm postmünaqişə dövründə – yeni investisiya imkanlarının açıldığı mərhələdə, həm də qlobal iqtisadiyyatın müxtəlif təlatümlərlə üzləşdiyi reallıqlar fonunda baş tuturdu.

Prezident İlham Əliyev forumdakı çıxışı zamanı bildirdi ki, ölkələrimiz arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki, biz artıq strateji tərəfdaşlarıq və Prezidentin hazırkı səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir.İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır.

Hazırda enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı, bərpa olunan enerji, sənaye, informasiya texnologiyaları, turizm, qida sənayesi və digər bir çox sahələrdə əməkdaşlıq üçün böyük potensial mövcuddur. Litvanın bərpa olunan enerji sahəsindəki təcrübəsi də Azərbaycanın hazırkı hədəfləri ilə sinxronluq təşkil edir.

Ölkə başçısı vurğuladı ki, bərpaolunan enerjinin 2030-cu ilə qədər ümumi balansımızda ən azı 30 faiz olması planlarımızı nəzərə alaraq, hesab edirəm ki, həmin planlara dəyişiklik edilə bilər. Fikrimcə, biz hətta enerji balansımızda 30 və ya 40 faiz bərpaolunan enerjini nəzərdə tuta bilərik. Onda, əlbəttə ki, Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər.

Bu gün Azərbaycan Litvanın da üzvü olduğu Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayır. Özü də söhbət yalnız neft ixracından yox, həm də qaz təchizatından gedir. 2020-ci ilin sonunda “Cənub Qaz Dəhlizi” layihəsinin bütün seqmentlərinin uğurla tamamlanması bu əməkdaşlığa yeni məzmun qazandırıb. Yeri gəlmişkən, Azərbaycan ixrac həcmini artırmaqdadır.

2022-ci ildə hasil olunacaq 45 milyard kubmetr qazın 8 milyarddan çoxu Türkiyə, 7 milyarddan çoxu İtaliya, qalan hissəsi isə Gürcüstan, Bolqarıstan, Yunanıstana olmaqla təxminən 19 milyard kubmetri ixrac ediləcək.

Hazırkı geosiyasi təlatümlər fonunda “Qoca qitə” mənbələrin şaxələndirilməsi məsələsinə xüsusi həssaslıqla yanaşır. Bu baxımdan ölkəmizin potensialı Litva üçün də cəlbedici görünür.  Eyni zamanda Azərbaycandan keçən Şərqlə Qərbi birləşdirən Orta Dəhliz və Şimal-Cənub Dəhlizi xüsusi  aktuallıq kəsb edir və müasir infrastruktura malik nəqliyyat şəbəkəsi qurmağa müvəffəq olmuş ölkəmiz bu baxmından da strateji tərəfdaş kimi qiymətləndirilə bilər, o cümlədən Litva üçün.

Prezidentin çıxışından sitat:

Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz Azərbaycanı önəmli nəqliyyat mərkəzinə çevirdik. Azərbaycanın rolu mütləq şəkildə artacaq. Çünki bu yaxınlarda nəqliyyat infrastrukturumuzun necə istifadə edilməsi ilə bağlı qonşularımızdan çox sayda yeni təkliflər almışıq. 

Beləliklə, aydın olur ki, ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişaf prioritetləri Litva ilə tərəfdaşlığın inkişafına şərait yaradır. Belə ki, “yaşıl” iqtisadiyyatın genişləndirilməsi və işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətlərində əməkdaşlıq üçün böyük perspektivlər var.

Vüsal Məmmədov, “168saat” qəzetinin baş redaktoru

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər