Azərbaycanda “Avtomobil paylaşımı” xidməti niyə yoxdur?

725

“Car sharing” və yaxud Azərbaycan dilində “Avtomobil paylaşımı” adlı xidmət ölkəmizdə olmasa da, əksər inkişaf etmiş ölkələrdə, o cümlədən Avropada geniş yayılıb. Söhbət insanların bir yerdən başqa yerə getmək üçün müxtəlif şirkətlərə məxsus avtomobillərdən müvəqqəti istifadə etməsindən gedir. Bu, ilk baxışdan “rent car” və yaxud bizim dildə “Avtomobil icarəsi” xidmətini xatırlatsa da, əslində tamamilə fərqli xidmətdir. Ondan istifadə edənlər internetdə və yaxud mobil tətbiq vasitəsilə onlara yaxın olan şirkət avtomobilini tapır, müəyyən prosedurları yerinə yetirdikdən və ödəniş etdikdən sonra avtomobillə istədikləri yerə hərəkət edə bilirlər. Bunun üçün icarə müqaviləsi və yaxud etibarnamə lazım deyil. Avtomobili müəyyən yerdə park etdikdən sonra ondan növbəti istifadəçi yararlanır. Bəs Azərbaycanda bu cür səmərəli xidmət niyə yoxdur? “Report” bunun səbəblərini araşdırmağa çalışıb.

“Qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir”

Avtomobil sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyir ki, ölkəmizdə “Car sharing” olması üçün ilk növbədə qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir: “Bu, avtomobil kirayəsi və yaxud taksi xidməti deyil, fərqli bir xidmətdir və onunla bağlı hüquqi tənzimləmələrə ehtiyac var. Məsələn, kimsə avtomobili istifadə üçün götürdükdən sonra qəzaya düşsə və yaxud avtomobil oğurlanarsa, hansı addımlar atılmalıdır? Bu kimi məsələlər qanunla tənzimlənməlidir. Bakıdakı “rent a car” şirkətləri maşınları icarə müqaviləsi əsasında verirlər. Deyilən sistemdə isə müqavilə məsələsi yoxdur”.

“Ekoloji vəziyyəti yaxşılaşdırır, tıxacı azaldır”

Ekspertin fikrincə, Azərbaycanda bu xidmət tətbiq olunsa, kifayət qədər səmərəli olar: “Car sharing” nəqliyyat sistemini şaxələndirir, ekoloji vəziyyəti yaxşılaşdırır. Çünki dünyada adətən “Avtomobil paylaşımı” zamanı ekoloji təmiz avtomobillərdən istifadə olunur. Bundan başqa, şəhərin avtomobil yükü də azalır. Bir var, 10 nəfər 10 avtomobil sürür, bir də var 10 nəfər 1 avtomobil sürür, növbə ilə istifadə edir. Bu da müəyyən qədər tıxacları azaldır. Amma gərək bu sistemi tətbiq edən şirkətlərin sayı çox olsun. Bu işlə həm dövlət, həm də özəl sektor məşğul ola bilər. Və yaxud dövlət özəl şirkətlərə müəyyən zəmanətlər verər və onlar bu sistemi qura bilər”.

“Hüquqi tənzimləmə kifayət deyil”

Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə deyir ki, “car sharing” xidmətinin Azərbaycanda mövcud olması üçün hüquqi tənzimləmələrin olması kifayət etmir: “Burda təşkilati, mənəvi-psixoloji məsələlər, insanlara etibar, nəqliyat infrastrukturu, mobillik kimi amillər nəzərə alınmalıdır. “Avtomobil paylaşımı” elə bir sistemdir ki, burada virtual müqavilə bağlanılır, vətəndaş sistemə daxil olub qeydiyyata düşür, ona sürücüsüz bir avtomobilin ünvanı bildirilir və müəyyən kod verilir. Burada etibarnamə, ənənəvi icarə müqaviləsi yoxdur. Hazırda bizim qanunvericiliyə görə, sürücünün bir avtomobili idarə etməsi üçün ya gərək həmin avtomobil üzərində mülkiyyət hüququ, ya o avtomobillə bağlı etibarnaməsi, ya yol vərəqəsi, ya da heç olmasa, icarə müqaviləsi olsun. Bunların heç biri yoxdursa, polis onu saxlasa, cərimə edəcək və avtomobili cərimə meydançasına aparacaq”.

“Eibarnamə almaq məcburi olmamalıdır”

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə başqasının avtomobilini idarə etmək üçün etibarnamə almaq məcburi deyil: “Həmin ölkələrdə etibarnamənin məcburi olmaması bu sistemin tətbiqini mümkün edir. Amma etibarnamə olmadan da hər hansı maşının oğurluq olub-olmadığını təyin etmək çox asandır. Dünyanın böyük şəhərlərində demək olar, bütün yollarda kameralar var. Avtomobil sahibi əmlakının oğurlanması barədə şikayət etsə, onu kameralar vasitəsilə asanlıqla tapmaq olur. Xaricdə bir nəfəri polis saxlasa, həmin şəxs avtomobilin kimə məxsus olduğunu deyir, yaxud qeydiyyat şəhadətnaməsini göstərir və bu, polis üçün kifayət edir. Əgər avtomobil sahibinin oğurluq barədə şikayəti yoxdursa, deməli həmin avtomobili başqa şəxsə onun özü verib. Bizdə də avtomobilin kiməsə etibarnamə ilə verilməsinin məcburiliyi ləğv edilməlidir”.

“Cəmiyyət buna hazır olmalıdır”

Bundan başqa, Ə.Hüseynov hesab edir ki, “Avtomobil paylaşımı” üçün onu təqdim edənlə istifadə edən arasında etimad olmalıdır: “Bu etimad bir neçə məsələdə vacibdir: Hüquqi məsuliyyət məsələsi, avtomobilə zərər dəyəndə onun aradan qaldırılması məsələsi və avtomobillərin qaçırılması məsələsi. Elə olar ki, avtomobili icarə götürən şəxs onu təhvil verməz və özü də qaçıb gizlənər. Belə olan halda bu sistemi tətbiq etmək biznes sektoruna sərf etmir. Belə problemləri qabaqlayan sistemlər olmalıdır. Bu problemin qarşısının alınması insani münasibətlər əsasında tənzimlənir. Bu, cəmiyyətin mədəni inkişafından asılıdır. Zibili hara atmalı olduğunu bilən və heç vaxt küçəyə zibil atmayan, siqaret çəkib küçəyə atmayan, ictimai nəqliyyata minəndə polisdən qorxduğuna görə yox, vicdan hissinə görə ödəniş edən adam heç vaxt başqasının maşınını oğurlamayacaq”.

“Hələ ki, “velosiped paylaşımı”nı təbliğ edək”

“Dünyada məşhur avtomobil paylaşımı şirkətləri var ki, avtomobillərə “alko key” adlanan sistem quraşdırırlar. Belə ki, maşında sükan arxasındakı şəxsin spirtli içki qəbul edib-etmədiyini təyin edən texnologiya olur. İçkili şəxs həmin maşını sürə bilmir, sürsə də, məsuliyyəti özü daşıyır. Avtomobillərin qapısını açmaq məsələsi isə eletkron idarəetmə sistemləri ilə tənzimlənir. Avtomobillərə xüsusi avandanlıqlar quraşdırılır. Onların açarı olmur. Bu, tək elektrikli yox, həm də ənənəvi maşınlarda olur. Mobil tətbiq vasitəsilə sürücüyə kod verilir, sürücü həmin kodu öz telefonuna daxil edir və maşına yaxınlaşarkən onun qapısı açılır. Maşını park etdikdən sonra istifadəçi onun qapısını örtüb avtomobildən enir və bundan sonra elektron mərkəzinə avtomobilin təhvil verilməsi və hansı ünvanda olması barədə informasiya gedir. Sadaladığım məsələlərə görə, yaxın bir neçə ildə Azərbaycanda bu sistemin olacağına inanmıram. Bizdə belə bir sistemə ehtiyacın olub-olmaması da bir az sual altındadır. Bu dəqiqə şəhərdə ehtiyac olan ictimai nəqliyyat vasitəsi velosipeddir. “Avtomobil paylaşımı”ndansa, “velosiped paylaşımı”nı təbliğ etsək, daha yaxşı olar”, – deyə ekspert fikrini tamamlayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər