Azərbaycan, yoxsa rus bölməsi ? - Məşhurlar cavab verir (VİDEO)

421

Son günlər Milli Məclisdə valideynlərin öz uşaqlarını rus bölməsinə yazdırmaq meyllərinin artması tənqid edilir.

Sözügedən mövzu ilə bağlı cəmiyyətimizin ayrılmaz hissəsi olan tanınmış simaların da fikirlərini öyrəndik.

“Sizcə uşaqlar rus, yoxsa Azərbaycan bölməsində təhsil almalıdır?” sualımızı cavablandıran məşhurlar bunları dedi:

Aktrisa Təranə Əliyeva:

“O fikirlə mən qəti razı deyiləm ki, hər bir sadiq vətəndaş Azərbaycan sektorunda oxumalıdır. Özüm rus sektorunu bitirmişəm, ümumiyyətlə, rusca dil açmışam. Azərbaycan dilini orta məktəbdə öyrənmişəm.

Qızım 5-ci sinifdə oxuyur və əlbəttə ki, rus sektorunda. O, orta məktəbdə təkcə ingilis dili keçmir. Onların məktəbində ərəb dili, yapon dili keçirilir. Onda yapon dilini, ərəb dilini ixtisara salaq ki, ancaq Azərbaycan dili olmalıdır. Bu, belə deyil.

Ümumiyyətlə, bir çox kitablar, əsərlər, filmlər rus dilindədir. Azərbaycan dilində ədəbiyyatımız, film tərcümələrimiz çox azdır. Ona görə də düşünürəm ki, rus dilini bilmək daha yaxşıdır”.

Müğənni Emil Bədəlov:

“Mən özüm də rus bölməsini bitirmişəm. Özüm rus məktəbini bəyənmişəm, ona görə övladım da rus sektoruna gedir. Bu gün ilk növbədə Azərbaycan dilini, ikinci növbədə rus dilini bilmək lazımdır. Patriotluq isə adamın canında olur”.

Aktyor Elnur Hüseynov:

“Özüm məktəbi də, universiteti də rus sektorunda oxumuşam. Oğlum da hazırda rus sektoruna gedir. Özüm də, yoldaşım da rus sektorunu bitirdiyimizə görə bizə uşağın təhsili ilə məşğul olmaq daha asan gəlir. Hər kəs Ana dilini mütləq öyrənməlidir və mükəmməl bilməlidir.

Başqa mədəniyyətləri də bizim millətin nümayəndələri bilsə, öyrənsə çox gözəl olar. Öz dilimizi, mədəniyyətimizi digər ölkələrdə təbliğ etmək üçün o biri dilləri, mədəniyyətləri də öyrənməliyik”.

Şair Zəhra Bədəlbəyli:

“Məncə, insan nə qədər çox dil bilsə, o qədər yaxşıdır. Təhsilə gəldikdə isə, bu dəqiqə rus sektorunda oxuyan uşaqlar daha geniş dünya görüşünə malikdirlər. Ola bilsin ki, bu, bir neçə ilə dəyişəcək. Çünki kitablar, bütün məlumatlar Azərbaycan dilinə tərcümə olunur. İnanıram ki, Azərbaycan dili çox geniş şəkildə inkişaf edəcək, çünki o kitablar bizə lazımdır. Uşaq hər hansısa sektorda oxusa, o, mütləq Azərbaycan dilini bilməlidir, çünki biz hamımız Azərbaycan vətəndaşıyıq. Mən rus sektorunda təhsil almışam, amma ölkəmi dəlicəsinə sevirəm”.

BAKU.WS

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər