Azərbaycanda məişət zorakılığına məruz qalmış qadınlarla bağlı maraqlı ARAŞDIRMA

432

Müstəqil ekspert İsmayıl Kərimov və Simuzər Hüseynli Azərbaycanda məişət zorakılığına məruz qalmış qadınlarla bağlı sosioloji sorğu keçirib. 

sumqayitxeber.com sorğunun bir hissəsini təqdim edir:

Mövcud tədqiqatın əsas məqsədi məişət zorakılığına məruz qalmış qadınların depressiv vəziyyəti və ona təsir edən amillərin öyrənilməsindən ibarətdir. Son dövrlərdə qadınların məişət zorakılığına məruz qalma məsələləri ictimaiyyətin daha çox gündəmində olduğu məlumdur. Bununla bağlı istər hökümət səviyyəsində istərsə də vətəndaş cəmiyyəti təşkilatları çərçivəsində çoxlu tədbirlər həyata keçirilir və müzakirələr aparılır.  Bununla bağlı beynəlxalq təşkilatlar da müxtəlif statistik məlumatlar paylaşır.  Məişət zorakılığı anlayışının hal hazırkı çərçivəsinə nəzər yetirsək belə qənaətə gəlmək mümkündür ki, bu hal bütün ailələrdə az və ya çox dərəcədə mövcuddur. Bu isə müəyyən mənada depressiv vəziyyətə təsir edir ki, tədqiqatın da əsas məqsədi budur. Tədqiqat məişət zorakılığına məruz qalan qadınların depressiv vəziyyətinə təsir edən sosyal-demoqrafik göstəricilər, zorakılığın  miqyası və ailə daxili münasibətləri təsvir edən digər indikatorların rolunu öyrənməyə yönəlmişdir.

Anket sorğunun keçirilmə mühiti də cavabların daha real vəziyyəti əks etdirməsi  üçün uyğunlaşdırılmış, mövzunun özəl həyatla sıx əlaqəsi olduğu tam nəzərə alınaraq  tədqiqatçı ilə respondentin təkbaşına qaldığı bir mühitdə, anonim şəkildə üzbəüz intervü metodu ilə həyata keçirilmişdir. Ümumilikdə sorğu təxminən 1 ay ərzində həyata keçirilmişdir. Respondentlər əsasən 3 qrupa bölünmüşdür. Birinci qrup qadın sığıncaq mərkəzlərində məskunlaşan və reabilitasiya keçən qadınlar olmuşdur. Bu qadınlarla intervü “Təmiz Dünya” İctimai Birliyi tərəfindən yaradılan Qadın Sığınacaq Mərkəzində həyata keçirilmişdir. İkinci qrup isə Sumqayıt şəhərində məişət zorakılığından əziyyət çəkən qadınlara sosial və hüquqi xidmət həyata keçirən “Qadın Təşəbbüsü və Sosial Problemlərinə Həllinə Yardım” İctimai Birliyinə məişət zorakılığı ilə bağlı müraciət edən qadınlar olmuşdur. Üçüncü qrup isə Bakı şəhərində fəaliyət göstərən fərdi psixoloqlara müraciət edən qadınlar təşkil etmişdir. Bütün qruplar üzrə sorğu “üz üzə” metodu ilə həyata keçirilmişdir.

Tədqiqatda 61 dəyişən üzrə cavablar SPSS 32 proqramında yığılmış və müxtəlif statistik təhlillər aparılmışdır. Parametrik ölçü səviyyəsində olan dəyişənlər arasında sadə xətti regresiyya, çox dəyişənli (eyni zamanda çoxlu müstəqil dəyişən və bir asılı dəyişən) reqresiyya təhlili aparılaraq asılı dəyişən üzərində müstəqil dəyişənləri təsirinin riyazi modellə izahı aparılmışdır. Kategorik suallar qeyri-parametrik ölçü səviyyəsində olduğuna görə fərq testləri tətbiq edilmişdir. Fərq testlərində əsasən iki müstəqil qrup arasında T testi, ikidən artıq qruplarda isə ANOVA testi tətbiq edilərək müxtəlif kategorik qruplar arasında trendlər müəyyən olunmuşdur. Bütün statistik təhlillərdə asılı dəyişən depressiya şkalası olmuşdur. Depressiya şkalası  Azərbaycan mühitinə adaptasiya olmuş “Beck Depressiya Şkalası” əsasında hər bir respondentin cavablarına uyğun olaraq hesablanmışdır. Depressiya şkalası göstəricilərinə əsasən depressiv vəziyyətə görə qadınlar aşağıdakı 5 kategoriyaya bölünmüşdür:

  1. 0-9 bal: Depressiv simptomlar mövcud deyil
  2. 10-15 bal: Yüngül depressiya (subdepressiya)
  3. 16-19 bal: Orta dərəcədə depressiya
  4. 20-29 bal: Orta ağır dərəcədə depressiya
  5. 30-63 bal: Ağır depressiya

“Məişət zorakılığına məruz qalan qadınların demək olar ki hər 4-dən biri qeyri-rəsmi nigah statusunda olanlardır”

Tədqiqatda mövzunun nəzəri-metodoloji çərçivəsi müəyyən edilmiş, bu çərçivədə hipotezlər işlənilmiş və buna uyğun olaraq 61 dəyişən daxil edilmiş və tədqiqatın məqsəd və vəzifələrinə görə statistik təhlillər aparılmışdır. Tədqiqatda əsasən məişət zorakılığına məruz qalmış qadınların depressiv vəziyyətinə təsir edən amillər olduğu üçün həm məişət zorakılığı ilə digər dəyişənlər, həm də depressiya şkalası ilə təhlillər aparılmışdır.

Aparılan sorğunun nəticələrindən belə məlum olur ki, məişət zorakılığına məruz qalmış qadınların nigaha daxil olma üzrə ortalama yaşı ölkə üzrə göstəricidən ən az 4 yaş kiçikdir. Bu qrupda erkən nigah hallarına daha çox rast gəlmək mümkündür. Məişət zorakılığına məruz qalmış qadınların ailələrində gəlir səviyyəsi də çox aşağıdır. Belə ki ailədə fərd başına düşən gəlir ölkə göstəricisindən 40% aşağı olub, 84,7%-i ölkə üzrə ortalama göstəricidən aşağıdadır. Məişət zorakılığına məruz qalan qadınların demək olar ki hər 4-dən biri qeyri-rəsmi nigah statusunda olanlardır. Bu təbəqə orta hesabla 10 növ məişət zorakılığı halına rast gəlir. Məlum olmuşdur ki, məişət zorakılığından şikayət edən qadınların 71,7%-ndə depressiya ya orta ağır dərəcədə və ya ağır dərəcədədir. Dəyişənlər arasında statistik təhlillərə gəldikdə isə aşağıdakı nəticələr əldə edilmişdir.

“Sığınacaqda qalanlar daha az depressivdirlər.”

Hesab edirik ki, bunun səbəbi sığınacaqda qalanların sosial-psixoloji reabilitasiya keçməsidir. Bu reabilitasiya onların depressiv vəziyyətini yaxşılaşdırır və belə nəticəyə gəlmək mümkündür sığınacaq mərkəzləri qadınların reabilitasiyası üçün zəruri addımlar atırlar.

Təhsil səviyyəqsinə görə formalaşan qruplar arasında statistik mənada fərq mövcuddur. Amma bu ardıcıl artan və ya azalan bəlli bir trendi ifadə etmir. Yəni məsələn təhsil səviyyəsi artdıqca depressiyanın azalması trendində ardıcıllıq yoxdur. Hərçənd ən ağır depressiya ibtidai təhsillilərdə, ən azı isə bakalavr təhsili olanlarda görünsə də bu iki təhsil səviyyəsi arasında isə ardıcıl artma (azalma) mövcud deyil. Lakin ər və arvad arasındakı təhsil fərqi zorakılığı və depressiyanı artırır.

Məşğulluq qrupları arasında da ciddi fərq mövcud deyil. Qadınlarda işləyən qrupda depressiya şkalası azacıq da olsa aşağı olsa da bu fərq statistik mənada ciddi fərq hesab edilmir. Yəni qadınların işləyib işləməməsi onların depressiyasında ciddi fərq yaratmır.

“Maddi dəstək depressiya vəziyyətinin azalmasına xidmət etmir”.

Ailələrə sosial təminat mexanizmaları ilə maddi dəstəyin təhlilinə gəldikdə isə bunu müşahidə edirik ki, maddi dəstək depressiya vəziyyətinin azalmasına xidmət etmir. Belə ki təhlilərdə belə görünür ki, maddi dəstək almayan ailələrdə qadınlar daha az depressivdirlər. Maddi dəstəyi daha çox gəlir səviyyəsi aşağı olan ailələr alır. Belə nəticəyə gəlmək mümkündür ki, maddi dəstək ailələrin iqtisadi vəziyyətinə kömək etsə qadınların depressiv vəziyyətin yüngülləşməsinə heç bir təsir etmir.

Nigah statusuna görə də depressiyada fərq mövcuddur. Ən yüksək depressiya həddi boşanmışlar, daha sonra isə qeyri-rəsmi nigahda görünmüş, ən yüngül depressiya isə rəsmi nigahda olan və dul qadınlarda müşahidə edilmişdir.

Hamiləlik dövründə abort, düşmə, ölü doğum kimi faktorlar qadınların depressiyasında ciddi fərq yaratmamışdır.

Qadınların həyat yoldaşlarının yaxınları ilə yaşaması ilə həyat yoldaşı ilə ayrı evdə yaşama mühiti arasında depressiya vəziyyətinə təsir etmə baxımından ciddi fərq yoxdur. Hərçənd qadınların həyat yoldaşlarının yaxın qohumları birgə yaşayışı onların depressiyasını nisbətən artırsa da bu fərq statistik mənada əhəmiyyətli hesab edilmir.

“Ən yüksək göstərici ildə bir neçə dəfə olan zorakılıq qrupuna aiddir”.

Tədqiqatda məişət zorakılığı kimi tanınan 25 tipik davranışın depressiya üzərində təsiri öyrənilirkən belə müəyyən olunmuşdur ki, bu 25 davranışdan yalnız 7-i depressiv vəziyyətdə kəskin fərq yaradır. Ümumilikdə bütün 25 tipik davranışın hamısı depressiv vəziyyəti ağırlaşdırdığı halda 18 davranışda bu fərq ciddi hesab edilməmişdir. Qeyd edilən 7 davranışın 2-i fiziki zorakılıq, 3-ü sosial-psixoloji, 1-i cinsi zorakılıq və 1-i isə iqtisadi zorakılıq kategoriyasına aiddir. Zorakılığın intensivlik dərəcəsinə görə formalaşmış qruplar arasında da depressiya şkalası üzrə ciddi fərqlər mövcuddur. Lakin burada ardıcıl artan (azalan) dinamika yoxdur. Ən yüksək göstərici ildə bir neçə dəfə olan zorakılıq qrupuna aiddir. Eyni zamanda zorakılığın hansı mərhələdə başlaması da depressiyanın ağırlaşması və yüngülləşməsinə heç bir təsiri olmadığı müəyyənləşmişdir.

Qadınların həyat yoldaşlarının övladlarına qarşı zorakılığı qadınların depressiyasını ağırlaşdırır.

Parametrik təhlillərdə isə daha maraqlı nəticələr əldə edilmişdir.

Zorakılıq növünün sayı artdıqca qadınların depressiyası ağırlaşır. Zorakılıq növünün sayı depressiyaya 6,9% qədər təsir edir.

Qadınların yaşının az və ya çox olması  isə depressiya və zorakılıq növünə təsir etmir.

“Fərd başına düşən gəlir düşdükcə qadınların depressiyası ağırlaşır”.

Fərd başına düşən gəlir isə depressiya vəziyyətinə ən güclü təsir edən amildir. Belə ki, fərd başına düşən gəlir düşdükcə qadınların depressiyası ağırlaşır. Fərd başına düşən gəlir depressiya həddinə 12,9% qədər təsir edə bilir. Qeyd etmək lazımdır ki, fərd başına düşən gəlirin depressiya şkalazı üzərindəki təsirinin bir hissəsi zorakılıq növlərinin sayı dəyişəni üzərindən, digər hissəsi isə birbaşa həyata keçməkdədir. Yəni fərd başına düşən gəlirin depressiya üzərində təsiri məsələsində zorakılıq növlərinin sayı qismən vasitəçi dəyişən kimi çıxış edir.

Ər və arvad arasındakı yaş fərqi də depressiya üzərində 4,3% qədər təsiri mövcuddur. Yaş fərqi artdıqca qadınların depressiya həddi artır. Lakin burada yaş fərqinin depressiya üzərində təsiri yalnız zorakılıq növlərinin təsiri üzərindən həyata keçir. Yəni, burada zorakılıq növlərinin sayı tam vasitəçi dəyişən kimi çıxış edir. Yaş fərqi artdıqca depressiyanın təsir etməsinin səbəbi bu ola bilər ki, yaş artdıqca şəxslər arasında davranış dəyərləri və vərdişləri arasında kəskin fərq olsun ki, bu da onlar arasında münaqişələrin artmasına gətirib çıxarda bilər.

Zorakılıq növünün sayı, fərd başına düşən gəlir və ər-arvad arasında yaş fərqi dəyişənlərinin depressiya üzərində ümumi təsiri 18,9%-ə bərabərdir.

Ailə üzvlərinin sayı, nigah müddəti, nigah yaşları, zorakılıq müddəti, zorakılıq edən yaxın şəxslərin sayı nə zorakılıq növləri üzərində nə də depressiya üzərində hər hansı bir təsiri mövcud deyil.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər