Azərbaycanın Fransadakı səfirliyindən Sumqayıt hadisələrinin təşkilatçısı Qriqoryanla bağlı AÇIQLAMA

1579

“1988-ci ildə Sumqayıt hadisələrinin təşkilatçısı sayılan Eduard Qriqoryan hal-hazırda Fransanın Orleans şəhərində ailəsiylə birlikdə siyasi sığınacaq üçün müraciət edib. Bu informasiya bizə daxil olan kimi, dünən həmin şəhərə yola düşdük və məlumatı yerində  dəqiqləşdirdik”.

Modern.az xəbər verir ki, bu məlumatı Fransada yaşayan azərbaycanlı bloger Elnur Məcidli sosial şəbəkədə paylaşıb.

O bildirib ki, şahid ifadələrinə görə, Azərbaycan dilində kifayət qədər səlis danışan E.Qriqoryan öz keçmişiylə bağlı danışmaqdan qaçır, sığınacaq üçün də başqa bir adla müraciət edib.

E.Məcidli bu məsələdə Azərbaycanın Fransadakı səfirliyini laqeydlikdə günahlandırıb.

Modern.az saytı məsələ ilə bağlı Azərbaycanın Fransadakı səfirliyi ilə əlaqə saxlayıb.  Səfirlik Modern.az saytının sorğusunu cavablandırıb:

“Təəssüflə qeyd edirik ki, ölkəmizdə keçiriləcək  prezident seçkiləri öncəsi Avropada,  xüsusən də Fransada Azərbaycana qarşı kampaniya daha da geniş vüsət alıb. Sosial şəbəkə profilində heç bir fakta əsaslanmayan fikrin dəqiqləşdirmə aparılmadan tirajlanmasını təsadüf hesab etmirik.

Fransada Azərbaycan Respublikasının imicinə zərbə vurmaq məqsədilə həyata keçirilən bu kampaniyada erməni diasporu ilə Fransadan siyasi sığınacaq almış Azərbaycan Respublikası vətəndaşı statusu daşıyan şəxslər sinxron hərəkət edirlər.

Əminliklə bildiririk ki, 1988-ci ilin fevralında Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı Eduard Qriqoryan hər hansı bir məsələ ilə bağlı Səfirliyin Konsulluq şöbəsinə müraciət etməyib və ona tərəfimizdən konsulluq xidməti göstərilməyib.

Ölkə KİV-ni bu kimi məsələlərdə diqqətli olmağa və jurnalistikanın əsas prinsiplərinə əməl etməyə çağırırıq”.

Xatırladaq ki, Eduard Qriqoryan 1988-ci ilin fevralında Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısıdır. Onun “Sumqayıt qırğınları” proqramının icraçılarından ən fəalının olması şahid ifadələri əsasında sübut olunub. Həmin hadisələr zamanı öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür. Kütləvi iğtişaşlarda iştirak, zorlama, qətl, qarət, milli ədavətin qızışdırılması ittihamları ilə mühakimə olunan E.Qriyqoryana cəmi 12 il cəza verilib. SSRİ Prokurorluğu əsl həqiqəti ört-basdır edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər