Azərbaycan yüksək sıxlıqlı polietilenin istehsalından nə qazanır? – ŞƏRH

392

Bu gün “SOCAR Polymer”in Sumqayıt Kimya Sənaye Parkı ərazisində yerləşən Yüksək Sıxlıqlı Polietilen zavodunun istifadəyə verilməsinin bir ili tamam olur. Zavod gündəlik 330 ton, illik 120 min ton yüksək sıxlıqlı polietilen istehsal gücünə malikdir. Zavodda istehsal olunan məhsulun 25%-i daxili bazar, 75%-i ixrac üçün nəzərdə tutulub. Polietilen dünyada ən geniş yayılmış polimer növüdür.

Bəs bir ildir istismarda olan Yüksək Sıxlıqlı Polietilen Zavodunun Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyəti nədir?

Ölkənin biznes portfelini şaxələndirir

Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə “Report”a bildirib ki, Yüksək Sıxlıqlı Polietilen Zavodu ölkənin biznes portfelini şaxələndirir və neft gəlirlərindən asılılığını azaldır.

“Ölkəmizin dayanıqlı iqtisadi inkişafı baxımından neftdən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafı strateji əhəmiyyət daşıyır. Bunun üçün isə real sektora qoyulan investisiyaların artırılması və yeni istehsalat müəssisələrinin inşa edilməsi labüddür. Çünki real sektorun inkişafı ölkə iqtisadiyyatının canlanmasına və Ümumi Daxili Məhsul (ÜDM) həcminin artmasına səbəb olur. Bu da öz növbəsində ölkənin xarici komponentlərdən asılılığını azaldır, ixrac portfelini şaxələndirir, büdcə gəlirlərini və məşğulluq səviyyəsini artırır. Polipropilen və Yüksək Sıxlıqlı Polietilen (YSPE) zavodları da bu məqsədlə inşa edilən və Azərbaycanın prioritet hədəflərinə xidmət göstərən ən önəmli layihələrdəndir”, – ekspert qeyd edib.

Növbəti 5 ildə yüksək sıxlıqlı polietilen məhsullarına tələbat 5,5% artacaq

O bildirib ki, bu gün dünyada neft-kimya sektoru neft sektoru ilə müqayisədə daha sürətli inkişaf edir. “Sadəcə yüksək sıxlıqlı polietilen məhsullarının tələbatı 2014-2019-cu illər arasında hər il 10% artıb və növbəti 5 ildə 5,5% artacağı proqnozlaşdırılır. Çünki neft sektorundan fərqli olaraq neft-kimya sektorunda yüksək dalğalanmalar müşahidə edilmir. Eyni zamanda xam neft emal olunub neft-kimya məhsuluna çevrildikdə onun əlavə dəyəri bir neçə dəfə artır. Məsələn, 1,75 kq xam neftdən kq yüksək sıxlıqlı polietilen məhsulu əldə etmək mümkündür. Başqa sözlə, xam neftdən yüksək sıxlıqlı polietilen məhsulu əldə edildikdə onun dəyəri 3 dəfəyə qədər artırıla bilir. Məhz belə gəlirli və perspektivli bir sektora investisiya qoymaqla Azərbaycan uzun illər dividendlər qazanacaq və davamlı inkişafını təmin edəcək”,- E.Axundzadə vurğulayıb.

Onun qənaətincə, Sumqayıtda inşa olunan Yüksək Sıxlıqlı Polietilen zavodu ölkənin biznes portfelini şaxələndirir və neft gəlirlərindən asılılığını azaldır. Ekspert bildirib ki, son zamanlar neft qiymətlərinin azalması fonunda bu layihənin strateji əhəmiyyəti bir daha ortaya çıxıb. “Belə ki, yüksək sıxlıqlı polietilen məhsulunun əsas xammalı neftdən meydana gəlir. Neft qiymətləri azaldıqda xammal daha ucuz təmin edildiyi üçün bu sektorun mənfəət marjası artır. Beləliklə, bir tərəfdən neft qiymətlərinin düşməsi fonunda azalan gəlirlərimiz, yüksək sıxlıqlı polietile kimi neft-kimya məhsulları hesabına kompensasiya edilir”.

Energetika üzrə ekspert Emin Axundzadə:

“İdxal əvəzləməsi və ixrac nəzərə alındıqda “SOCAR Polymer” layihəsinin ildə Azərbaycanın xarici ticarət saldosuna ən az 480 milyon dollar dəyərində müsbət təsir göstərəcəyi proqnozlaşdırılır”.

SOCAR-ın “şaquli inteqrasiya” strategiyasının əsas tərkib hissəsi

E.Axundzadə həmçinin vurğulayıb ki, bununla yanaşı, YSPE zavodu SOCAR-ın “şaquli inteqrasiya” strategiyasının əsas tərkib hissəsidir və dəyər zəncirinin son halqasını meydana gətirir: “Bildiyiniz kimi, bir məhsul istehsal müddətində müxtəlif proseslərdən keçir. Bu proseslərin hər biri dəyər zəncirinin ayrı-ayrı halqalarını meydana gətirir və siz dəyər zənciri üzrə nə qədər çox halqada iştirak etsəniz, bir o qədər əlavə dəyərinizi yüksəldə bilərsiniz. Bu çərçivədə “Azneft” İB – Heydər Əliyev adına Neft Emalı Zavodu – “Azərikimya” İB və “SOCAR Polymer” müəssisələri bir-birilərini xammal ilə təchiz edərək SOCAR-ın xərclərinin azalmasına və gəlirlərinin optimallaşmasına səbəb olur. Bu da, öz növbəsində SOCAR-ın xarici bazarlarda rəqabət gücünü artırır və yeni bazarlara açılmasına imkan yaradır”.

O məlumat verib ki, 2019-cu ilin dekabr ayına qədər zavodlarda, təxminən, 108 min ton polipropilen və yüksək sıxlıqlı polietilen məhsulları istehsal olunub ki, bunun 81 min tonu Türkiyə, Rusiya və Çin daxil olmaqla 10 ölkəyə ixrac olunub. “Yüksək sıxlıqlı polietilen ağır və yüngül sənayedə səhiyyə, tekstil, kənd təsərrüfatı, inşaat və oyuncaq kimi bir çox sektorlarda xammal kimi geniş istifadə olunur. Bu məhsullardan plastik borular, qablar, paletlər, mətbəx əşyaları, oyuncaqlar və s. kimi məhsullar hazırlamaq mümkündür. YSPE zavodundan əvvəl sözügedən məhsulların əksəriyyəti ölkəyə idxal yoluyla daxil edilirdi. Çünki bu məhsulların istehsalı üçün lazım olan xammal xaricdən alındığı üçün daxildə istehsal səmərəli deyildi. Ancaq zavod tam gücü ilə fəaliyyətə başladıqdan sonra daxili bazarın xammal tələbatı tam ödənilə biləcək”. Onun sözlərinə görə, bu da öz növbəsində ölkədə kiçik və orta biznes subyektlərinin inkişafını sürətləndirəcək, yeni müəssisələrin yaranmasına imkan yaradacaq və məşğulluq səviyyəsini artıracaq.

Enerji məsələləri üzrə ekspert əlavə edib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı baxımından kənd təsərrüfatı sənayesi xüsusi əhəmiyyət daşıyır.

“Bu sektorda xarici komponentlərin aradan qaldırılması isə əsas hədəflərdəndir. Beləliklə, kənd təsərrüfatında suvarma məqsədilə istifadə olunan plastik boruların daxili bazarda istehsal edilməsi, kənd təsərrüfatı sektorunda məhsuldarlığın artmasına və məhsulun maya dəyərinin azalmasına səbəb olacaq. Bu da öz növbəsində yerli fermerlərə əlavə rəqabət üstünlüyü qazandıracaq”, – o bildirib.

Zavod xarici valyuta ehtiyatlarının artmasına, məşğulluq səviyyəsinin yüksəlməsinə töhfə verir

E.Axundzadə vurğulayıb ki, layihə eyni zamanda ölkənin xarici valyuta ehtiyatlarının artmasına da dəyərli töhfə verir: “Bundan əvvəl polipropilen və yüksək sıxlıqlı polietilen məhsullarının idxalı üçün hər il 130 milyon ABŞ dolları məbləğində vəsait xərclənirdi. Zavodların tam işə düşməsi ilə daxili bazarın tələbatı ödəniləcək. İstehsal olunan məhsulların da 75%-i xarici bazarlara ixrac olunacaq ki, bu da ildə təqribən 350 milyon ABŞ dolları dəyərində gəlir gətirəcək. Beləliklə, idxal əvəzləməsi və ixrac nəzərə alındıqda “SOCAR Polymer” layihəsinin ildə Azərbaycanın xarici ticarət saldosuna ən az 480 milyon ABŞ dolları dəyərində müsbət təsir göstərəcəyi proqnozlaşdırılır. Ümumilikdə isə zavodların istismar dövründə 6,6 milyard dollar ixrac gəliri qazandıracağı düşünülür ki, bunun təqribən 2 milyard ABŞ dolları xalis mənfəət olacaq”.

Ekspert layihənin ölkədə məşğulluq səviyyəsinin yüksəlməsinə də dəyərli töhfə verdiyini vurğulayıb: “Zavodların inşaat işlərinin pik dövründə 3 500 nəfər çalışıb. Hazırda isə 500 nəfər daimi iş yeri ilə təmin edilməkdədir. Layihə ölkədə kiçik və orta sahibkarlığın inkişafına töhfə verdiyi üçün, əslində multiplikator effekti məşğulluq səviyyəsinə və ölkə iqtisadiyyatına təsiri daha böyük olacaq. Hesablamalara görə “SOCAR Polymer” zavodları ölkənin qeyri-neft sektoru üzrə ixrac gəlirlərini 15%, Abşeron İqtisadi rayonunun ÜDM həcmini isə 14% artıracaq”.

Emin Axundzadə

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər