Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır

815

“Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir”.

Bu sözləri Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edərkən səsləndirib.

Ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu sahəsində çox mühüm addımlar atılmışdır. Bununun nəticəsidir ki, bu gün regionda ən güclü ordu məhz Azərbaycan ordusudur. Ötən illər ərzində həyata keçirilmiş layihələr, ordu quruculu istiqamətində atılmış addımlar nəticəsində bu gün Azərbaycan Ordusu nəinki regionda dünyada ən güclü ordu sırasındadır.

Ordumuzun xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hərbi xərcləri 24 dəfə artıb

İlham Əliyev prezident seçiləndən sonra ölkənin hərbi baxımdan güclənməsi və regionda ən güclü silahlı qüvvələrə malik olması vəzifəsini qarşıya qoydu. Dövlət başçısı kimi o proqram çıxışlarında bəyan etdi ki, Azərbaycanın qarşısında hərbi büdcəni artıraraq Ermənistanın ümumi dövlət büdcəsini keçmək vəzifəsi dayanır. 2004-cü ildən etibarən Azərbaycan öz hərbi xərclərini bu vəzifəyə uyğun olaraq hər il artıraraq Prezident İlham Əliyevin müəyyən etdiyi hədəfə çatdı və onu keçdi.

Ölkənin döyüş hazırlıqlı, modern silahlar və döyüş vasitələri ilə təchiz olunmuş ordusunun yaradılması, saxlanması böyük həcmdə vəsaitlər etdiyi üçün bu hədəfə Azərbaycanın sürətli iqtisadi inkişafı sayəsində çatmaq mümkün oldu. 2003-cü ildə Azərbaycanın hərbi  xərcləri cəmi 160  milyon ABŞ dolları təşkil edirdi.

2006-cı ildə Azərbaycan hərbi xərclərdə daha böyük artım etdi, bu məqsədlə dövlət büdcəsindən 750 milyon ABŞ dolları ayrıldı. 2007-ci ildə isə hərbi xərclər 1 milyard dollara yaxınlaşdı. Nəhayət,  2010-cu ildə bu xərclər 2  milyard 150 milyon dollara çataraq Ermənistanın ümumi dövlət büdcəsinin xərclərini ötdü. Bu, Ermənistan üçün psixoloji baryerin keçilməsi idi və Azərbaycan ərazilərini işğal altında saxlayan tərəf onunla hərbi potensial baxımından rəqabətə girməyin qeyri-mümkünlüyünü anladı.

Azərbaycan hərbi xərclərinin artımını bununla dayandırmadı.  Azərbaycanda 2020-ci ilin dövlət büdcəsi xərclərinin 3 milyard 853,6 milyon manatı müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə yönəldilib.  Bu da o deməkdir ki, 2020-ci ildə orduya ayrılan xərclər 2019-cu ilə nisbətən 666 milyon manat və ya 20,9 faiz çoxdur. Qonşu Gürcüstanın hərbi xərcləri təxminən gələn il üçün cəmi 510 milyon manat təşkil edəcək. Bu isə Azərbaycanla müqayisədə təxminən 6 dəfə azdır. Bu il üçün Ermənistanın hərbi xərcləri 1 milyard 71 milyon manat təşkil edir. Bu isə Azərbaycanla müqayisədə təxminən 3 dəfədən aşağıdır.

Beləliklə, Prezident İlham Əliyevin ötən 17 illik hakimiyyəti dövründə Azərbaycanın hərbi xərcləri 24 dəfədən çox artmış oldu. Bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında hərbi xərclərin artım tempinə görə ilk yerlərdən birini tutdur.

Ölkəmizdə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur

Prezident İlham Əliyev ölkənin hərbi qüdrətinin artırılması siyasəti çərçivəsində silahlı qüvvələrin yeni silah və hərbi texnikaya olan tələbatının həm də yerli istehsal hesabına təmin edilməsi vəzifəsini müəyyən etdi. Bu məqsədlə Azərbaycan dövlət başçısı 2005-ci ilin dekabrında ölkənin Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqda sərəncam verdi.

Nazirlik tabeçiliyinə verilmiş müəssisələr əsasında ölkədə ilk dəfə hərbi sənayeni qurdu və qısa müddət sonra artıq hərbi təyinatlı məhsullarını beynəlxalq silah sərgilərində nümayiş etdirməyə, silahlı qüvvələri bir çox güclü silah sistemləri, texnika ilə təchiz etməyə nail oldu.

Müdafiə Sənayesi Nazirliyi silahlı qüvvələrin tələbatını nəzərə alaraq dünyanın bir çox nüfuzlu hərbi sənaye müəssisələri ilə əməkdaşlıq qurmuşdur. Azərbaycan müdafiə sənayesinin istehsalı olan hərbi təyinatlı məhsullar son illər nüfuzlu silah sərgilərinə də çıxarılır və maraqla qarşılanır.

Hazırda Azərbaycanın müdafiə sənayesi Müdafiə Nazirliyinin bir neçə növdə silah-sursata tələbatını tam ödəmək gücündədir. Bu da Silahlı Qüvvələrin təchizatında xarici mənbələrdən asılılığı aradan qaldırmağa imkan verir. Beləliklə, Prezident İlham Əliyevin ötən 10 illik hakimiyyəti ərzində ölkənin hərbi qüdrətinin artırılmasına imkan verən strateji sahə – müdafiə sənayesi təşəkkül tapmışdır. Prezidentin sərəncamı ilə 15 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur.

Hava hücumundan etibarlı müdafiə sistemi quruldu

Azərbaycanda güclü ordu quruculuğu sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında ötən illərdə görülmüş işlərin nəticələrindən biri də ölkənin hava hücumundan kifayət qədər etibarlı təminatıdır. Azərbaycan hava qüvvələrini gücləndirməklə yanaşı, ölkənin hava məkanının potensial hücumlardan etibarlı müdafiəsinə nail olmaq üçün hərbi sahəyə ayrılan vəsaitlərin bir qismi yeni HHM sistemləri almağa sərf edildi.

Azərbaycanın hazırda malik olduğu HHM sistemi ölkənin hava məkanını, strateji təyinatlı obyektləri, Xəzərdəki neft-qaz infrastrukturunu qoruyur.

Azərbaycanın regionda güclü hava qüvvələri ilə yanaşı havadan etibarlı müdafiə sisteminə də malik olması hərbi balansın Ermənistanla müqayisədə onun xeyrinə müqayisə olunmaz dərəcədə dəyişməsinə səbəb oldu. Bununla da İlham Əliyevin ötən illərdə ölkənin hərbi gücünün artırılmasına yönəlmiş fəaliyyətinin nəticəsi olaraq Azərbaycan regionda ən modern vasitələrlə təchiz olunmuş HHM qüvvələrinə malik oldu.

Bunun nəticəsində strateji obyektlər ən yüksək səviyyədə qorunur. Hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, ölkəmiz, o cümlədən strateji obyektlər yüksək səviyyədə qorunsun.

Azərbaycan Ermənistan üzərində əzici hərbi üstünlük əldə edib

Azərbaycan son illərdə silahlı qüvvələrinin arsenalını  yeni döyüş təyyarələri,  hücum vertolyotları, döyüş maşınları, habelə müasir və uzaq məsafəli artilleriya sistemləri ilə gücləndirdi. Nəticədə hərbi sahədə bütün göstəricilər üzrə Ermənistanla balansı öz xeyrinə dəyişməyə nail oldu. Ermənistan daxil olduğu hərbi blok çərçivəsində böyük miqdarda silah və texnikanı təmənnasız əldə etsə də balansın Azərbaycanın xeyrinə kəskin dəyişməsinə mane ola bilmədi.

Azərbaycan ordusunun yeni silah və texnika ilə təchizatında birinci mərhələdə zirehli texnikanın, uzaqvuran artilleriya sistemlərinin, piyadaların döyüş maşınlarının və quru qoşunlarına hava dəstəyi üçün hücum vertolyotlarının alınması həyata keçirildi. İkinci mərhələdə ordunun arsenalı hədəfi yüzlərlə kilometr məsafədən dəqiq vuran raket sistemləri, daha uzaqmənzilli artilleriya qurğuları və hərbi sahədə strateji üstünlük qazandıran digər silah sistemləri ilə gücləndirildi.

Beləliklə, Azərbaycan Prezident İlham Əliyevin güclü ordu quruculuğu siyasətinin nəticəsi olaraq, beynəlxalq hesabatlarda da deyildiyi kimi,  Ermənistan üzərində əzici hərbi üstünlük əldə etdi.

Azərbaycanda hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir

Prezident İlham Əliyev tərəfindən silahlı qüvvələrin güclü və yeni silahlarla təchizatı ilə yanaşı,  hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də tarixi qərar verildi. 2011-ci ilin dekabrında  Prezidentin imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” fərmana əsasən, ölkədə ilk dəfə hərbçilərin dövlət tərəfindən pulsuz mənzillərlə təmin edilməsinin mexanizmi yaradıldı.

O vaxta qədər hərbçilərin sosial müdafiəsi və mənzil şəraitinin yaxşılaşdırılması məsələsi 1992-ci il yanvarın 1-də qüvvəyə minmiş “Hərbi qulluqçuların statusu” haqqında qanunla tənzimlənirdi və bu qanunda əksini tapmış müddəaların praktiki icrası mümkün deyildi.

Prezident İlham Əliyevin imzaladığı fərman bu sahədə vəziyyəti dəyişdi, hərbçilərin dövlət hesabına mənzillərlə təmin olunması mexanizmlərini hazırlamaq üçün xüsusi komissiya yaradıldı. Fərman Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət büdcəsi vəsaiti hesabına mənzillə təminatına əsas yaratdı.

Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və 1700 zabit mənzillə təmin olunub. Bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcək. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır.

 

İstər 2016-cı ilin, istərsə də 2018-ci illərin hərbi əməliyyatları göstərdi ki, ordumuz qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirmək əzmindədir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər