Azərbaycan-Özbəkistan münasibətləri möhkəm dostluq və tərəfdaşlıq mərhələsində

657

Əsasını ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edən Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  İyunun 21-də Özbəkistana reallaşan səfəri ilə yeni, daha möhkəm dostluq və tərəfdaşlıq mərhələsinə qədəm qoydu.

Xalqlarımızı biribirinə bağlayan çoxəsrlik tarixin nümunələrindən olan və Özbəkistan Şərqşünaslıq İnstitutunun fondlarında Nizami, Xaqani, Tusi, Füzuli, Xətai və bir çox başqa Azərbaycan şairlərinin və mütəfəkkirlərinin onlarca nadir əlyazmalarının qayğı ilə qorunub saxlanılanılması,  Özbəkistana səfəri zamanı Prezident İlham Əliyevə Füzulinin əlyazmalarından birinin hədiyyə edilməsi özbək xalqının Azərbaycan mədəniyyətinə böyük hörmət və maraq bəslədiyindən xəbər verir.

Ümummilli liderimiz Heydər Əliyevin Özbəkistana birinci rəsmi səfərindən düz 25 il sonra gercəkləşən səfər zamanı Ulu Öndərin adını daşıyan yenilənmiş küçənin və orada qoyulmuş abidənin təntənəli açılış mərasiminin keçirilməsi isə Özbəkistanın yaxın dostu olmuş dahi insanın xatirəsinə böyük ehtiramın əlamətidir. Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı və onun Şərəf Rəşidoviç Rəşidov ilə və İslam Abduqəniyeviç Kərimov ilə dostluğu münasibətlərimizin bugünkü inkişafının təməli idi.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışı zamanı bildirmişdir: “Heydər Əliyev əsl vətənpərvər idi. O, həqiqətən öz xalqının bələdçisi, lideri idi. O, öz fəaliyyətində böyük şair və mütəfəkkir Nizami Gəncəvinin müdrik sözlərinə istinad edərək həmişə deyirdi: “Doğma torpağa sevgini özümə borc bilirəm”. Bu, onun həyatının mənası idi. Onun ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olması idi. Azərbaycan Prezidenti hörmətli İlham Heydər oğlu Əliyev tarixi ədaləti bərpa edərək bu arzunu uğurla həyata keçirdi.”

Azərbaycan öz ərazi bütövlüyünüzü bərpa edərkən özbək xalqının və Özbəkistan Prezidentinin Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyd edən Prezident İlham Əliyev onu da bildirdi ki, Azərbaycanlılar bunu çox yaxşı bilir, qardaşlıq münasibətini xatırlayır və yüksək qiymətləndirirlər.

Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin imzaladığı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” və ümumi sayı iyirmiyə yaxın olan, bir çox sahələrdə qarşılıqlı əməkdaşlıq barədə sənədlərin imzalanması mərasimi zamanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatla çıxışında qeyd etdiyi kimi: “Özbəkistanda Azərbaycan ilə ənənəvi dostluq, etimad və qarşılıqlı anlaşma münasibətlərinə xüsusi qiymət verirlər.”

Azərbaycan-Özbəkistan münasibətlərinin strateji səviyyəyə çatdırlılması istiqamətində mühüm addım olan bu səfər zamanı ticarət və sənaye kooperasiyasının genişləndirməsinin mühüm prioritet olduğu da bəyan edilmişdir. Hazırda Hacıqabulda avtomobillərin birgə istehsalının, İpəkçilik sahəsində əməkdaşlığın, maşinqayirma, hasilat, neft kimyası, əczaçılıq, tikinti materialları və hazır tekstil malları, qida məhsulları, zərgərlik məmulatları istehsalı və şərabçılıq sahələrində onlarca yeni layihənin reallaşması məqsədilə birgə investisiya fondunun işə salınması, nəqliyyat kommunikasiyalarının inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımaların həcminin artırılması barədə razılığa gəlinməsi, aqrosektorun rəqəmsallaşdırılması üzrə qarşılıqlı fəaliyyətin layihələndirilməsi, nəhayət, ən əsası hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlıq Özbəkistan-Azərbaycan münasibətlərinin gələcək perspektivlərindən, strateji tərəfdaşlığın dərinləşməsindən xəbər verir.

Prezident İlham Əliyev Özbəkistanda bəyanatla çıxışı zamanı bildirmişdir: “Mən Daşkənddə əvvəllər olmuşam və bugünkü dəyişiklikləri görəndə ürəkdən sevinirəm ki, qardaş ölkə uğurla inkişaf edir, burada sülh, asayiş, sabitlik, iqtidarla cəmiyyətin vəhdəti mövcuddur – bunlar hər bir dövlətin inkişafı üçün əsas amillərdir. Həmçinin əminəm ki, bu gün iki Prezidentin öz nümayəndə heyətlərinə verdiyi bütün tapşırıqlar yerinə yetiriləcək.”

Beləliklə, Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarında sülhə və sabitliyə zəmin yaradacaq  Azərbaycan və Özbəkistanın gələcək fəaliyyətinin yol xəritəsi olan, birgə gələcək əməkdaşlıq xarici siyasətin ortaq prioritetlərini özündə əks etdirir və dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsini ifadə edir.

 

Aygün Zülfüqarlı, Sumqayıtın Tarixi Muzeyinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər